• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mirşahin Ağayev Lamiyədən danışdı - VİDEO

Mirşahin Ağayev Lamiyədən danışdı - VİDEO

Lamiyə Quliyeva ilə başlayıram. Bir aydan çoxdur ki, ölkə mətbuatı məhz bu xanım barəsində danışır. Bilməyənlər üçün xatırladım ki, Lamiyə 16 yaşı olarkən Şəmkirin İcra başçısı işləmiş Aslan Aslanovun oğlunu öldürdüyünə görə həbs olunmuşdu.

10 ildən artıqdır həbsxanada cəza çəkən bu xanım birdən-birə nəyə görə, mediyanın tam ortasına düşdü. Mir Şahin müəllim isə Lamiyə məsələsinə tam başqa prizmadan baxıb. Cəmiyyətimizin kəskin seksual çatışmazlığı kimi...

… Bir zamanlar şair xalq idik, Allah Tixonovun atasına rəhmət eləsin. İndi deyəsən serial xalqına çevrilmişik. Amma buna görə heç kəsin atasına rəhmət oxumaq niyyətim yoxdur. Camaatımızı son günlər bərk narahat edən məhbus Lamiyənin taleyi, “Dodaqdan Qəlbə”nin qəhrəmanı Lamiyənin taleyindən az cazibədar olmadı. Görəsən niyə? Cavabını deyəsən bilirəm. Amma bu cavabın doğru olub-olmadığını Sizinlə tutuşdurmaq istəyirəm. Təbabətdə belə bir ifadə var. Kəskin ürək çatışmazlığı, böyrək çatışmazlığı. Birini də biz tapmışıq: kəskin seksual çatışmazlıq. Azərbaycanda olduğu kimi. Yoxsa bu ölkənin bütün mediya prioritetlərinin arxa plana keçdiyini daha nəylə izah etmək olar… Üçüncü həftəyə keçir ki, məhbus Lamiyənin uşaq doğması bütün ölkə mətbuatını işğal edib. Bəlkə Məryəm İsanı doğanda belə ajiotaj yaranmamışdı… Bəli bir qadın həbsxanada uşaq dünyaya gətirib. Və bütün mətbuat dönüb olub bu uşağın beşiyi. Kimi lay-lay deyir, kimi vay-vay. Hər bir məhbus qadınının başına, bətninə gələ biləcək bu olay sosial şəbəkələrə uşaq bezi kimi yapışıb. Belə getsə sabah hansısa jurnal Lamiyə xanımla müqavilə bağlaya və onun körpəsinin şəklini öz üz qabığına çıxarmaqdan ötrü danışıqlara başlaya bilər. Niyə də yox. Şakiranın balasından nəyi əskikdir… Düzdü içi mən də daxil olmaqla mediyanı qınayanlar var. Razıyam. Hə. Mediya yazır. Mövzunu gündəlikdən çıxmağa qoymur. Amma axı qələmin iki başı var. Auditoriya da oxumaqla mövzunu gündəlikdə saxlayır, ay mənim oxucu qardaş və bacılarım… Sərhəd kəndləri atəşə tutulur, şəhid veririk, neftin qiyməti düşür, pilotsuz aparat qalxır, vururuq, bu çoxlarını maraqlandırmır. Amma Lamiyə və onun körpəsi… Camaat belə xəbərləri görməmişcəsinə oxuyur. Biz də televiziya olaraq prosesə qoşuluruq. Camaata doğrusunu demək üçün. Və beləliklə də biz əslində cəfəngiyyatları təkzib etməyə nə qədər vaxt itiririk. Günümüzə baxın da.

…Özü də hamı da çox yaxşı başa düşür ki, bunu kimlərsə təşkil edir… Sanki kimlərsə çox gözəl başa düşür ki, Azərbaycanı harasından vurmaq lazımdı. Adi halda bunu rəqabət də saymaq olar, qara piar da, hətta hakimiyyət uğrunda mübaizənin bir yolu da… Amma razılaşaq ki, seçki ilində bu provakasiyaya oxşayır. Özlüyündə bəlkə də Penitensiar xidmətin rəisindən qisas almaq, onu yenidən tərpətmək istəyən kəs əslində Mədət Quliyevi yox, prezidenti vurmuş olur. Bu məmur-partizanlar bilməlidirlər ki, onların daxili çəkişmə kimi apardıqları bu davanın içalatını biz yaxşı görürük. Bu mövzunu gündəlikdə saxlayan güclü əllər var. Yoxsa bir nəfər Lamiyəciyəz ölkə mediyasını bu qədər uzun müddətə zəbt edə bilməzdi. Deməli kiməsə lazımdır… Amma kimə? Dövlətə qarşı kişilikdən deyil bu.

Bu il ağır ildir. Neftin qiyməti düşür, əsəblər qalxır, Avropa Oyunlarını qəbul etməyə hazırlaşırıq. Xarici düşmənlərimiz fəallaşıb. Bəlkə yerli məhəlli ixtilaflara moratoriy qoyaq. Kimin-kimlə çürütməyə haqq-hesabı varsa 2016-cı ilə saxlasın. Əks təqdirdə belə olur.

Gəlin onların gününə düşməyək. Əlbəttə mənim məntiqim Ermənistanda baş verənləri belə də yozmağa çatardı ki, orada vəziyyət pisdir, Qarabağda camaatın səbr kasası daşır, ona görə Ermənistanın üstünə qalxır və s. Amma mən çox istərdim ki, biz bu hadisələrə, bir-birini amansızcasına kötəkləyən dost-doğma düşmənlərimizə bir az başqa gözlə baxaq, təbliğatsız-filan. Öz məqsədləri üçün hər şeyə gedənlər unutmamalıdır ki, Allah göstərməsin gəmi batarsa, onlar xilas olmayacaq. Cəmiyyəti başına, ağzına alan bu kəskin seksual çatışmazlıqdan qoruyucu vasitə mütləq tapılmalıdır.

Özü də Lamiyələr tək deyil. Bir göz qırpımında ona rəqib tapıldı. Maral. İndi hamı bu maralın ləpirinə düşüb gedir… Amma hara? Nə üçün? Bax bunun bircə şeytan bilir… Gəlin bir eksperiment aparaq. Şəhid xəbərinə neçə müsafir girib? Lamiyəpərəst və maralabaxan nə qədərdir. Seksual gərginlik o qədər tarımdır ki, üstündən milyonlarla cüt qadın-kişi tumanı asmaq olar. Bəs özümüzü necə? Asmaq istəmirik!?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR