Rəssam: “Adamlar əvvəlcə saqqalıma, sonra şalvarıma baxır, vəhhabi olduğumu düşünürlər” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Rəssam: “Adamlar əvvəlcə saqqalıma, sonra şalvarıma baxır, vəhhabi olduğumu düşünürlər” - FOTOLAR

Rəssamlıq insan duyğularının rənglərin dili ilə ifadəsidir. Rəssam firça vasitəsilə danışır, söhbət edir. Bəzən qalın bir kitabın aşıladığı hissi, duyğunu balaca bir tablo daha yaxşı əks etdirir. Rəssam üçün həyatda hər şeyin öz rəngi var - dostluğun, nifrətin, sevginin...

Emalatxanaya daxil olan andan özümü sehirli aləmdə - nağıllar aləmində hiss elədim. Tablolar, rənglərin harmoniyası, onların qabartdığı hisslər, duyğular...

Buradakı hər tabloda həyatımızın ən adi anları, ən sadə həqiqətləri əks olunub. Biz rəssamın yaratdığı tablolarda təsvir olunan hissləri hər an yaşayırıq, bəlkə də, fərqinə varmadan keçirik. Amma sənətkarın böyüklüyü ondadır ki, o, hamımızın görüb-görmədiyi şeyləri duya bilir.

Budəfəki müsahibim rənglərlə danışan, söhbət edən, onların dilini anlayan rəssam Fəxri Abbasovdur. 1986-ci ildə Bakıda doğulan rəssam 6 yaşından rəsmlər çəkməyə başlayıb.

Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsini bitirib.
2009-cu ildən Rəssamlar İttifaqının üzvüdür.


Publika.az rəssamla müsahibəni təqdim edir.

- İnsan naturasında rəssamı cəlb edən nədir?

- İnsan naturasında məni nəsə cəlb etməlidir ki, çəkə bilim. Məsələn, gözəl bir qız. Deyim ki, hər gözəl qız da rəssamı cəlb eləmir. Ola bilər ki, o qədər də gözəl deyil, amma onda hansısa bir baxış maraqlı gəlsin. Bəzən hansısa element – boyun, əllər, gözlər, saçlar, hətta kifir olsa belə, nəsə bir detal rəssamı cəlb edir və bunu çəkmək istəyirəm. Amma olur ki, hansısa bir gözəl qız gəlib özü deyir ki, məni çək, buna o qədər də həvəslə yanaşmırsan, vaxt ayırmaq istəmirsən. Gözəllik nisbidir, bəzən detallarda gizlənir və rəssam insanda həmin o gizli gözəlliyi görə və çatdıra bilməlidir.

- Belə deyirlər ki, rəssamı çılpaq çəkdiyi qadınların bədəni yox, ruhu maraqlandırır.

- Təbii ki, belədir. Altı il akademiyada oxuduğum müddətdə 100-ə yaxın natura işləmişəm, hamısı da çılpaq. Hansı naturanı verirlər, onu da çəkirsən. Bu, qaydadır. Burada söhbət çılpaqlıqdan getmir. Amma söhbət fərdi yaradıcılıqdan gedirsə, təbii ki, qadın mütləq rəssamı cəlb etməlidir. Ya ruhu, ya xasiyyəti... Bunun üçün onu tanımalısan. Modilyaninin filmində də belə bir ifadə var, deyir, “Sənin gözlərini ruhunu tanıyandan sonra çəkəcəyəm”.

- Belə çıxır ki, sizin bütün naturaçılarınız tanıdığınız qadınlardır?

- Bəli. Akademiyanı bitirdikdən sonra sırf öz yaradıcılığım üçün natura işləyirəmsə, obyekti tanıyıram. Və ya tanımağa çalışıb, sonra işləyirəm.

- Naturaçılar müəyyən qonorar alırlar. Eşitdiyimizə görə, bu məbləğ az olduğundan, naturaçı kimi müraciət edənlərin sayı çox deyil, əksəriyyəti isə bomjlar təşkil edir.

- Xeyr. Onların aldıqları məvacib az deyil. Əvvəl 200-300 alırdılarsa, indi bu məbləğ artıq 400-500 manatdır. Çılpaq şəkil çəkdirən naturaçıların bir saatı 5 manatdır. Hər halda, bura Azərbaycandır, islam ölkəsidir. Təbii ki, çoxu razı olmaz ki, çılpaq dursun, onu çəksinlər. Amma mən orada bomj görməmişəm. Sadəcə, çox az adam buna razı olur. Əlbəttə, naturaçılıq edənlərin əksəriyyəti bura ehtiyac üzündən gəlir. Bizdə əksər naturaçılar alt paltarını soyunmurlar. Xarici ölkələrdə tamamilə çılpaq naturaçıların olması adi haldır. Bəzən naturadan rəsm çəkdiyimi biləndə təəccüblə soruşurlar ki, naturaçı soyunub dayanır sənin qarşında? Hətta and da içməli də oluruq ki, onlar bizim üçün naturaçıdırlar. Bizə demirlər ki, qadının sinəsi belədir, bizə deyirlər ki, bax burada yaxşı rənglər vurmusan, ya rəngi yerində oturtmusan.

- Bəs naturaçıların yaş həddi necədir?

- Mən Akademiyaya girəndə - daha çox 2004-2006-cı illərdə naturaçılar orta yaşlılar və yaşlılar idi. Cavanlar isə azlıq təşkil edirdi. Amma getdikcə onların sayı artır. Hətta indi gələnlər arasında 18-19 yaşlı qızlar çoxluq təşkil edir.

- Qadın naturaçılar çoxdur, yoxsa kişilər?

- Demək olar ki, onların sayı bərabərdir. Yaşlılar da var. Gedirsən natura şöbəsinə, sənə bir dəstə şəkil göstərirlər, hansını istəyirsən seç. Özümüz seçirik. Bəzən birinci kursda tələbələr üçün müəllim seçim edir. Çox zaman isə gözəlləri seçilir, qalır artıqları (gülür). Seçəndə də öz zövqünə görə seçirsən. Məsələn, iki seans qadınla işləmisənsə, bir seans da kişi ilə işləyirsən. Mən sırf qadınları çəkmək üçün orada oxumuram axı. Həm qadın bədənini, həm kişi bədənini, həm də yaşlını öyrənməliyəm

- Naturaçılarla işləməyiniz ailədə problem yaratmır ki?

- Qlobal problemdir. (gülür) Mən hələ evli deyiləm. Normalda olur belə şeylər. Əgər Azərbaycanda yaşayırıqsa, söhbət Azərbaycan qadınından gedirsə, qısqanclıq olur.

- Yəni doğrudan da, rəssamın həyat yoldaşı olmaq çətindir?

- Deyərdim ki, hə.

- Naturaçını paltarsız təsvir etmək asandı, yoxsa paltarla?

-Təbii ki, paltarla. Çılpaq bədəni təsvir eləmək çox çətindir. Çünki heç biri bir-birinə oxşamır. Hər bədənin rəngi fərqlidir. Bədənin rəngini almaq üçün bəzən saatlarla vaxt tələb olunur.

- Naturadan çəkən rəssamlar çoxdur?

- Hamı Akademiyada oxuyarkən natura çəkir. Amma sonradan yaradıcılığını natura üzərində quran rəssamlar azdır.

- Sizdə ən çox hansı sahəyə maraq var? Daha çox nə çəkirsiniz?

- Mən mənzərə rəsmləri işləmirəm. Daha çox beynimə hansı konsepsiya gəlirsə, onu tamamlamağa çalışıram. Mən ötən ilin mart-aprel aylarından simalar üzərində işləyirəm. Simalar xarakter və hisslər baxımından çox maraqlıdır. Bu ayın ortalarında sərgimiz olmalıdır. Bu konsepsiyanı tamamlayıram. Sonra nə olacaq, deyə bilmərəm.

- Bu konsepsiya necə yarandı?

- Hər şey içdən gəldi. Hansısa bir hadisə baş verəndə insanların üzündə olan emosiya, cizgilər, qorxu, qəzəb – bax bunlar mənə çox maraqlıdır. Bu əsərlər hamıya vahiməli gəlir, amma burada təkcə qorxu hissi deyil.

- Olubmu ki, hansısa əsəri çəkib, sonra kiminsə sözüylə onu dəyişəsiniz? Yəni rəsm çəkəndə kiminsə fikrini nəzərə alırsınız?

- Sırf özüm işləyirəm. Amma təbii ki, ətrafdan mənim ağlıma gəlməyən elə bir söz deyilə bilər ki, onu öz fikirlərimə əlavə edərəm. Söhbət təkcə şəkildən getmir, həm də həyatdan gedir. Ümumiyyətlə, həvəs daxildən gəlməlidir. Rəssamlıq əgər içdən gəlmirsə, oturub nəyinsə üzünü köçürə bilərsən, amma özün nəsə yarada bilməzsən.

- Tarixdə elə rəssamlar olub ki, ailəsini atıb, bir guşəyə çəkilərək tək yaşayıb-yaradıblar. Yəni incəsənətə belə qarşısıalınmaz həvəs nədən qaynaqlanır?

- Yox, burada söhbət həvəsdən getmir. Mən qəbul eləmirəm ki, kimsə rəssamlığa görə ailəsini atsın. Məsələn, mən burada oturub işləyirəm. Əgər mənim yanımda sevdiyim insanlar varsa, niyə mən narahat olmalıyam ki? Deyirəm ki, məni 2-3 saat narahat eləməyin, onlar da anlayırlar. Siz dediyiniz məqam bir neçə əsr əvvələ aiddir. Bu dövrdə bir az fərqlidir. Yaşamaq istəyirsənsə, zamanla da ayaqlaşmalısan.

- Peşəkar olmaq üçün neçə yaşından rəsm çəkməyə başlamaq lazımdır?

- Mən 6 yaşımdan başlamışam, valideynlərim də gördülər ki, həvəsim var, dərnəyə yazdırdılar. Mən dərnəkdə olduğum müddətdə ora, bəlkə də, 300-500 nəfər gəlib-gedib. Mən isə 6 il orada məşğul oldum. Sonra Rəssamlıq Akademiyasına imtahan vermişəm və iki dəfə kəsilsəm də, ruhdan düşməyib, sonda qəbul olunmuşam. Məhz orada oxumaq istəmişəm, çünki başqa yer mənlik deyil. Amma bu sahədə yaşın əhəmiyyəti yoxdur. Məsələn, məşhur rəssam Van Qoqu götürək, 31 yaşında rəssamlığa başlayıb, 38 yaşında dünyasını dəyişib. Cəmi 7 il ərzində yaratdıqlarına görə, o, bütün dünyada məşhurdur. Yəni, həvəs birinə 6 yaşında, birinə 30 yaşında gələ bilər.

- Əsərlərinizi satırsınız?

- Təbii ki.

- Ən baha satdığınız əsəriniz neçəyə olub?

- Onu demək istəmirəm.

- Bəs məcburiyyət qarşısında qalıb satdığınız əsərləriniz olub?

- Bilirsiniz, indi Azərbaycanda olan sifarişçilərin rəssamlıqdan, demək olar ki, anlayışı yoxdur. Çoxu da “xaltura” istəyir. Məsələn, deyirlər ki, bu mənzərəni mənim üçün köçür. Soruşuram ki, əgər onun üzünü köçürmək istəyirsənsə, çap elə, vur da divara. Cavabları bu olur ki, yox, mən əl işi istəyirəm. Əksəriyyət belədir. Yaradıcılığa qiymət verən azdır. Çox təəssüf ki, bunların da çoxu xaricilərdir - onlar əsərin dəyərini bilirlər.

- Bəs olur ki, satdığınız əsərlərin yenidən eynisini çəkəsiniz?

- Yox, bir dəfə çəkdiyim əsəri ikinci dəfə çəkmirəm.

- Çılpaq rəsmlərə tələbat çoxdur?

- Yox, demək olar ki, bu əsərlər alınmır. Rəssam belə əsərləri sırf öz yaradıcılığı üçün, öz tərzində işləyir. Əgər bu tərz kimisə cəlb edərsə, o alır. Məsələn, mən satmaq üçün işləmirəm, bu, içimdən gəlir. Fərq etmir, kətana, kağıza, ya stolun üstündə təsadüfən gördüyüm salfetə də köçürə bilərəm. Nə vaxtsa bir müştəri çıxsa, verə bilərəm. Bir rəssam belə bir sözü var: “Mən öz əsərlərimi sizə müvəqqəti verirəm, saxlamaq üçün”. Müvəqqəti kimdəsə qalır, sonra nə vaxtsa muzeyə gedir. Təbii ki, rəssamın əsəri yayılsa, daha yaxşı olar, onun emalatxanada qalmasının nə mənası? Qalereyadan mənə verilən məlumata görə, əsərlərimi alıb xaricə aparanlar çoxdur. Əsasən mənzərə, portret istəyirlər, ümumiyyətlə, realizm janrında daha çox sifariş verirlər. İndi daha çox başqa janrlar dəbdədir. Özünüz də fikir verin, indi heç kim evini klassik üslubda təmir eləmir. Modern, avanqard tərzə üstünlük verirlər. Demək, insanların baxışı dəyişib. Rəssamlıqda da baxış dəyişməlidir. Klassik əsər çəksən, Rembrandtdan artıq nəsə edə biləcəksənmi?..

- Deyirlər, bir insanın, bir də atın rəsmini çəkmək çətindir.

- Hə, at çətin yox, mürəkkəbdir. Çünki şahə qalxır və düşür. Çevikdir, hər tərpənişdə insandakı kimi bütün əzələlərin vəziyyəti dəyişir. Pozanı tutmalısan. Burada həm müşahidə, həm də təcrübə tələb olunur.

- Rəssamların bir sıra qəribəlikləri olur...

- “Rəssamların qəribəlikləri olur” demək bir az pis çıxır. Sanki rəssamamsa, bunu kənardakılara göstərmək üçün nəsə qəribə şeylər eləməliyəm. Belə deyil, sadəcə, rəssamlar qəribə adamlardır deyə bu sahəni seçirlər. Təbii ki, rəssamın gördüyünü adi insan görməyəcək. İncəsənətlə bağlı olan insan üçün kənar baxışlar o qədər də əhəmiyyətli deyil. Məsələn, mənə sual verirlər ki, niyə saqqal saxlayırsan? Cavab tapa bilmirəm. Bu, içdən gələn bir şeydir. Sırf rəssamam deyə saqqal saxlamıram, deyim ki, qırxmağa vaxtım yoxdu, bu da deyil. Artıq öyrəşmişəm, küçədə gedərkən adamlar əvvəlcə saqqalıma, sonra şalvarıma baxır. Vəhhabi olduğumu düşünürlər (gülür).

- İnsanları necə görürsünüz? Bəzi rəssamlar insanları yumru şar kimi təsəvvür edir, bəziləri ruh kimi. Sizdə necədir?

- Akademiyada bir rəssam vardı, ondan şeytanla bağlı bir əsər istəmişdilər. O, şeytanı qara kvadrat şəklində ifadə eləmişdi. Müəlliflə razılaşmadılar ki, belə şeytan olar? O cavab verdi ki, məgər siz şeytanı görmüşünüz? Siz elə təsəvvür edirsiniz, mən də belə. Mən də, necə deyim, insanları elə olduqları kimi görürəm.

- Belə deyirlər ki, yaradıcılıq dərdin, kədərin məhsuludur. Məgər xoşbəxt olanda nəsə yaratmaq olmur?

- Olar. Mən əsəbiləşəndə də əsər çəkmişəm, amma həmin aqressiya əsərdə hiss olunub. Qara rəngli əsərlərim 2009-cu ildə çəkilib. O zaman ciddi problemlərim var idi. Amma indi daha rəngli əsərlər çəkirəm. Bu, insanın xarakterindən, həyat tərzindən asılıdır. Sevinclisənsə, heç vaxt müharibə rəsmi işləyə bilməzsən. Əhvalın olmayanda da sevincli bir əsər işləyə bilməzsən. Çünki işin adı ilə koloriti uyğun gəlməlidir. Müharibədə qırmızı, yaşıl, mavi və s. tonları işləyə bilmərəm. Burada çirkli rənglər – qara, göy və sair işlənir. Baxan kimi müharibə ab-havası hiss olunmalıdır.

- Elə bir əsəriniz varmı ki, onu hamıdan çox istəyirsiniz?

- Var. Bu, bir neçə il öncə çəkdiyim “Göndərilməmiş məktublar” əsəridir. Bu əsər mənə daha doğmadır.

- Hansı rənglərə üstünlük verirsiniz? Özünüzü bir rənglə ifadə edin desələr...

- Hər rəng öz yerində gözəldir. Qırmızını özümə daha yaxın hesab edirəm. Qırmızını seçərdim. Səbəbini bilmirəm, bəlkə də, iki ildən sonra sarı rəngi daha çox sevəcəyəm... Rəssamlıq bir az qəribə sənətdir. Bu gün dünyanın ən varlı adamısan, sabah hamıdan kasıbsan. Bir gün kabab yeyirsən, sabah qəpiyi-qəpiyin üstünə qoyub, kolbasadan-filandan alıb yeyirik. Yəni bir gün siqaretimiz olur, bir gün olmur. Mən şəxsən maaşa işləyə bilmərəm. İşləmişəm, dözməyib üç aydan sonra çıxmışam. Normal insanın arzuladığı 1000 manat maaşdan imtina eləmişəm. Olub ki, bir aya 5 min manat qazanmışam, olub ki, heç nə qazanmamışam. Yəni stabil bir şey yoxdur. Yaradıcılıq elədir ki, əgər sənə gəldisə, gecə də durub çəkməlisən...Bu gecə saat 5-də yatmışam. Səhərə kimi işləmişəm. Gündüzlər çox vaxt işləmirəm, demək olar ki, gecələr işləyirəm.

- İşdən başqa məşğuliyyətlərə vaxt ayıra bilirsiniz?

- Çalışıram ki, ayırım. Çünki iki-üç gün işlədikdən sonra emalatxanadan çıxıram, gedirəm. Gedirəm ki, yenidən qayıda bilim.

- Heç “xaltura” edirsiniz?

- Təbii ki. Onu eləməyən rəssam yoxdur.

- Bəzən alıcılar çəkdiyiniz əsərləri anlamırlar, qiyməti endirməyə çalışırlar. Onda nə edirsiniz?

- Çalışıram mümkün qədər qiyməti salmayım. Heç kimə izah eləmirəm ki, bunun rənginə bu qədər pul vermişəm. Bir dəfə Modilyaninin yanına bir sifarişçi gəlir. Sifarişçi ana qızını gətirib onun şəklini çəkdirir. Yarım saata şəkil hazır olur və rəssam xeyli pul tələb edir. Qadın hirslənir ki, yarım saata bu qədər pul tələb etmək olar? Rəssam cavab verir ki, mən yarım saata bütün həyatımı çəkdim. Çünki mən bütün həyatım boyu təcrübə yığmışam.

- Sizdən xaricə göndərmək üçün Azərbaycandan yalnız bir əsər istəsəydilər, kimi tövsiyə edərdiniz?

- Təbii ki, Səttar Bəhlulzadəni.

- Bildim belə deyəcəksiniz...

- ... Amma dahası da var. Mənzərə janrında ona çatan olmayıb. Olmayacaq deyə bilmərəm, Allahın işidir, amma hələ ki, yoxdur.

- Hansı əsərini ən çox bəyənirsiniz?

- “Kəpəzin göz yaşları”. Yenə də deyirəm, onun əsərləri arasında bəyəndiyim çoxdur.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm