Nursultan Nazarbayevin kürəkəninin altı aydan bir Bakıya gəlişinin ŞOK SİRRİ
Bizi izləyin

Qırmızı.az

Nursultan Nazarbayevin kürəkəninin altı aydan bir Bakıya gəlişinin ŞOK SİRRİ

Kimi qırxı çıxmamış uşağının yastığını, kimi həyat yoldaşının köynəyini, kimi də 12 ildir xəstə oğlunu götürüb bura gəlir. Bədnəzərini, qorxuluğunu götürmək, yaxud da bədənindəki cindən, ruhdan azad olmaq üçün.

Bu, iki əsr əvvəl yazılmış əsərdən çıxarış deyil. Dövr: XXI əsr, məkan: Bakı, Maştağa kəndi, Ağasəlim Çıldağın ocağı. Bu ocaq Şıx Əlidən qalıb, vaxtilə Ağasəlim Çıldağın nənəsi burada çıldağlıq edib. Onun nəslindən olanlar indi bu işi davam etdirir. Çıldaq ailənin oğul övladına miras verilir.

Publika.az-ın müxbirinin məlumatına görə, bu ocaqda 4 evdə bu işlə məşğul olurlar. Hər bir evdə kişilər və qadınlar ayrı-ayrılıqda çıldaq edilir.

Çıldağlar bir-birinin çörəyinə bais olmamaq üçün aralarında növbəli sistem qurublar. Hər həftə bir qrup işləyir. Bu zaman digər çıldaqlar qapılarını bağlı saxlayır.

Kənd sakinlərinin köməyi ilə məşhur ocağı tapa bildik. Həqiqətən də, iş günü olmayan digər ocaqların qapısı bağlı idi. Nə qədər qapını döysək də, açan olmadı.

Bu gün növbə Sevil Nurəliyeva və qaynınındır. Qaynı evdə olmadığına görə, Sevil xanımla danışmalı oluruq. Elə girişdəcə azyaşlı övladı ilə çıldaqdan çıxan Aytən adlı bir qadınla qarşılaşırıq. Deyir ki, övladı tək qalmaqdan qorxur, yuxudan ağlayaraq oyanır. Belə narahatlıq olanda həmişə uşağı bura gətirir.

Ocaqdan parçanı heç kimə vermək olmaz

Sevil Nurəliyeva deyir ki, ailələrində çıldağa inam olsa da, əvvəllər bu işlə məşğul olmayıb.

“Gəlin gələndə bu evin ocaq olduğunu bilirdim, qayınanam da çıldaq edirdi. Onun yanında yavaş-yavaş bu işi öyrəndim. 10 ildən çoxdur çıldaq edirəm. Qadınları mən, kişiləri qaynım edir. Qayınanam mənə miras qoyub, mən də gəlinimə verəcəm. Qızlarıma isə düşmür, onlara topladığımız puldan pay verə bilirik”.

Çıldaqlıq miras kimi nəsildən-nəslə ötürülür. Həm də bu işi hər kəs görə bilmir.

“Bakıda, bölgələrdə bu işi görənlər çoxdur. İnsanlar həmin çıldaqlara getsələr də, həmişə razı qalmırlar. Sonra araşdırıb, bura gəlirlər. Mənim övladlarımın da əli yüngüldür. Bu iş onlara da miras kimi ötürülüb. Bəzən gələnlər parça istəyirlər ki, evdə özləri etsinlər. Amma razı olmuram. Çünki qayınatam mənə vəsiyyət edib ki, ocaqdan parçanı heç kimə vermək olmaz”.

Ruh çıxarıram

Müsahibim ancaq çıldağ etmir, həm də bəd nəzəri də götürür, ruh tutanlara kömək edir. Hər dərdin də müalicəsi fərqlidir.

“Ruh tutan adamlar ölmüş yaxınlarının gözlərinə göründüyünü deyirlər. Mən də ruhu çıxarıram, bu zaman kənardan kiminsə baxdığını deyir. Ondan sonra xilas olur, daha gözünə görünmür. Gələnlər onları narahat edən məqamları deyir, mən də dərdini bilirəm. Başağrısı bəd nəzər əlamətidir. Bunun üçün həmin adamın boynunun arxasında xüsusi damarları tutub, sıxıram. Bununla da bəd nəzər gedir”.

Sevil xanım ürək, mədə xəstəliklərini də türkəçarə ilə müalicə edir.

“Bəzən deyirlər ki, qorxudan ürəyim düşdü. Həmin vaxtdan sonra mədədə ağrılar başlayır. Çünki ürək sanki mədəyə düşür və həmin gündən mədə uzanır. Adam yemək istəmir, ağrılar olur. Bu narahatlığı olanlar həkimə gedir, dərman qəbul edirlər. Amma onun çarəsi bizdədir. Həmin adamlara məsləhət görürük ki, pirləri, ocaqları gəzsin, çıldağa getsin. Belə adamlar bizə gələndə ürək-göbəyini çəkirəm. Bunun üçün xəstə yemək yemədən gəlməlidir. Parçanın arasına daşı qoyuram, sonra onu mədənin üstünə bağlayıram. Möhkəm sıxıram, mədənin qalxdığını hiss edir. Yemək yeyəndən bir saat sonra daşı açıb, dördyol ayrıcına atmalıdır. Bundan sonra, ağrılar hamısı aradan qalxır. Dəfələrlə ürəyində ağrısı olanlara həkimlər əməliyyat məsləhət görüb. Mən çıldaq edəndən sonra həkim əməliyyata ehtiyac olmadığını deyib. Dəfələrlə qucaqda bura gətirilən adamları sağaltmışam, ayağa qalxıblar. Belə möcüzələr də olub”.

Bəs çıldağı necə edirsiniz?

Sual vermişdim ki, müsahibim bir qara parçanı yandırıb, prosedura başlayır. Baş, qol, dirsək, ayaqlar və topuqdakı sinir uclarına vurur. Sanki parçanın bədənimi yandırmasından həzz alırmış kimi, hər dəfə daha möhkəm basdırır. Bir az yanma olsa da, qısa zamanda ağrı aradan qalxır. Bu proses üç dəfə təkrar olmalıdır. Amma uzaq yoldan gələnlər üçün alternativ variant tapılıb. Hər prosedurdan sonra, qapıdan çıxıb, yenidən daxil olub təkrar edilərək 3 dəfə tamamlanmış olur. Bərk qorxu olanda parça özündən sönür.

Qeyd edim ki, çıldağı ancaq kətandan etmək məsləhət görülür. Başqa parçadan edəndə yandırır. Müsahibim də Maştağadakı satıcıların bundan məlumatlı olduğunu deyir. Çıldaq parçası deyən kimi verirlər.

İnanmayan da olur

Amma XXI əsrdə çıldağa inam kütləvi deyil. Yəqin ki, inanmadan, sınamaq üçün gələnlər olur. Müsahibim bu fikirlə razılaşsa da, inanmayanların nəticəni görəndən sonra fikirlərindən daşındığını deyir. Həm də gəlib nəticəsini görənlər başqalarına da deyir. Beləliklə, inam artır. Bəzən qorxu sümüyə işləyir, onda heç nəyi hiss etmir. Həmin adamların əvvəlcə ayaq barmaqlarına vurub, sinirləri oyadır, sonra çıldaq edir.

Amma çıldaq yalnız bakılılar arasında dəb deyil. Digər rayonlardan da bura qorxudan xilas olmaq üçün gəlirlər. Biz orada olanda da, Neftçala, Hacıqabul, Şamaxıdan gələnlərlə qarşılaşdıq. Kimi nəvəsi, kimi də özü üçün gəlmişdi. Müsahibim Naxçıvandan, Moskvadan, digər xarici ölkələrdən gələnlərin olduğunu deyir. Bakıdan ancaq yerli sakinlər deyil, rusdillilər də bura gəlir.

Əlində əsa çətinliklə hərəkət edən Kərbəlayi Züleyxa Hacıqabuldan gəlib.

“Biz özümüz ocağıq, bilirik ki, harada kimə inanmaq olar. İki nəvəmdə də qorxuluq var. Tək qala bilmirlər, gecə yuxuda qorxublar. Heç bir həkimə aparmadım, çünki çarəsi çıldaqdır. Uşaqlıqdan belə görmüşük, həmişə də nəticə yaxşı olub”.

65 yaşlı Səkinə nənə özü üçün gəlib. Şikayəti isə ürək sıxıntısı, nəfəs almada çətinlikdir. Nənədən buna görə ürək həkiminə gedib-getmədiyini soruşuram. Amma həkimlərdən daha çox çıldaqdan xeyir gələcəyinə inandığını deyir. Aylardır getmədiyi çıldaq qalmayıb, bura son ümididir.

Bəs bu işin qarşılığında nə qədər ödəniş olur?

Öyrənirik ki, hər çıldağın öz qiyməti var – 2 manat. Bura gələnlər qiymətləri yaxşı bilir.

“Bəzən 5, 10 manat qoyanlar da olur. Amma bir dəfənin ödənişi 2 manatdan az deyil. Amma bir manat verən olsa, etiraz etmirik”.

Müsahibim məndə böyük bədnəzər olduğunu deyir. Bunun göstəricisi daim baş ağrılarının olmasıdır. Amma ömrünü bu işə həsr etmiş, türkəçarəni həyat devizinə çevirmiş birinə “başağrılarımın səbəbinin bəd nəzər yox, bütün günü kompüter qarşısında olmağımdır” deməyim çox yersiz görünür. Mənim ağlımdan bu cavab keçərkən, o hər gün evə gedəndə bir balaca pambıq yandırmağımı, sağ ayaqqabımı başıma fırlayıb ayaqqabının burnunu kürəyimə vurmağımı, son məqamda tüpürüb yerə atmağımı məsləhət görür.

Qadın çıldağında işimizi bitirib əsas ocağa baş çəkirik. Burada kişilər çıldaq edilir. Mənim kimi balacaboy adamın əyilərək içəri keçdiyi bu tikilinin 500 il yaşı var. Biz burada olanda kişiləri çıldaq edən şəxsin əvəzində oğlu Ələmdar idi. Atasının cin çıxarmaq üçün getdiyini deyir. Bununla da məkanda həm də cin çıxarmaq xidməti göstərildiyini öyrənmiş oluruq. Ələmdar bu işi bacarmadığından prosesi müşahidə edə bilmirik. Peşə sirri olduğundan bu barədə ətraflı danışmaq istəmir. Amma cin tutanların, adətən, normal yeriyərək gəzmədiyini deyir. Öyrənirik ki, çıldağa ancaq sadə vətəndaşlar deyil, məşhurlar da gəlir.

Məsələn, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni ildə bir dəfə, bəzən altı aydan bir çıldaq etdirməyə gəlir. Təəssüf ki, Ələmdar həmin kürəkənin adını xatırlaya bilmir. Bundan başqa, yerlilərdən Eyyub Yaqubov, Əlibaba Məmmədov da tez-tez çıldağı ziyarət edənlər arasındadır.

Qeyd edim ki, Sevil xanımın prosedurlarından sonra başağrım keçmişdi. Amma bu çox çəkmədi, avtobusda başağrım yenidən başladı. Deyəsən, müalicənin təsir müddəti bir neçə saatlıq idi.

Gülxar Şərif

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm