Millət vəkilindən Lamiyə Quliyeva haqqında ilginc açıqlamalar
Bizi izləyin

Qırmızı.az

Millət vəkilindən Lamiyə Quliyeva haqqında ilginc açıqlamalar

Bütöv Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin ən aktual mövzularından biri - Lamiyə Quliyeva məsələsi barədə Moderator.az-ın sualını cavablandırıb:

“Mən hər zaman demişəm ki, Azərbaycanda məhkəmə sisteminin tam müstəqilliyinə nail olmaq üçün ilk növbədə Məhkəmə Hüquq Şurasını (MHŞ) icra hakimiyyətinin nəzarətindən çıxarmaq lazımdır. Bu məsələni mən dəfələrlə parlamentin iclaslarında da qaldırmışam. Məhkəmə Hüquq Şurası haqqında qanunda da yazılıb ki, bu, hakimlərin özünüidarə orqanıdır. Əgər hakimlərin özünüidarə orqanıdırsa, orada millət vəkilinin nə işi var, orada ədliyə nazirinin, Ali Məhkəmə sədrinin, prokurorluğun, vəkilin nə işi var? Təbii ki, MHŞ iclasına ədliyyə nazirliyinin, prokurorluğun nümayəndəsi də dəvət oluna bilər ki, gəlib iştirak etsinlər, hətta lazım gələndə onlara söz də verilə bilər ki, fikirlərini, iradlarını bildirsinlər.

Amma indi təsəvvür edin ki, MHŞ sədri hökumətin üzvüdür. Bu isə prinsip etibarı ilə qəbulolunmazdır. Ona görə də həmişə deyirəm ki, cəmiyyətimizin çoxsaylı bəlalardan xilas olması üçün ilk növbədə məhkəmə sistemi müstəqil olmalıdır. İkincisi də, bizdə bəzən məhkəmələr ədalətsiz qərarlar qəbul etdiklərinə görə insanların onlara inamı azalır və bu zaman da mətbuat bu məsələni xüsusi qabardaraq ictimai rəy formalaşdırmaqla məhkəmə sisteminə təzyiq edə, basqı altında saxlaya bilir. Xarici ölkələrdə bu cür hallarda dərhal rəsmi şəxslər çıxaraq ictimaiyyətə qaneedici açıqlamalar verirlər, bununla da ajiotaj aradan qalxır. Amma bizdə, görürsünüz ki, bu, “Lamiyə işi”nə qədər uzanır.

Ona görə ki, lazımi adamlar vaxtında ictimaiyyət qarşısına çıxaraq məlumatlar vermirlər. O ki qaldı bu məsələdə kimin nə qədər təqsirkar olmasına, səmimi istək olsa, onu istintaq asanlıqla müəyyənləşdirə bilər. Lamiyə Quliyevanın özünə gəldikdə isə, o, indiki halda qurban kimi təqdim olunsa da, tam araşdırılma aparılmadan nəyin necə baş verdiyini dəqiqliklə söyləmək mümkünsüzdür. Təsəvvür edin ki, o, ötən ilin oktyabrında dünyaya uşaq gətirib. Qadının ən azı 6 aylığında hamilə olduğu həbsxana rəhbərliyinə məlum olub. Bəs niyə üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, məsələni nəinki gizli saxlamağa çalışıblar, daxili təhqiqatla uşağın valideyninin kimliyinə aydınlıq gətirilməyib. Təbii ki, cavabını gözləyən çoxsaylı suallar var və medianın da bunun üstünə getməsi başadüşüləndir.

Amma məni narahat edən məsələnin birtərəfli işıqlandırılması və ittihamın sanki qəsdən Aslan Aslanova tərəf yönləndirilməsidir. Təbii ki, soyuq başla və məntiqlə məsələlərə yanaşmaq lazımdır və nəzərə alınmalıdır ki, xaraktercə Lamiyə Quliyeva heç də Azərbaycan xanımlarının adət etdiyimiz xasiyyətində olmayıb. O, 13 yaşından zorlandığını iddia etsə də, həmin dövrdə nə valideyninə, nə müəlliminə, nə hüquq-mühafizə orqanlarına bir şey bildriməyib. 15 yaşında isə gözünü də qırpmadan bıçaqla adam qətlə yetirib. Mən məsələyə bir hüquqşünas və vaxtilə müstəntiq işləmiş şəxs kimi yanaşdıqda öz-özlüyümdə bəzi suallara cavab axtarmaq zorunda qalıram.

Yəni əgər kiçik yaşlarında belə aqressivlik və emosional davranış sərgilənibsə, mümkündür ki, 10 illik həbsxana həyatı da onun xarakterində, psixologiyasında dərin izlər buraxsın və həqiqətən də, o, həbsxana nəzarətçisinə qarşı növbəti dəfə cinayət törətsin. Təbii ki, bunların hamısı ehtimallardır və mətbuatdakı dostlarımızı da ona səsləyirəm ki, həqiqəti öyrənmədən insanlar haqqında onların taleyinə ciddi təsir edəcək informasiyaları verərkən ehtiyatlı olsunlar. Təbii ki, ortada çox əcaib fakt var və buna ictimaiyyəti qane edəcək səviyyədə aydınlıq gətirilməli, günahkarlar cəzasını almalıdır. Amma belə deyək ki, İmam üçün ağlayanda Yezidi də unutmayaq. Yəni insanların həyatı, taleyi ilə oyun oynamaq hər şeydən öncə günahdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm