Aslanovun uğursuz əks-hücumu: onu kimlər müdafiə edir?
Bizi izləyin

Qırmızı.az

Aslanovun uğursuz əks-hücumu: onu kimlər müdafiə edir?

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov “Lamiyə işi”ndə çırmanıb. Sabiq başçı mediada öz mövqeyini işıqlandırmaq və bu prosesdə daha üstün görünmək üçün hərəkətə keçib.

Əvvəlcə, A.Aslanov ANS-ə verdiyi açıqlama ilə ona aid ittihamlara son qoyulacağını, yaxasını kənara çəkə biləcəyini hesablamışdı. Lakin tam tərsinə - suallar, ittihamlar ona ünvanlanmaqdadır. Aslanov isə cavab olaraq mediada öz mövqeyini gücləndirmək üçün əks-hücuma keçib.

***

Axar.az-a mötəbər qaynaqdan verilən xəbərə görə, əks-hücumun ilk həmləsi də oğlunun qatili Lamiyə Quliyevanın anasının adından müsahibə yaydırmasıdır. Əgər Lamiyənin anası Kifayət Quliyeva musavat.com-a açıqlama verməsəydi, hələ də azvision.az-da dərc olunmuş “müsahib” - Ulduz Quliyeva onun valideyni olaraq qəbul ediləcək, həmin müsahibədəki fikirlər də olduğu kimi təqdim olunacaqdı.

Aslanovun yaydırdığı müsahibədən isə məlum olur ki, hətta Lamiyənin anasının adını belə düzgün yazmayıblar. Mənbənin verdiyi məlumata görə, Aslanov yaxın çevrəsinə Quliyevanın anası adından müsahibə yazmağı və çapını tapşırıb. Keçmiş başçının adamları isə göstərişi üz-gözünə bulaşdırıb və müsahibin adını da doğru qeyd etməyiblər.

***

Aslanovun müdafiəsinə Mərkəzi Univermağın (MUM) rəhbəri, deputat Ərəstun Cavadov da qalxıb. O, bizimxeber.az-a deyib ki, Aslanov gənc oğlunu itirib: “Mən hələ vaxtilə onun oğlunun yas mərasimində iştirak edəndə Şəmkirdə hamı danışırdı ki, Lamiyə Quliyeva öz xalası oğlu tərəfindən zorlanıb. Bütün bunlar bir daha onu göstərir ki, Aslan müəllimə qarşı qarayaxma kampaniyası aparılır. İndi Lamiyə Quliyeva cinayət işi ilə bağlı düşüblər Aslan Aslanovun üzərinə. Məgər Aslan müəllim günahsız yerə adam tutdurandır? Niyə deyən yoxdur ki, məhbus Lamiyə Quliyeva həbsxanada haradan doğub? Bunu da Aslan Aslanovun üzərinə atırlar. Ümumiyyətlə, Zahid Orucun məqsədi və ideyası bəlli deyil. Külək hara əsirsə, o da o yana əsir. Zahid Orucun dostu ilə düşməninin kim olduğu bilinmir”.

Qeyd edək ki, deputat Zahid Orucun L.Quliyevanın azadlığa buraxılması tələbi artıq ciddi mətləblərdən xəbər verir. A.Aslanovun təşvişi də məhz burda qaynaqlanır. Onun azad olunacağı təqdirdə yenidən medianın diqqətində olacağı və danışacağı, nəticədə isə bir çox mətləblərin üstünü açacağı güman olunur.

Xüsusi olaraq vurğulayaq ki, Aslan Aslanovun oğul itkisi doğrudan da böyük faciədir və qətli törədənlər layiqli cəzalarını alıblar – Lamiyə 10 il, onun nişanlısı olmuş Vüqar Əliyev isə ömürlük həbs olunub. Bu cəzadan sonra belə A.Aslanovun qatillərdən əl götürməməsi və onları taleyin ixtiyarına buraxmaması oğul dağının psixoloji təsiri kimi qarşılanır və mənəvi baxımdan ona haqq qazandırsa da, qanunlara ziddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm