• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hicran Hüseynova: “Bəzi kişilər rəsmi nikahı olmadan 2-3 ailəni birdən saxlayır...” (YENİLƏNİB)

Hicran Hüseynova: “Bəzi kişilər rəsmi nikahı olmadan 2-3 ailəni birdən saxlayır...” (YENİLƏNİB)

“Biz bir çox hallarda mənfi halların, xüsusilə erkən nikahların yayılmasının, qızların təhsildən yayınmasını dini baxımdan hansısa təsirlərlə bağlamaq istəklərinin şahidi oluruq. Bu, düzgün deyil, ona görə ki, islam dini müasir, elmlə bağlı olan bir dindir və tolerant dindir”.

Publika.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi arasında imzalanmış “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı”na aid keçirilən növbəti konfransda AQUODK-nin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, son dövrlər DQİDK ilə imzalanmış memorandum imkan yaradır ki, hər iki dövlət qurumu bu sahədə bir çox tədbirlər keçirsin.

Təhsildən yayınan, erkən yaşda nikah quran qızların olması faktından danışan Hicran Hüseynova qeyd edib ki, valideynlərlə söhbət ediləndə onlar da erkən nikahı dinlə bağlayırlar:

“Bu, düzgün deyil. İslam dini insanlara düzgün çatdırılmalıdır. Biz rayonlarda qadınlarımızın kiçik və orta biznesinin qurulması üçün müəyyən görüşlər keçiririk. Amma sonradan həyat yoldaşlarının onlara qadağalar qoyduqlarını eşidirik. Kişilər başa düşmürlər ki, din qadının işləməsinə, onun özünü təsdiq etməsinə müsbət yanaşır. Bəzi kişilər rəsmi nikahı olmadan 2-3 ailəni birdən saxlayır və nəticədə dünyaya gələn uşaqların və anaların qanunla heç bir hüquqları olmur. Əgər din əsas gətirilirsə, onda hər bir ailənin maddi imkanlarını ödəmək niyə yaddan çıxır? Bu da zorakılığın bir nümunəsidir”.

Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclisin sədr müavini Bahar Muradova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadova, dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictiamiyyətin tanınmış nümayəndələri, ilahiyyatçılar, dini icma rəhbərləri iştirak edib.

“Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və s. bu kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Çıxış edənlər ailə dəyərlərinin qorunub saxlanılmasında Azərbaycan dövlətinin gördüyü işləri təqdirəlayiq bir hal kimi dəyərləndiriblər.

***

"Bəzi bölgələrdə dini-missionerlik fəaliyyət göstrərilirsə, ailələr bunlara qoşulursa, Azərbaycan ailəsinin sütunu olan qadın missionerlərin tədbirlərinə qoşulub hansısa dini ayinləri ifa edirsə, bu, məni çox təəccübləndirir. Demək, hansısa dini missionerlər ailələrə nüfuz edə biliblər”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, ailə qurarkən hər hansı dini ehkamı ortaya qoyaraq bundan sui-istifadə etmək doğru deyil. Ailə institutunun daha da möhkəmləndirilməsi üçün cəmiyyətdə din-ailə münasibətləri geniş şəkildə müzakirə edilməlidir:

"Bəzi yerlərdə erkən yaşda ailə qurmağa sövq edilirlər. Təbii ki, burada təşviqata yer verilir. Ona görə də bunu hər hansı formada bəziləri dinlə bağlamaq istəyirlər. Biz vətəndaşlarımıza izah etməliyik ki, ailə qurmaq hüquqi məsələdir və dövlətin müəyyən etdiyi qanunlarla tənzimlənməlidir. Bu məsələlərdə hər hansı dini ehkamı ortaya qoyaraq bundan istifadə etmək doğru olmazdı".

O bildirib ki, əgər hər hansı bir ailədə radikalçı formalaşırsa, burada ananın da qusuru var.

"Bunu hansısa dövlət qurumunun üzərinə qoymaq olmaz. Cəmiyyətimizin içərisində nədən bu hadisələrin baş verdiyini müzakirə etməliyik”.

Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib ki, dini ekstremizmə, radikalların təsirinə məruz qalmaq ilk olaraq 12-13 yaşalarından başlayır.

“İstərdim ki, məktəblərlə müqavilə bağlansın, 5-11-ci siniflər üçün xüsusi dərslər keçirilsin və onlara dinlə bağlı məlumatlar verilsin. Ailə zəifləyəndə övlad ailənin, valideynin üzünə duracaq və sözünü eşitməyəcək. Nəticədə ailə bağları qırılacaq. Azərbaycan cəmiyyəti və dövləti məruz qaldığı bu böyük dərdin qarşısında niyə belə güclüdür və problemə sinə gərə bilir? Çünki onun ailəsi möhkəmdir”.

Erkən nikah probleminə toxunan S.Vəliyeva deyib ki, DQİDK və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məktəblərdə təsir gücü artsa, bu problem həllini tapacaq:

“Qızlarınızı oxudun. Qızlar təhsilli olarsa, ailələr möhkəm olur. Ailə möhkəm olanda cəmiyyət möhkəm olur. Cəmiyyət möhkəm olanda dövlət möhkəm olur. Hesab edirəm ki, bu mənada ziyalı olaraq üzərimizə düşən vəzifələr var. Çox istərdim ki, bu mövzuda bizə bütün ictimaiyyət yardım etsin”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR