Komitə sədri: "Qəbir yerləri satılmayacaq" (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Komitə sədri: "Qəbir yerləri satılmayacaq" (YENİLƏNİB)

“Qəbir yerlərinin pulla verilməsi məsələləri yoxdur və olmayacaq da”.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu, cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu, düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək qiymətə qəbir yerləri alanlar, belə faktlarla rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər”.

Komitə sədri həmçinin bildirib ki, bütün məzarlıqlar eyni olmalıdır. İnsan vəfat edəndə onun üzərində qoyulan nişanə olmamalıdır: “Sinə və başdaşına görə vəfat etmiş insanlar arasında fərq olmayacaq. Özəl qəbiristanlığa girən zaman elə birisən ki, muzeyə girirsən. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bu qanun hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub”.

Bunun ya qanun, ya da qərar kimi veriləcəyini deyən M. Qurbanlı bildirib ki, burada da əsas məqsəd islami dəyərlərin qorunmasıdır.

“Qaldı ki, özəl qəbiristanlıqlar, burada hansısa şirkət, hansısa bir qurum yer götürəcək və orada həmin qaydalara uyğun qəbiristanlığı mühafizə eləmək, abadlaşdırmaq, qəbirlərin yerləşdirilməsilə bağlı məsələlər yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq”.

Komitə sədri yas mərasimlərində ehsan süfrələrinin açılması ilə bağlı da fikirlərini bildirib.

“Yas mərasimlərində israfçılıq əleyhinə irəli sürdüyümüz tövsiyələr tam qüvvəsindədir. Bir addım da geri çəkilmə olmayıb. Bu istiqamətdə təşviqatımız davam edir. İnsanlara tövsiyələrimiz davam edir. Bizim yas mərasimlərilə bağlı apardığımız işlərin nəticəsində mərasimlərin gün sayında xeyli dəyişikliklər baş verib və onlar milli dini adət-ənənələrimizə uyğun olaraq 3 gün müddətində yekunlaşır”.

Onun sözlərinə görə, bir çox yerlərdə vətəndaşlarımız yas mərasimlərində yalnız çay süfrəsi açırlar və bununla da kifayətlənirlər. Sadəcə, bəzi yerlərdə hələ də yemək verənlər var, amma biz zorakılığın tərəfdarı deyilik: “Heç kim yas mərasimlərini qadağan etmir, sadəcə olaraq, yas mərasimləri İslam dininin müəyyən etdiyi qaydaya uyğun həyata keçirilməlidir. Bizdə indiyə qədər yas mərasimləri İslam adət-ənənələrinə uyğun deyil, bizə keçmişdən qalmış ənənəyə görə keçirilirdi. Əslində, İslam dininə görə, vəfat etmiş insanın yasında yemək vermək, dəbdəbəli süfrə təşkil etmək yoxdur. İslama görə, ölən insan üçün əsas 4 şərti icra etmək labüddür - qüsul, kəfən, cənazə namazı və dəfn”.

Komitə sədri həmçinin bildirib ki, bir müddət əvvəl verilən tövsiyələrin icrası vətəndaşların özlərindən asılıdır, onları heç nəyə məcbur etmək olmaz.

“Tövsiyəni daha ciddi tərzdə deyəndə isə etiraz edirlər ki, siz niyə bizim işimizə qarışırsız? Kim istəyirsə ki, yas mərasimi müsəlman qaydalarına uyğun olsun, o zaman yemək verməsin. Əgər süfrə açmaq istəyirsə, biz ona tövsiyə etmirik. Edirsə, biz ona zorakılıq göstərmirik. Gərək hər kənd, hər qəsəbə özü razılaşsın ki, biz yasdayıq, qonaqlıq vermirik. Yemək ehsan deyil".

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm