• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Astarada hamı bu cinayətdən danışır - TƏFƏRRÜAT

Astarada hamı bu cinayətdən danışır - TƏFƏRRÜAT

Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Astara rayon sakini, 1966-cı il təvəllüdlü Əliyar Qənbərovun cinayət işi üzrə proses başa çatıb.

İttihama görə, Əliyar Qənbərov maddi imkanı yaxşı olan şəxs kimi tanıdığı Hacırza Eyvazova zəng vuraraq həbsdə olan oğlu Loğman Eyvazovun azad olunması, digər oğlu Ağagül Eyvazova isə aşağı həddə cəza təyin edilməsi ilə bağlı cinayət işini aparan müstəntiqlə razılaşdığı barədə yalan vəd verib. O, bunun müqabilində Hacırzadan 50 min dollar istəyib.

Əliyar Qənbərov Hacırza Eyvazovu uşaqlarının taleyinin məhz həmin puldan asılı olduğuna inandırıb və istədiyi məbləği verməyə razı salıb. Bu məqsədlə 2009-cu ilin avqust ayı ərzində dörd mərhələdə müxtəlif şəraitlərdə və vasitələrlə ondan ümumilikdə 38 min 500 ABŞ dolları məbləğində pul alıb.

Bundan əlavə, Hacırza Eyvazov oğlu Ağagülün 20 min dollara alınmış “Hyunday-Tucson” markalı avtomaşınını 18 avqust 2009-cu il tarixdə Əliyar Qənbərova verib. Əliyar Qənbərov həmin avtomobili əsas sahibinin xəbəri olmadan notariat kontorunda baş etibarnamə əsasında 16 min manata başqa şəxsə satıb.

1 oktyabr 2009-cu il tarixdə Hacırza Eyvazovun özü də həbs olunduqda Əliyar Qənbərovun növbəti ovu ailənin qadını olub. Astara rayonunun Pəlikeş kəndinə gedərək Şükayə Eyvazovaya ərini həbsdən azad etdirmək barədə yalan vəd verib. O, Şükayə Eyvazovanın ümumilikdə 27 min dollarını ələ keçirib.

Əliyar Qənbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib və cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Əliyar Qənbərovdan 59400 manat tutularaq Hacırza Eyvazova ödənilməsi barədə qərar qəbul edib.

Hökmdən məhkum edilmiş Əliyar Qənbərov, həmçinin zərərçəkmiş Hacırza Eyvazov apelyasiya şikayətləri veriblər. Hacırza Eyvazov apelyasiya şikayətində Əliyar Qənbərovun məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökmünün ləğv olunmasını, ona dəymiş ziyanın Əliyar Qənbərov və qardaşları tərəfindən ödənilməsini istəyib. O, “Hyunday Tucson” avtomobili, UAZ minik maşını və evini ailə üzvlərinin mülkiyyətinə keçirilməsini xahiş edib.

Əliyar Qənbərov apelyasiya şikayətini onunla əsaslandırıb ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökm qərəzli və ədalətsizdir. Məhkəmə prosesi zamanı şifahi tələblərinə baxmayaraq, işin əsas şahidləri Əlibala Eyvazov və Əflatun İmaməliyev dindirilməyiblər. Hacırza Eyvazov və Şükayə Eyvazovaya pul almaq üçün müraciət etməyib, əksinə, Hacırza özü Bakı şəhərinə gələrək ona zəng vurub və oğlanları üçün bəzi vacib olan şeyləri etmək üçün xahişdə bulunub.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Əliyar Qənbərov bildirib ki, hazırda Hacırza Eyvazov və Şükayə Eyvazova ilə şikayət və tələbin ləğvi barədə razılığa gəliblər. Onun sözlərinə görə, bunların heç birinə əhəmiyyət vermədən ona qarşı ədalətsiz hökm çıxarılıb: “Apelyasiya şikayətimdə əməlimdə dələduzluq cinayətinin tərkibi olmadığını göstərmişəm. Şikayət və tələb barədə qarşı tərəflə razılığa gəldiyim nəzərə alınaraq barəmdə ədalətli qərar çıxarılmasını xahiş edirəm”.

Əliyar Qənbərovun müdafiəçisi Ağaveyis Şahverdi Əliyar Qənbərovun həbs olmayan cəza ilə cəzalandırılmasını istəyib.

Prokuror Ədalət Əzimov müdafiə tərəfinin apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Əliyar Qənbərovun əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu qeyd edib. O bildirib ki, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınıb: “Əliyar Qənbərovun şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ədalətli cəza təyin olunub.

Məhkəmənin hökmünün dəyişdirilməsi üçün əsaslar yoxdur”.

Hacırza Eyvazov Şirvan Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Əliyar Qənbərovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayətindən imtina edib. O, dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Tərəflərin şikayətini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. Əliyar Qənbərovun apelyasiya şikayəti qismən təmin olunub və cəzası 7 ilə endirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR