“Həkimlər mənə baxmaqdan qorxur, ərim məni bədbəxt etdi” – ŞOK OLAY
Bizi izləyin

Qırmızı.az

“Həkimlər mənə baxmaqdan qorxur, ərim məni bədbəxt etdi” – ŞOK OLAY

Bu həyatda yaşadıqlarımızın alın yazısıdır, yoxsa öz seçimimiz? Hərənin öz mülahizəsi var bu məsələdə. Amma bəzən kaş belə etməzdim, bilsəydim bu yolu seçməzdim deyirik. Zaman isə geri qayıtmır. Müsahibimlə təxminən 40 dəqiqəlik söhbət zamanı dəfələrlə bu sözləri - “bilsəydim”, “məlumatım olsa idi” - təkrarladı.

Amma gecdir. 27 yaşında QİÇS xəstəsidir. Ən dəhşətlisi 7 yaşlı qızı da onunla eyni taleyi bölüşür. Onları bu xəstəliyə yoluxduran insan isə onları tək buraxıb. Bütün bunlara baxmayaraq, o, ayaqda qalmağa çalışır. Əslində, ilk baxışda heç xəstəyə oxşamır, küçədə görsəm, xəstə olduğu ağlıma gəlməz. Bunun səbəbini yazının sonunda öyrənəcəyik.

Publika.az həyat yoldaşı tərəfindən QİÇS-ə yoluxmuş qadının həyat hekayəsini təqdim edir.

Adının açıqlanmasını, şəklinin çəkilməsini istəmir. Bu şərtlərindən sonra söhbətə başlayır. Peşmandır - yaşadıqlarına, seçiminə, bilgisizliyinə görə.

“Evlilikdən əvvəl müayinədən keçmək mütləqdir. Arada nə qədər sevgi, hörmət olsa da, risk etməyə dəyməz. Hətta xəstə biri ilə evlənmək istəyən biri özünün, övladlarının yoluxmaması üçün lazımi tədbirlər görə bilər. Amma mən bunu etmədim. Bu heç vaxt ağlıma gəlməzdi. Düzünü desəm, əvvəllər QİÇS-in nə olduğunu tam bilmirdim. Nə orta məktəbdə, nə də ali məktəbdə oxuyanda bu barədə eşitmişdim. İndi çox yerdə bu barədə məlumat öyrənmək olar. Amma 7 il əvvəl rayon yerində bu xəstəlik haqqında çox adam bilmirdi”,- deyə söhbətə başlayır.

Təsadüfi cinsi əlaqədən yoluxmuşdu

Müsahibim deyir ki, bəlkə də, evliliyə qədərki vaxt çox olsa idi, yoldaşında xəstəliyin əlamətlərini hiss edə bilərdi.

“Evliliyimiz bir anda oldu. O, məni görüb bəyənmişdi. Onda hələ tələbə idim. Onu çox da tanımaq imkanım yox idi. Elçilikdən qısa müddət sonra evləndik. Bəlkə, arada vaxt olsaydı, onu daha çox tanıya bilərdim. Ən azı pis vərdişlərini görərdim. Gənc olanda insanlar çox səhv edir, mənim də ən böyük səhvim onu yaxşı tanımadan evlənməyim oldu. Onun xasiyyətinə, kimliyinə bələd olmadan ailə qurmuşam. Onun narkotikdən istifadə etdiyini düşünmürəm. Yəqin ki, təsadüfi cinsi əlaqə ilə yoluxub. Amma evliliyimizdən bir müddət sonra artıq onda xəstəliyin əlamətləri hiss olunurdu. Gecələr tez-tez tərləyirdi. Temperaturu yüksək olurdu, ağciyərinə su gəlmişdi. Elə düşünürdüm ki, bu, soyuqdəymənin nəticəsidir. Xəstəlik barədə məlumatım olsa idi, xəstəliyin əlamətlərindən daha tez başa düşərdim”.

Axı xəstə idimsə, niyə ağrılarım yox idi?

Xəstəliyi aşkarlananda qızının 4, özünün 25 yaşı olub.

“Ağrılarım olurdu. Genekoloji müayinə nəticəsində təsadüfən QİÇS olduğum aşkarlandı. Həkimlər əlamətlərdən şübhələnib, qan analizi götürdülər. Həkimlər analiz nəticəsini deyəndə sanki dünya başıma çökdü. Çox aqressiv reaksiya verdim, qəbul etmədim. “Xəstə idimsə, niyə ağrılarım yox idi?” deyə düşünürdüm. Anam yanımda idi. Heç nə dərk edə bilmirdim. Xəstəlik haqqında heç nə bilmədiyimə görə, necə yoluxduğumu başa düşmürdüm. Həmin gündən ancaq yadımda qalan həkimlərin xəstəliyə yoldaşımdan yoluxduğum və qızımın da xəstə olduğu barədə dedikləri sözlər oldu. Oradan evə gəlməyimiz, sonra QİÇS mərkəzinə getməyimiz ağlımda deyil. Yenidən müayinə edildim və xəstə olduğumu təsdiqlədilər. QİÇS yox, xəstəliyi SPİD kimi tanıyırdım. SPİD deyəndə ilk ağlıma gələn öləcəyim oldu. Çox ağır depressiyaya düşdüm. Ailəmdən, yaxınlarımdan, övladımdan uzaqlaşdım”.

Yoldaşım müalicəyə razı olmurdu

Hər kəsdən uzaqlaşan müsahibimin ən çox ehtiyacı olduğu şəxs isə onu xəstəliyə yoluxduran yoldaşı idi. Çünki onu, yaşadıqlarını ancaq eyni xəstəliyi daşıyan həyat yoldaşı anlaya bilərdi. Ancaq bu məqamda xəstəliyə yoluxmasına səbəb olan şəxs onu təkbaşına qoyur.

“Xəstəliyi yoldaşıma deyəndə nə özünün, nə də mənim xəstə olduğumu qəbul etdi. Həkimlərin səhv etdiyini dedi. Lakin mən narkotik istifadəçisi deyildim, təsadüfi cinsi əlaqədə də olmamışdım. Yəni yoldaşımdan yoluxmağımdan başqa variant yox idi”.

Ancaq həyat yoldaşı bununla kifayətlənmir. O, nəinki xəstə olduğunu qəbul edirdi, hətta müalicə almağa da icazə vermirdi. Xəstəlik onların immunitetini hər gün bir az məhv edərkən yoldaşı ana və qızını həkimə getməkdən məhrum edir.

“Yoldaşımın həkimə getməyimə icazə verməməsi bir tərəfə, bizi xəstəliklə baş-başa qoyması depressiyamı bir az da artırırdı. O, xəstəliyi biləndən sonra bizi tərk etdi. Rəsmi olaraq boşanmasaq da, aylarla evə gəlmirdi, Rusiyaya, Tükiyəyə gedirdi. Əvvəllərdə iş üçün xaricə gedirdi, amma bu qədər uzun müddətli olmurdu. Hər dəfə geri qayıdanda müalicə almaq istədiyimi deyirdim. Amma o qəbul etmirdi. Yoldaşım xaricdə olanda ondan xəbərsiz bir dəfə müalicə aldım. Həmin dövrdə də oğlum oldu”.

İkinci uşağına hamilə qalanda QİÇS xəstəsi olsa da, onu dünyaya gətirməkdə tərəddüd etmir.

“Çünki həmin dövrdə həkim nəzarətində oldum. Virusun uşağa keçməməsi üçün iynələr vurdular. İndi oğlum tam sağlamdır. Amma virus daşıyıcısı olan birinin uşaq dünyaya gətirməsi risklidir. Hamıya məsləhət görə bilmərəm. Lakin mən risk etdim.. Bəlkə də, hamilə vaxtı bu xəstəlik aşkarlansaydı, qızım xəstə olmazdı. Çünki xəstə vaxtı oğluma hamilə qaldım, həkim nəzarətində olduğuma görə xəstə olmadı”.

Oğlu olandan sonra yenidən müalicəsini dayandıran müsahibimin vəziyyəti bu dəfə daha da ağırlaşır. Müalicəni dayandırmaq ölümə yaxınlaşmaq demək idi. Yoldaşının məcburiyyəti ilə bu addımı atan müsahibim sonun belə olacağını heç vaxt ağlına gətirməyib. İlk dəfə qeydiyyata alınandan həkimlər ona mütləq müalicə almasını tövsiyə edir. Lakin müalicə könüllü olduğundan heç kim onu məcbur edə bilmir. Yoldaşı isə ona müalicə ilə bağlı qadağalar tətbiq edir. Yoldaşının bu mövqeyinin doğru olmadığını bilsə də, ona qarşı çıxa bilmir. Səbəb isə özünün dediyi kimi, mentalitetdir.

“Axı rayon yerində yoldaşımın sözündən çıxıb müalicə olmağım düzgün deyildi. Amma müalicə almaq mənim haqqım idi, heç kim qarışa bilməzdi. Yoldaşım dəfələrlə analiz vermişdi, hər dəfə də xəstəlik aşkarlanırdı. Amma nə xəstəliyi, nə də müalicə almağı qəbul edirdi. Vəziyyəti gündən-günə pisləşirdi, başında şiş yaranmışdı”.

Həkimlər QİÇS-li xəstəyə baxmaqdan çəkinir

Müsahibim deyir ki, bu vaxta qədər yaşadıqlarının əsas səbəbi xəstəlik barədə məlumatsız olmasıdır.

“Xəstəliyin xüsusiyyətini bilsəydim, qızımdakı əlamətlərdən hiss edə bilərdim. Çünki qızım doğulandan sonra tez-tez limfa, qulaqdibi, qoltuqaltı vəzi şişirdi. Bu, şübhələnmək üçün ən böyük əlamətdir. Elə düşünürdüm ki, bu, soyuqdəymədəndir. Müalicə ilə bir müddət xəstəlik sağalırdı, sonra yenidən yaranırdı. Əslində, həkimlər qızımdakı bu əlamətlərdən şübhələnməli idilər. Onların məlumatsızlığı bir tərəfə, digər sahələr üzrə həkimlər bizim kimi xəstələri müayinə etmək istəmir. Genekoloqlar bu xəstələrə baxmaqdan çəkinir. Çünki yoluxacaqlarından qorxurlar. Bu xəstələri əməliyyata, doğuşa qəbul etmək istəmirlər. Bunun xəstə üçün nə qədər çətin bir hal olduğunu başa düşmürlər”.

Qohumlarla əlaqəni kəsdim

Ancaq təkcə yadlar deyil, müsahibim yaxınlarından da eyni münasibəti görür. Xəstəliyi ilk dəfə ancaq ən yaxınlarına desə də, zamanla bu xəbər bütün qohumlar arasında yayılır. Lakin insanlara xəstəliyi başa salmaq heç də asan olmur.

“Qohumlarım məndən çəkinirdi. Onları qınamıram, mən özüm də özümdən çəkinirdim. İnsanlardan uzaqlaşırdım. Yaxınlarımı qucaqlamaq belə istəmirdim, qorxurdum ki, onları da yoluxduraram. Çünki xəstəlik barədə məlumatsız idim. Mən xəstəliyim barədə insanlara deməkdən qorxmurdum. Amma insanların münasibətini görəndə pis olurdum. Heç kim mənə pis söz demirdi, sadəcə, davranışlardan onların düşüncələrini hiss edirdim. Məsələn, qohumlarım evlərində mənim üçün ayrıca boşqab, stəkan, qaşıq ayırmışdılar. Hər dəfə qonaq gedəndə “bunlar sənindir, gələndə bu boşqabdan istifadə edərsən” deyirdilər. İçimdə pis olurdum, amma qınamırdım. Axı mən özüm də məlumatsız idim, bəlkə, başqası olsa idi, mən də eyni münasibəti göstərəcəkdim. Artıq qohumlarımdan əlaqəni kəsməyə başlamışdım, çünki hər dəfə o sözləri eşitmək mənə çox ağır idi. Zamanla bu problem aradan qalxdı. Amma bu, hər kəsə nəsib olmur, ona görə də, xəstələr vəziyyətlərini gizlətməli olurlar”.

İnsanlardan uzaqlaşsa da, xəstəlik hər gün onun bədənində daha dərin kök salır. Müalicə almadığına görə, pnevmaniya olur, bir ay reanimasiyada qalır.

“Artıq ağciyərlərim funksiyasını tamamilə itirmişdi. Ona görə müalicəmi Türkiyədə davam etdirməli oldum. Orada bir ay reanimasiyada qaldım. Həmin vaxtda qızımın da vəziyyəti pisləşmişdi. Amma o, burada müalicə olundu. Komada olsam da, ətrafımda danışılanları hiss edirdim. Həmin müddətdə qohumlarım bir an belə ailəmi tək qoymadı”.

Onu sevirdim

Qohumlarından fərqli olaraq, həyat yoldaşı həmin müddətdə nə onun, nə də qızının vəziyyəti ilə maraqlanır. Bu da aralarında yaranmış problemləri daha da kəskinləşdirir.

“Məni və qızımı xəstəliyə yoluxdurmasına görə onu heç vaxt qınamamışdım. Nə qədər çətin günlər keçirsək də, bizi müalicəyə qoymasa da, onun günahkar olmasını dilimə gətirməmişdim. Çünki onu sevirdim. Bir ailə idik, problem varsa, birlikdə həll edə bilərdik. Amma o, belə düşünmürdü, bizi xəstəliyə yoluxdurması bir tərəfə, müalicəyə qoymaması mənə çox pis gəlirdi. O, bilə-bilə qızımın və mənim əzab çəkməyimizə razı olurdu. Bizi ölümə məhkum edirdi. Bunu bağışlaya bilməzdim. O, xəstəlik barədə danışmağımı belə istəmirdi. Çünki rayonun balaca yer olduğunu və insanların bunu bilməsini rüsvayçılıq hesab edirdi. Bütün bu yaşadıqlarımdan sonra ayrılmağa qərar verdim”.

Müsahibim boşanandan sonra valideynləri ilə birlikdə Bakıya gəlir və burada yaşayır. İndi iki övladına təkbaşına baxır. İxtisasca psixoloq olan müsahibim indi xəstəlik aşkarlanan insanlara psixoloji dəstək göstərir. Özünün yaşadığı çətinlikləri başqalarının da yaşamaması üçün onlara yardım edir. Bu günü və gələcəyini övladlarına həsr edən müsahibim üçün ən çətin məqam qızına xəstəliyini izah etməkdir. Hələ ki 7 yaşlı qızına hər gün dərman atmasının əsas səbəbini açıqlamayıb. Zamanın çatmasını gözləyir.

“Qızım hər gün vaxtında dərmanını qəbul edir. O, pnevmoniya olanda suçiçəyi də keçirmişdi. İndi elə düşünür ki, dərmanları suçiçəyi olduğuna görə içir. Amma bir tərəfdən də evdə QİÇS-lə bağlı broşurlar var. Onlara baxır, maraqlanır. Zamanı çatanda ona başa düşə biləcəyi dillə xəstəliyini izah edəcəm. Hələ ki onun yaşında biri üçün xəstəliyi dərk etmək çox çətindir”.

Bütün bu yaşadıqlarından sonra yenə də yoldaşına nifrət etmir. Sadəcə "taledir" deyib keçir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm