Qəzalı mənzillərin sakinlərini köçürmək üçün ev tapılmır
Bizi izləyin

Qırmızı.az

Qəzalı mənzillərin sakinlərini köçürmək üçün ev tapılmır

Badamdar yaylası, Buxta küçəsi, 212 ünvanında yerləşən 6 məcburi köçkün ailəsinin yaşadığı bina hər an uçma təhlükəsi ilə üz-üzədir. Yağış və qarın yağması bina sakinlərinin vəziyyətini bir az da çətinləşdirib. Divarlardakı çatlar daha da dərinləşib.

Səbail Rayon İcra Hakimiyyətindən Publika.az-a bildirdilər ki, binanın qəzalı vəziyyətdə olmasından xəbərdardırlar.

“O, yarımçıq bina idi, orada ancaq məcburi köçkünlər yaşayır. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı bizə məlumat verilib. Uzun müddətdir bina həmin vəziyyətdədir. Biz də bu barədə bir neçə dəfə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat vermişik. 6 ailənin yaşayış yeri ilə təmin edilməsi onların səlahiyyətindədir. Yəqin ki, məsələyə qısa zamanda baxılacaq”.

Problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) ilə əlaqə saxlamağa çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun Publika.az-a bildirdiyinə görə, hazırda evləri qəzalı vəziyyətdə olan ailələri köçürmək üçün boş mənzil yoxdur:

“Boş mənzilimiz yoxdur, amma hazırda oradakı vəziyyətlə bağlı müvafiq qurumlarla müzakirələr aparılır. Onların köçürülməsiylə bağlı konkret vaxt deyə bilmərəm. Ailələri bu dəqiqə köçürmək üçün boş mənzil yoxdur”.

Qeyd edək ki, sonuncu dəfə qarın yağmasından sonra ərazidə mənzillərin arxasında yerləşən divar bir qədər də sürüşüb. Nəticədə mənzildə yaşayan sakinlər hər an ölüm təhlükəsilə üz-üzə qalıblar. Evlərdə çatlar daha da dərinləşib. Yağış-qar yağanda isə vəziyyət daha da acınacaqlı olur. Çatlardan su evlərin içərisinə axır. Artıq ərazidə qalmaq sakinlər üçün əsl təhlükədir. Sakinlərə isə ümid etmək qalır.

Gülxar

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm