• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ədliyyə Nazirliyində ilin yekunları müzakirə olunub

Ədliyyə Nazirliyində ilin yekunları müzakirə olunub

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, respublikamızın dünyada sabit və təhlükəsiz ölkə kimi davamlı sosial-iqtisadi tərəqqisi vurğulanıb. Dövlətimizin güclü siyasi iradəsi ilə qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə bundan sonra da nail olunacağına əminlik ifadə edilib.

Ötən il Azərbaycan ədliyyəsinin inkişafı üçün uğurlu olub, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarının icrası daim diqqət mərkəzində saxlanılaraq, nazirliyə həvalə edilmiş funksiya və vəzifələrin layiqincə yerinə yetirilməsi üzrə xeyli iş görülüb. Ədliyyə Nazirliyi tərəfindən 720 qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2650 belə akt hüquqi ekspertizadan keçirilib, 2170 sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Reyestrin elektron variantının (huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasının (e-qanun.az) ictimaiyyət üçün açıqlığı təmin edilib, qanunvericilik bazalarına vətəndaşlar tərəfindən 180 minə yaxın baxış olub.

Azərbaycan Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən nazirliyin rəhbərliyinin bölgələrdə səyyar qəbulları davam etdirilib. 12 bölgədə keçirilmiş qəbullarda 50-dən çox şəhər və rayon üzrə 656 vətəndaşın müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə, digərləri isə təxirə salınmadan araşdırılaraq həll olunması üzrə tədbirlər görülüb.

Respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi, əhalinin həyat şəraitinin xeyli yaxşılaşması mülki hüquq münasibətlərinin artmasına ciddi təsir göstərib. Ötən il 365 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, notariat hərəkətinin sayı isə 3,8 milyonu ötüb. Ölkədə xüsusi notariat institutunun geniş tətbiqinin bu işə əlavə töhfə verdiyi nəzərə alınaraq onların sayı 111-ə çatdırılıb ki, bu da notariat korpusunun üçdə ikisini təşkil edir.

Notariuslar tərəfindən əmlakın yüklülüyü barədə məlumatın onlayn rejimdə dərhal əldə edilməsi, alğı-satqı müqaviləsinin cəmi bir gün müddətində notariat qaydasında rəsmiləşdirilməsi “Doing Business 2015” hesabatında təqdir olunub. Həmçinin Azərbaycanın reytinqinin yüksəldiyi, ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşdığı, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, daşınmaz əmlakın qeydiyyatı və s. üzrə ciddi irəliləyişləri qeyd edilib.

İclasda vurğulanıb ki, vətəndaş cəmiyyətinin inkişafı dövlətimizin diqqət mərkəzində saxlanılaraq qeyri-kommersiya təşkilatlarının sayı 4 mini ötüb, KİV-lərin sayı isə 5 minə çatmaq üzrədir.

Son illər məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan işlərin sayının artım tendensiyası ötən ildə də davam edib, icra işlərinin sayı 36 faiz artaraq 300 minə yaxınlaşıb, onların 70 faizinin icrası təmin olunub, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. Bu sahədə xüsusi rolu olan nazirliyin istintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 503 cinayət işinin istintaqı tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 44 faizi istintaqın gedişində ödətdirilib.

Ötən il inzibati nəzarət qaydasında 66700 bələdiyyə aktına baxılıb, 2250 akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli 43 faktla bağlı materiallar prokurorluğa göndərilib. İnzibati nəzarətlə bağlı nəfis şəkildə hazırlanmış, fotomateriallarla və diaqramlarla müşayiət olunan İllik Məruzə Milli Məclisə təqdim edilib.

Eyni zamanda, yerli özünüidarə orqanlarının fəaliyyətinə dair bütün zəruri məlumatları əhatə edən Azərbaycan bələdiyyələrinin elektron portalı yaradılıb və bələdiyyələrin milli assosiasiyalarının iştirakı ilə geniş təqdimatı keçirilib.

Məhkəmə ekspertizası sahəsində nazirliyə 41 ekspert ixtisası üzrə 25 mindən çox iş daxil olub, ekspertlər 330 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,6 faizini həll ediblər.

Kollegiya iclasında ötən il beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən də bəhs olunub. Diqqətə çatdırılıb ki, bir sıra ölkələrin aidiyyəti qurumları ilə müvafiq sənədlərin layihələri razılaşdırılıb, o cümlədən Azərbaycan və Xorvatiya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin, beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli qarşılıqlı fəaliyyət davam etdirilib. Avropa İttifaqı ilə birgə 2012-2014-cü illər üzrə həyata keçirilən “Ədliyyə sahəsində islahatlara dəstək” Proqramı çərçivəsində nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan penitensiar sistemin və regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi istiqamətində bir sıra nailiyyətlər əldə olunub. Eyni zamanda, beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələləri ilə bağlı 14 mindən çox sorğunun icrası üzrə tədbirlər görülüb.

Kollegiyada dövlətimizin başçısının elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı tapşırıqlarının icrasına toxunulub. Bu mürəkkəb və çoxmərhələli prosesin həyata keçirilməsi məqsədi ilə 2014-2018-ci illəri əhatə edən Tədbirlər Planının müəyyən olunaraq icrasına başlanıldığı, artıq 15 məhkəmədə elektron məhkəmə sisteminin müxtəlif komponentlərinin sınaq rejimində tətbiq edildiyi, hakim və məhkəmə aparatı işçilərinin müvafiq təlimlərə cəlb olunduğu vurğulanıb.

Həmçinin, qeyd olunub ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilib. Bu məqsədlə dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə icra olunan “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Binəqədi, eləcə də İmişli, Qəbələ və Zaqatala rayon məhkəmələri üçün yeni binaların intensiv tikintisi aparılır. Ötən il Quba Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib, Şəki və Sabunçu məhkəmə komplekslərinin inşa işləri isə başa çatmaq üzrədir. Dünya Bankı ilə uğurlu əməkdaşlığın davamı olaraq “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni irihəcmli layihə imzalanaraq icrasına başlanılıb.

Bununla yanaşı, yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilərək UNİCEF-lə birgə layihə çərçivəsində yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yeni yanaşmaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər görülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində pilot layihə qaydasında bu kimi işlərə baxılması üçün xüsusi hakim tərkibi müəyyən edilib, ayrıca məhkəmə zalı yaradılaraq lazımi avadanlıqla təchiz olunub.

İclasda görülən işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə edilib, işin səmərəliliyinin artırılması, əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsinin yüksəldilməsi, regional ədliyyə şöbələrinin imkanlarından geniş istifadə olunması, icra sahəsində işin daha səmərəli təşkili, penitensiar müəssisələrdə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyənləşdirilib.

Həmçinin, ədliyyə orqanları tərəfindən Açıq hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət planlarının icrası üzrə görülmüş tədbirlər təhlil olunaraq 2015-ci il üçün müvafiq iş planları təsdiqlənib. Bildirilib ki, dövlət başçısının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında vətəndaş-məmur münasibətləri, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlar ədliyyə orqanlarının fəaliyyətində daim rəhbər tutulmalıdır.

Bununla əlaqədar fəaliyyətdə şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın, habelə elektron xidmətlərin tətbiqinin və elektron sənəd dövriyyəsinin genişləndirilməsi, ədliyyə orqanlarında ictimai rəyin öyrənilməsinə diqqətin artırılması, vətəndaşlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, hüquqi maarifləndirmə işinin canlandırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Kollegiyada, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR