Binəqədi sakinlərinin ümid yeri – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Binəqədi sakinlərinin ümid yeri – FOTOLAR

1646 - Sakinlərin Müraciət Xidməti vətəndaşların kommunal və sair sahələrdə üzləşdiyi problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.

Bakı Azərbaycanın paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzi olmaqla bərabər, qədimliyinə, ərazisinin böyüklüyünə, əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bu şəhərin inzibati ərazisinə daxil olan 12 rayondan biri isə Binəqədi rayonudur. Son illər burada həyata keçirilən quruculuq və abadlıq tədbirlərinin miqyasına, yeniliklərin tətbiqinə görə Binəqədi rayonu paytaxtın birincisinə çevrilməkdədir. Belə ki, ilk dəfə olaraq paytaxtın bu inzibati ərazisində rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik-abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək məqsədilə “Təmiz Binəqədi” layihəsinə start verilib. Layihə çərçivəsində rayon ərazisində yerləşən özəl sektora aid olan obyektlər arasında hər qəsəbə üzrə “Ən təmiz obyekt”, “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb” və “Ən təmiz fərdi ev” müsabiqələrinə start verilib. Həmçinin internet istifadəçiləri arasında “Ən aktiv səhifə” müsabiqəsi elan edilib. İlk dəfə olaraq Binəqədi rayonundakı müvafiq ərazilərdə elektron informasiya köşkləri quraşdırılıb. Bununla da sakinlər həmin köşklərdən istifadə etməklə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının, başçının müavinlərinin, aparatın şöbə müdirlərinin qəbul günlərinin cədvəli, ərizə formalarının nümunələri və sənədlərin siyahısı ilə tanış olmaq, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti və gələcək layihələr haqqında məlumatlar almaq, idarə və müəssisələrin ünvanlarını öyrənə bilmək imkanı qazanıblar.

Bilavasitə sakinlərin rahatlığına, onlara nümunəvi xidmətə hesablanmış belə yeniliklərdən biri də 1646 - Sakinlərin Müraciət Xidmətidir. Bu xidmət 6 fevral 2013-cü il tarixindən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sərəncamı ilə istifadəyə verilib. Belə bir xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni daha da gücləndirməkdir. Bu xidmətdən istifadə edən rayon sakinləri həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edirlər. İcra hakimiyyətində SMX-nin fəaliyyəti rayonun yerli struktur orqanlarının məsuliyyət hissini də artırır, həmçinin mübahisələrin həllində və əhalinin informasiya əldə etməsində bərabərlik və ədalət hisslərinin yaradılmasına səbəb olur. Bu, eyni zamanda, şəffaflığı təmin edir və korrupsiyaya qarşı mübarizədə rayon sakinlərinin rolunu artırır. 1646 nömrəsinə edilən hər hansı zəng xidmət və sakinlərin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydiyyata alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdıqda lent yazısını dinləmək mümkündür. Bütün stasionar telefonlardan zənglər ödənişsizdir.

Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnologiyaları vasitəsilə avtomatik rejimdə, operatorlar tərəfindən vətəndaşlarla birbaşa ünsiyyət rejimində və operatorun yönəldici iştirakı müvafiq proqram təminatı vasitəsi ilə aparılır. Vətəndaşlara göstərilən xidmət müqabilində onların sualları cavablandırılır. Hər bir zəng operatora yönəldikdən sonra 7 saniyə ərzində cavablandırılmaq üçün qəbul edilir. Şikayət ərizəsi tərtib olunan zaman müraciət edənin kimliyi, ünvanı və telefon nömrəsi qeydə alınır. Şikayət vərəqəsi qəbul edildikdən sonra operator müraciətin kateqoriyası üzrə operativ şəkildə aidiyyəti yerli quruma, ünvanın aid olduğu qəsəbə nümayəndəliyinə və icra hakimiyyətinin aidiyyəti şöbəsinə məlumat verilir. Şikayət vərəqəsi vətəndaşın müraciətində qeyd etdiyi məsələ tam həll olunanadək nəzarətdə saxlanılır. Vətəndaşla əks-əlaqə yaradılaraq məmnunluq səviyyəsi ölçülür. Sakinlərin müraciət xidmətində vətəndaşlara göstərilən xidmətlərə, o cümlədən, operatorla vətəndaş arasında aparılan telefon danışıqlarına nəzarət etmək və tənzimləmək məqsədilə sistemdəki xüsusi modul vasitəsilə bu xidmətlər və danışıqlar sistemin yaddaşına yazılır, arxivləşdirilir. Anonim və sair zənglərin qarşısının alınması üçün vətəndaşın nömrəsi avtomatik təyin olunur. Telefon xidməti zamanı daxil olan zənglərin, edilən müraciət və cavabların, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılır.

Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərlinin verdiyi məlumata görə, sürətli kommunikasiya sistemi ilə təmin olunan bu xidmət Binəqədi sakinlərinin eyni zamanda 30 telefon zəngini qəbul edə bilir. Bütün zənglərin qeydiyyatı aparıldığından hətta xətlər məşğul olduqda və vətəndaş əlaqə yarada bilmədikdə belə, dərhal xidmətin operatoru həmin vətəndaşla əlaqə saxlayır, problemini öyrənir, aidiyyəti qurumlara yönəldilir. Bundan başqa, vətəndaşın şikayət etdiyi dövlət qurumunun rəhbərliyinə də xidmət vasitəsilə sms göndərilir, qeyd olunan problem təşkilat rəhbərinin bilavasitə diqqətinə çatdırılır. Statistik rəqəmlərin dili ilə xidmətin fəaliyyətini təsvir etsək, ötən iki il ərzində xidmətə ən müxtəlif problemlərlə bağlı 58 mindən artıq müraciət daxil olub. Həmin müraciətlərin 99 faizi cavablandırılıb, əlaqədar qurumlara çatdırılıb, həllinə nail olunub. Təkcə 2014-cü ildə 1646 xidmətində vətəndaşlardan 35725 müraciət daxil olub. Ötən ilin yekun hesabatından o da bəlli olur ki, belə bir xidmətin fəaliyyət göstərməsi səbəbindən Binəqədi rayon icra hakimiyyətinə ünvanlanan yazılı müraciətlər də 20 faiz azalıb. Ümumiyyətlə isə 1646 xidməti yarandıqdan sonra yerli təşkilat və qurumlarda məsuliyyət hissi bir qədər də artıb.

Xatırladaq ki, hazırda Binəqədi sakinləri 1646 - Sakinlərin Müraciət Xidmətinə elektron formada da müraciət edə bilirlər. Bunun üçün 1646 xidmətinin www.bineqedi-1646.az saytı, [email protected] elektron poçt ünvanı və “Facebook” səhifəsi 24 saat ərzində fəaliyyət göstərir.

Yazıda Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-2015 Avropa oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim edilir.

Vasif HƏSƏNLİ

Publika.az” Xəbər Portalının müxbiri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm