“Mən qaraçı deyiləm” – “20 Yanvar”dakı gözdən əlil qadından 500 manat istəyən kimdir? - VİDEO
Bizi izləyin

Qırmızı.az

“Mən qaraçı deyiləm” – “20 Yanvar”dakı gözdən əlil qadından 500 manat istəyən kimdir? - VİDEO

Hər gün metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı səkilərdən birində 44-45 yaşlı qadın dayanır. Başını aşağı salıb susur. Bəzən də sol əlini qabağa uzadaraq, yanından keçənlərə astadan “Allah sizə kömək olsun” deyir. Əyninə qara gödəkcə geyib başına boz örpək örtmüş bu qadın, hər gün səhərdən axşama qədər burda ayaq üstə dayanaraq, küçədən keçən insanlardan mərhəmət umur. Yaxınlaşıb tanış oluruq, söhbətləşirik. Məlum olur ki, Flora Omarova qaraçı deyil, dünya işığından məhrum olmuş, görmə qabiliyyətini qismən itirmiş bu qadın, sadəcə, ehtiyac içində yaşayan insanlardandır:

“Bakıya son ümid yerim kimi gəlmişəm”

- Sizin doğmalarınız, qohum-əqrəbanız yoxdur?

- Doğmalarım, yaxınlarım var. İki qardaşım, bir bacım var.

- Amma burda dayanıb, insanlardan maddi yardım istəyirsiniz.

- Mənim gözlərim görmür. Qardaşlarımın da hərəsinin bir dərdi var. Səhhətlərində anadangəlmə problemlər var. Onlardan biri rayonda yaşayır, digəri isə mənlə burda qalır. Əlilliyə görə verilən müavinətimiz çox azdır, dolana bilmirik. Özüm 1970-ci ildə anadan olmuşam. Bura – Bakıya son ümid yerim kimi gəlmişəm.

- Bakının hansı tərəfində yaşayırsınız?

- Özüm Ağstafadanam. Amma burda kirayədə qalan bacımın evinə sığınmışam. Neynim, müavinətlə dolana bilmirik.

- Müavinətiniz nə qədərdir?

- Altmış yeddi manat.

Yanımızdan ötüb-gedənlərdən bəziləri, xüsusən ortayaşlı və qoca adamlar dayanıb, Floraya 20, 30 qəpik verirlər. Aralarında bu qadına 1 manat da uzadanlar var:

“...nəticəsi olmadı”

- Burada çoxdan dayanırsınız?

- Xeyli müddət olar. Nə edim, işləyə, pul qazana bilmirəm. Mən qaraçı deyiləm. Qardaşım nazirliyə, başqa qurumlara müraciət etdi. Amma nəticəsi olmadı. Müavinətimiz artsaydı, yaxşı olardı. Əvvəllər 50 manat alırdıq, sonra 65, indi isə 67 manat. Hər gün səhərdən axşam saat 6-nın yarısına qədər burda dayanıram.

- Bəs sizi evə kim aparır?

- Bacımın qızı axşamlar arxamca gəlir, qoluma girib məni evə aparır.

- Bacınızla birlikdə qalırsınız?

- Bəli, o, burda kirayədə qalır. Bircə bacımın gözləri yaxşı görür. O, əlil deyil. Amma təəssüf ki, o da ailəsindən ayrılıb.

- Dediniz ki, qardaşlarınızın da səhhətində problemlər var.

- Bəli, onların da gözləri yaxşı görmür. Birinin bir gözü azca ağı qaradan seçə bilir. Amma yenə zəif görür. Biz anadangəlmə beləyik.

- Ata-ananız?

- İkisi də rəhmətə gedib. Hələ neçə il əvvəl dünyalarını dəyişiblər.

“Rayonumuzda bizə ev verəcəkdilər”

- Kömək üçün hara müraciət etmisiniz?

- Bizə rayonumuzda ev də verəcəkdilər. Özləri dedilər, sizə mənzil verəcəyik. Amma sonra vermədilər. Dedilər gərək ayda 500 manat pul ödəyəsiniz. Yəni hər ayda...

- Onu sizdən kim tələb etdi?

- Qardaşım zəng etmişdi, ona demişdilər.

- Neçə vaxtdır burda dayanırsınız?

- Təxminən 2 il olar. Bu günlərdə rayona aparmışdılar. Yenicə gəlmişəm.

- Heç olmasa, burdan gündəlik dolanışığınızı çıxara bilirsiniz?

- Çörəkpulu çıxır, sağ olsun hamı. Polislər də “hörmət” edirlər. 20 manat qazananda 10 manat alırlar. 10 manat qazananda 5 manat. Çox da almırlar. Camaat da sağ olsun, əllərinə keçəndən verirlər.

- Bəs siz hardan bilirsiniz ki, 20 manat qazanmısınız?

- Gözümün biri zəif də olsa görür. Amma pulu mən vermirəm, bacımın qızı axşamlar arxamca gələndə verir.

- Bacınız harada yaşayır?

- Xocahəsən qəsəbəsində. Bacım orda həyət evində kirayədə qalır. Hər ay 150 manat evpulu verir. Özü isə şirniyyat sexində işləyir. Qızı hələ balacadır, altıncı sinfə gedir. Hər gün bura Xocahəsəndən gəlirəm. Çox vaxt məni bacımın qızı gətirir. Bəzən də qız gələ bilmir, çətinliklə də olsa özüm gəlirəm.

- Ailəlisiniz?

- Yox. Təkcə bacım və bir qardaşım ailə qurublar. Qardaşımın bir qızı var.

- Bəs sizə evdə kim baxır?

- Bacım, gəlinimiz, bacımın qızı. Sağ olsunlar, paltarlarımı yuyub-təmizləyirlər, qulluğumda dururlar.

“Əlimə nə keçsə yeyirəm”

- Yağış yağanda da burda dayanırsınız?

- Yox, bir az o tərəfdə yer var. Orda dayanıram. Yağış yağanda bacımın qızı gəlib aparır.

- Günortalar naharı necə edirsiniz?

- Əlimə nə keçsə yeyirəm.

- Burda – metrostansiyanın qarşısında tez-tez qaraçılar da toplaşır. Onlarla söz-söhbətiniz yaranmır ki?

- Yox, Allaha şükür ki, mənə dəyib-dolaşmırlar. Nə söz-söhbət? Mənlə işləri yoxdur. Polisdən qorxurlar deyə, burada çox dayana bilmirlər, tez dağılışırlar.

- Bəs küçədən keçən bəzi tüfeyli adamlar arasında sizə dəyib-dolaşan olmur ki?

- İndiyə qədər hələ heç kim məni incitməyib.

- Belə soyuq havada axşamadək necə qala bilirsiniz? Üşümürsünüz?

- Bəs nə edim? Şükür Allaha ki, bu gün hava bir az yaxşıdır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm