TQDK: 10 min müəllimə ehtiyac olacaq
Bizi izləyin

Qırmızı.az

TQDK: 10 min müəllimə ehtiyac olacaq

“İndi kurikulum proqramı əsasında tədris alan şagirdlər iki il sonra 9-cu sinif üzrə buraxılış imtahanı verəcək. Bu zaman yalnız açıq tipli testlər deyil, həmçinin yazılı imtahan da keçiriləcək. Bunun üçün bizim 10 min müəllimə ehtiyacımız olacaq. İndi onların sayı 910 nəfərdir. Bilmirəm bu işin təşkili üçün 10 min nəfər müəllimi tapacağıq, ya yox. Amma bu işə başlayacağıq. Bilirəm, bu iş asan deyil. Gələcəkdə bu iş üçün müəllimlərə məvacib veriləcək”.

Publika.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasına qəbulda yazı işlərini yoxlayan markerlərlə görüş keçirərkən bildirib. Görüşdə TQDK-nın əməkdaşları, müəllimlər (markerlər) və KİV nümayəndələri iştirak ediblər.

M.Abbaszadə bildirib ki, Komissiya tərəfindən bu imtahanlarda yazı işlərinin qiymətləndirilməsi üçün yeni qiymətləndirmə meyarları, qiymətləndirmə metodu hazırlanıb. TQDK sədri qeyd edib ki, yazı işlərinin yoxlanması prosesində Bakı şəhərindən və regionlardan müvafiq sahənin mütəxəssisləri marker qismində dəvət olunub. Hər bir mütəxəssis kalibrləmə (seçim) mərhələsini uğurla keçdikdən sonra yazı işlərinin yoxlanılması prosesinə cəlb edilib. Bununla da "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas hədəflərdən biri-təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri hazırlanır.

TQDK sədrinin sözlərinə görə, müasir dövrdə həm beynəlxalq miqyasda, həm də müxtəlif ölkələrdə təhsil sahəsində şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirməsindən geniş istifadə olunur. Bu şagirdlərin bilik və bacarıqları, təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsi, digər tərəfdən isə əldə olunan məlumatlar əsasında təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə nail olunması baxımından əhəmiyyətlidir.

TQDK sədri həmçinin bildirib ki, gələcəkdə müəllimlər elektron imkanlardan istifadə edib yazı işlərini öz evlərində oturub yoxlaya biləcəklər. Bu zaman yalnız öz bölgələrindən olan şagirdlərin yazı işləri deyil, başqa regiondan olan şagirdlərin yazı işlərini də yoxlaya biləcəklər. Bu da Azərbaycanın əsas problemi olan insan faktorunu aradan qaldıracaq. Həmçinin qeyd olunub ki, müəllimlər hansı rayondan hansı şagirdin yazı işini yoxladığından xəbərsiz olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm