• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Belə kriminal hadisə heç filmlərdə də olmur...

Belə kriminal hadisə heç filmlərdə də olmur...

Abgül Qubanın Alpan kəndindən idi. Cəzaçəkmə müəssisəsində dəlləklik edib həm özü dolanır, həm də kəndə - qoca və xəstə anasına pul göndərirdi. Sözsüz ki, türmə rəhbərliyinin aylıq xərcini də ödəyirdi. Dediyinə görə, bütün dilək-dəsgahını özü almışdı.

Abgül özünün ikinci dustaqlıq həyatını yaşayırdı. Onunla söhbət edəndə heç cür ağlına gətirə bilmirdin ki, bu adam cinayət törədə bilər. Sakit, qalmaqaldan uzaq bir adam idi. Heç kəslə işi olmaz, yersiz zarafat etməzdi. Amma fakt fakt olaraq qalırdı. O hər iki dəfə eyni əməlinə - adam bıçaqladığına görə məsuliyyətə cəlb edilmişdi. Bütün bunları sonralar biləcəkdim.

Onunla münasibətlərimiz təsadüfdən yarandı. Saçımı vurduracaqdım. Dəlləkxanada bir neçə dustaq da vardı. Hündürdən danışıb, qeybət edib növbələrini gözləyirdi. Xoşagəlməz bir vəziyyət yaranmışdı. Siqaret tüstüsündən adamın gözü sulanırdı, elə bil dumana düşmüşdük. Narahat olduğumu Abgül hiss etdi. O, növbə gözləyən dustaqlara tərəf dönüb:

- Gözləməyin, şairin saçını düzəldib, yeməyə gedirəm, sonra gələrsiz, - dedi.

Otaq boşalandan sonra isə yavaşca:

- Şair, ehtiyatlı ol, “sançastda” “şmon” olacaq. Əsas da sizin otaqda.

- Nəyimiz var ki, ehtiyatlı da olaq?

- Baxma, yenə də ehtiyat igidin yaraşığıdır. Yoxdur, qoyarlar. Bıçaq, lüt qadın şəkilləri, telefon və sair. Sən bunları bilmirsən, pula görə “koyka”ndan tank da tapa bilərlər, - dedi.

Otaq yoldaşım Aqilə Abgülün dediklərini dedim. O da mən deyənləri dedi:

- Bizim nəyimiz var ki, narkoman deyilik, qumar oynamırıq. Yoxlasınlar da...

Hər ehtimala qarşı otağa nəzər saldıq. İşlətdiyimiz mobil telefonu harada gizlədəcəyimizi düşündük. Ağlımıza etibarlı bir yer gətirə bilmədik.

- Bir yer taparıq, hələ sabaha var, - dedim.

Ertəsi gün yoxlanışından sonra səhər yeməyinə oturduğumuz zaman doğurdan da bizim otağımıza “basqın” oldu. Ayaq səslərini eşidən kimi telefonu stolun üstündəki kərpic çörəyin arxasını kəsib orada yerləşdirdim. İki zabit və nəzarətçilər içəri daxil olanda mən artıq çörəyi dilimləyirdim. “Qəfil qonaqları” yeməyə dəvət etdik. Təşəkkür edib, otağımızda yoxlanış olacağını dedilər. Ayağa durduq, səhər yeməyimiz və telefonumuzun “gizləndiyi” çörək stolun üstündə qaldı. Stola heç yaxın da durmadılar. Döşəyin içinə qədər yoxladılar. Heç nə tapılmadıqda isə, nəzarətçilərdən biri rejimin rəisi olan mayor rütbəli zabitə dedi:

- Eldar müəllim, mən dedim axı, bunlarda elə şey olmaz. Hər gün telefon otağının qarşısında növbə tutub danışırlar. Telefonları olsa, niyə danışardılar ki?..

Zabit əsəbi:

- İlişəcəklər, telefonlarından mənim nömrəmə zəng də edilib. - Sonra da cibindən kiçik bir vərəq çıxardı, bizim işlətdiyimiz nömrəni dedi. Əlbəttə ki, biz buna çox təəccüb etdik:

- Nə danışırsız, kimsə sizinlə zarafat edib. Bizim telefonumuz yoxdur, bu nömrə də tanış deyil.

Aqil isə daha dərinə getdi:

- Cənab mayor, deyəsən sizi dolayıblar...

- Görək kim kimi dolayır, - bu da zabitlərdən birinin əsəbi sözləri idi...

Bizim telefon saxlamağımızın üzə çıxmasında “Bazarkom” ayamalı dustaqdan, Talehdən şübhələndik. Amma ona bu haqda heç nə demədik.

Bu hadisədən sonra Abgüllə münasibətlərimiz yaxşılaşdı. Onu yaxından tanıdıq. O, kasıb idi. Amma sözü olan biri idi. Hörməti də vardı. Bəzi dustaqlar da vardı ki, ona yuxarıdan baxar, ardınca “mastavik” deyib ikrah edərdi. Amma elə həmin dustaqların Abgülə kifayət qədər borcları olardı. Başlarını “qırxdırıb pulunu sonra verərik”, - deyənlər ehtiyacları olanda ona ağız açmaqdan belə çəkinmirdi. Amma borclarını nə qədər ləngitsələr də, heç biri ona ata bilmirdi. O, kimsəyə haqqını yedirdən deyildi.

- Şair, mən ayda 80 “şirvan” haqq verirəm e... Bunlar o borcu verməyəndə necə edərəm? Özü də hələ bilmirlər ki, bura “zon”dur. Burada söz ağızdan çıxır.

Ona həqarət edənlər də vardı.

- Nədir, alə, giribsən quşxanaya, poqonun sözü ilə uşaqların başını qırxırsan, - deyənlər də az deyildi.

- Zato, poqonu görəndə quyruğumu qıçlarımın arasına sıxıb küçüklənib, satqınlıq, işverənlik etmirəm.

Bu, Abgülün gün ərzində az qala 4-5 dəfə işlətdiyi sözlər idi.

Bir dəfə də ona yuxarıdan baxan dustağın başını qırxanda qulaqlarını dəlləkxanada olan dustaqların gözünün qarşısında salmışdı qayçının ağzına:

- Küçük qulağı kimi kəsərəm sənin qulağını, üzr istə. De ki p... yemişəm ənkə böyüyümün ağzı ilə...

Dustaq yuxarıdan getmək istəyəndə onun qulağının sırğalığını bir balaca kəsmişdi də. Sol əlindəki bıçağı isə dirəmişdi boğazına:

- Çərtərəm xılxını, gedərəm “raskrutkaya”, de ki, p.. yemişəm.

İşin ciddiliyini görən, “aralıq uşağı” olan dustaq sözünü geri götürmüşdü, üzr istəmişdi. Bu xəbər nəzarətçilərə çatanda artıq hər şey yoluna qoyulmuşdu. Dustağın isə qulağının ucunun kəsilməsi “təsadüfdən” olmuşdu:

- Günah məndə oldu, başımı qəfil döndərdim və qayçı qulağımın ucunu tutdu.

Nəzarətçilər Abgülün ehtiyatsız olmasına görə 2 şirvan qabağa düşdü və qulağı kəsiyə xeyli zarafat etdilər.

Abgül arada bizim yanımıza da gələrdi:

- Mən kasıb oğlanam. Qoca anam var. Yanıma gələnim yoxdur. İşləyirəm, evi də dolandıram, özüm heç kəsə əl açmıram, - deyirdi Abgül.

Abgülün həbsi də maraqlı olmuşdu. Rayonlarında kifayət qədər varlı və kəsdiyi başa sorğu-sual olmayan biri məclislərin birində ona sataşıb. Bu da qısaca deyib ki, bəlkə sözünü geri götürəsən: “Mən səndən nə qədər kasıbamsa, bir o qədər də namuslu və sözübütövəm”. Mübahisə düşüb, adam arıq, çəlimsiz Abgülə yumruq atıb. Ətrafdakı adamlar da ona yardımçı olub.

- Daha mən nə etməliydim? Götürdüm bıçağı hər birinin yumşaq yerinə birini vurdum. Dedim, mənimlə təkbətək danışmağa dalınız çatmadı, bir deşik də mən açdım, ki g...üz olsun təkbətək danışmağa. Kişilik etdilər, məhkəmədə günahlarını boyunlarına aldılar. Amma bununla belə, 6 il iş verdilər mənə.

Birinci dəfə də onu adam bıçaqladığına görə tutmuşdular.

- Kafedə çörək yeyirdim. Bir dəstə cavan girdi içəri. Elə mən yaşda olardılar. Dedilər, bu stoldan tez dur, biz həmişə burada otururuq. Dedim gözləyin, çörəyimi yeyim. Gözləmədilər. Mən də durmadım. Söyüş söydülər, əl-qol atdılar. Durdum ayağa stolun üstündən bıçağı götürüb ikisinin də yumşaq yerinə vurdum. O birilər qaçdı. Mən də getdim iş-gücümün dalıyca. Axşamüstü apardılar polisə. Gördüm, vurulan uşaqların valideynləri də ordadır. Dedilər, günah bizim uşaqlardadır. Bir az da kömək etdilər. 4 il iş aldım. 2 ildən sonra çıxdım. Bu dəfə isə çölə çıxan kimi ailə quracam, daha bəsdir.

Abgül təxminən 6 ay sonra azadlığa çıxdı. Onun azadlığa çıxmasında Aqillə mənim də köməyim oldu. Cəza növünün dəyişilməsi üçün lazım olan vəsaitin müəyyən hissəsini bizdən borc olaraq götürdü. Elə rəislə də biz danışdıq.

- Sizdən başqa mənim heç kəsim yoxdur, rəislə danışın, “yetim uşaqdır, xəstə anası var” deyin, xəcalətli qalmaram, - demişdi Abgül.

Onun toyunda da iştirak etdik. Gəlini mənim maşınımda gətirdik. Haqqımızda hər kəsə ayrıca xoş sözlər deyirdi.

Bu yaxınlarda mənə zəng etdi. Hal-əhval tutduqdan sonra, pis olduğunu dedi:

- Bir nəfər vardı, söz atdı mənə, söyüş söydü, özümü saxlaya bilmədim, yıxdım yerə, yumşaq yerinə 2 bıçaq vurdum. İşim polisdədir. Vurduğum adamın atası, qohumları xahiş edib ki, məni tutmasınlar, günah özününkündə olub. İndi məni zaminə buraxıblar. Görüm, neynirəm...

Abgül azadlığa çıxdıqdan sonra buna qədər də ağır bir cinayətə görə müvəqqəti saxlanmışdı. Başına müsibətlər gəlmişdi, faciə ilə üzləşmişdi. Hələ Aqillə mənim də ifadəmi almışdılar... Elə bir işə düşmüşdü ki, ən kəskin süjetli detektiv filmlərdə belə elə hadisələr, qurğular az-az olur. Bu haqda yazının davamında oxuyacaqsınız...

Faiq Balabəyli

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR