• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Mir Şahin Eynulla Fətullayevi şərh etdi - Video

Mir Şahin Eynulla Fətullayevi şərh etdi - Video

Bu həftənin ən maraqlı hadisəsi, heç şübhəsiz ki, Eynulla Fətullayevin yaydığı məlumat ətrafında baş verdi. Müəllif Xədicə İsmayılovanın bir restoranda iki amerikalıya məlumat ötürdüyü barədə məqalə dərc etdi və məlum oldu ki, bu, adi ötürücülük deyil.

Əgər yazılanlar təsdiqini taparsa, Xədicə İsmayılova, təsdiq olunmazsa, Eynulla Fətullayev cavab verməli olacaq. Doğrudur, cavab üçün yazı taxtaları fərqli olacaq, amma cavab mütləq olmalıdır. Söhbət ondan gedir ki, adları çəkilən şəxslərin Azərbaycan xüsusi xidmət orqanlarına işlədiyi barədə məlumatlar çox kölgəlidir. Yəni onların verdiyi effekt heç də yalnız mənfi və ya yalnız müsbət olmayacaq.

Ən maraqlısı burasıdır ki, adları bu və ya digər şəxsin məxfi hamiliyində çəkilən heç bir qurum samballı bir təkzib və ya təsdiq bəyanatı ilə çıxış etməyib. Məsələn, nə Azərbaycanın Daxili İşlər Nazirliyi Rauf Arifoğlunun 2006-ci ilin avqustundan bu quruma işləməsi və onu maliyyələşdirməsi barədə, nə Prezident Adminstrasiyası onu siyasi idarə etməsi haqda yayılan informasiya ilə bağlı açıqlama verib. Müsavat Partiyası başqanının Rauf Arifoğlu vasitəsilə hakimiyyət tərəfindən ələ alınması, İsa Qəmbərin övladlarının Arifoğlunun əliylə maliyyələşdirməsi barədə yazılanlar da havadadır.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının "verbovka"sı ilə bağlı məlumata adı tərəf kimi çəkilən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmi münasibətinin də hələ ki, şahidi deyilik.

Xədicə İsmayılovanın Şindler siyahısı qədər olmasa da, Eynulla Fətullayevin sayəsində kifayət qədər məşhurlaşan siyahısında daha kimlərin adları yoxdur?! Məsələn, 2007-ci ildə həbs olunmuş Eynulla Fətullayevin gurultulu azad olunması Azərbaycanın xüsusi xidmət orqanlarının planı hesab edilir. İddia olunur ki, Eynulla hələ 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. MTN isə bu mövzuda susur.

Elə AXCP-nin sədr müavini Həsən Kərimovun Anti-terror Mərkəzi ilə birbaşa əlaqədə işləməsi haqda deyilənlərə də lal bir soyuqqanlı baxış var.

Hüquq mühafizə orqanlarının susduğu ünvanların tam siyahısı üzərində bir daha gəzişək.

Bildirilir ki, hələ 80-ci illərin sonunda KQB tərəfindən, o zamankı KQB sədri Vaqif Hüseynovla ələ alınmış bu şəxs SSRİ dağılandan sonra Rusiya FSB-sinin nəzarəti altına keçib. Maraqladır ki, nə Vaqif Hüseynov, nə də Rusiya xüsusi xidməti bu məlumata hər hansı şəkildə münasibət açıqlayıb.

İctimai xadim Erkin Qədirlinin Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələskərovla əməkdaşlıq etməsi və onun vasitəsilə həbsdən, repressiyadan qorunması barədə məlumata Fuad müəllim nə özü, nə də aparat bir şey deyir. "Azadlıq" raliostansiyasının Azərbaycan xidmətinin rəhbəri Babək Bəkirin xüsusi xidmət orqanları tərəfindən ələ alınması və bu yolla bu xidmətin rəhbəri olmağa kömək etməsinə isə yəqin ki, artıq okeanın o tayından, ya da ən azı Praqadan reaksiya gəlməliydi. Amma görünür okean sirr keçirmir. İttihamlar isə ciddi və təkzib tələb edəcək həddədir.

"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin sahibkar Babek Muradov vasitəsilə xüsusi xidmət göstərməsi, Mirmahmud Fəttayevin hakimiyyətlə əlaqədə və onun nəzarətində olması barədəki məlumatlar, REAL hərəkatının üzvləri - Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və başqalarının Prezident Aparatı siyasi təhlil şöbəsinin müdiri Elnur Aslanovla sıx əməkdaşlıq etməsi mövzusu qızıldan qiymətli olaraq qalır.

Sərdar Cəlaloğlunun Prezident Aparatı İctimai siyasi şöbəsinin müdirinin müavini Tahir Süleymanov tərəfindən əlaqələndirilməsi də hələ ki, nə təsdiq nə də təkzib edilir.

Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva və bir çox başqalarına isə Ədliyyə Nazirliyi ilə millət vəkili Səməd Seyidova baxır. Elçin Behbudovun iradəsi isə Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin idarəsi altındadır. Burada adı çəkilən şəxs və qurumlar da cavaba tələsmirlər.

Maraqlıdır, Azərbaycanın dinc və sabit havasında birdən-birə belə bir bomba partlayır. Amma səs çıxmır. Heç bir tərəfdən. Bəzi həmkarlarımın xəfiyyə və casusluqda adları halanan şəxslər barədə o düşüncələrini bölüşmürəm ki, guya onlar çıxılmaz hala düşüb. Ola bilər ki, ilk baxışdan bu belə görünür. Çünki adları çəkilən bir-iki şəxs, onlar da belə də, ötəri, istisna olmaqla, qardaşlıq qəbiristanlığını xatırladan siyahının ruhları da inciməyib. Yoxsa əl-ayağa düşər, öz şəxsi və məslək səngərlərini, vətəndaş reputasiyalarını qorumaq üçün hansısa tədbirlər görərdilər, kimisə məhkəməyə verər, bu yolla məlumatın əsl mənbəyini axtarıb üzə çıxarar, cəmiyyətə tərtəmiz - gül kimi olduqlarını bildirmək üçün bir yarpız vannası qəbul edərdilər.

Azadlıq xanımı Xədicə İsmayılovanın davranışı da qəribə görünür. Feysbuk səhifəsində orta məktəbin arxa partası səviyyəsində, "dərsə girən filankəsdir" səviyyəsində bir cavab verməklə geri çəkilmək?! Yəni yerin altını və üstünü bildiyini iddia edən təhqiqatçı, Dubay üzrə peşəkar jurnalistin cavab verməyə arqumenti debildən uzağa getmir?!

İkincisi, hüquq mühafizə orqanlarının susması. Bu nədən xəbər verir: Məlumatın qeyri-ciddiliyinə hesablanmış jestdirsə, bu, belə deyil. Ortada ART QARDEN boyda bir restoran həqiqəti var və Xədicə xanım özü də belə görüşün olduğunu gizlətmir. Restoranların isə iaşə xidməti olur, mətbuat xidməti yox. Ona görə də məlumatı yəqin ki, restoran verməməlidir. Amma kim və nə olursa olsun, ya təsdiq, ya təkzib, ya da "nə təsdiq, nə də təkzib edirik" deyən tanış bir diplomatik cümlə deməli idi və deməlidir.

Üçüncüsü: Birləşmiş Ştatların ən azı Azərbaycandakı səfirliyi səviyyəsində susması. Budamı razılıq əlamətidir?! Birləşmiş Ştatlar öz Senatının iki əməkdaşını, adı kəşfiyyatçılıqda hallanan Con Zadrozni və Daniel Vajdiçi - iki vətəndaşını niyə müdafiə etmir? Axı ortada az qala bir cüt Snouden boyda məsələ var?!

Dördüncüsü: Məsumlar düşünə bilərlər ki, Eynulla Fətullayev bu gün öz vəziyyətinin çətin olduğunu, müstəqil fəaliyyət göstərə bilməməsinin əsl səbəblərini açıq izah edə bilmədiyini cəmiyyətə yalnız bu yolla çatdırmağı qərara alıb. Qalan şəxsləri də bura ona görə qatıb ki, kim nəyə inanır inansın. Məsələn, mən inanmıram.

Və nəhayət, az maraqlı olmayan daha bir ehtimal. Bəlkə Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri, Prezident Adminstrasiyası verəcəyi təsdiq və ya inkar bəyanatıyla öz adamını ifşa edə biləcəyindən doğrudan ehtiyatlanır? Amma bu da işin xeyrinə olardı. Ən azı cəmiyyət öz qəhrəmanlarını tanıyardı. Bu təşkilatlar da vaxtı çıxmış əməkdaşlarını dövriyyədən çıxarardılar.

Xədicə İsmayılovaya gəlincə isə pərəstişkarları ondan "debil"dən daha artıq cavab gözləyirlər.

İndi isə hər şeyi qoyaq bir tərəfə və necə deyərlər, öz aramızda qalmaq şərtilə aydınlaşdıraq. Tutaq ki, lap elə yazılanlar həqiqətdir və adları çəkilənlər Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər və ya ediblər. Bu məlumat niyə amerikalıları maraqlandırır? Onlar bu məlumatı neyləyəcəklər? Məsələn, Prezident Admintstrasiyası şöbə müdirinin müavininin bir siyasətçimizə koordinatorluq etməsinin Ağ Evin maraqlarına nə isti-soyuğu?

Əlbəttə, hələ Sovet dövründən qalmış "Filankəs KQB-yə işləyir" tipli iddiaların yaratdığı xüsusi gözdənsalma fəndi cəmiyyətdə həmişə müsbət qəbul olunmur və yəqin ki, bu məlumatların da yayılması ad sahiblərinin məhz burdakı gələcək aqibətlərinə hesablanıb. Və bir anlıq buna da inanaq ki, milli mətbəximizin təmsilçisi Xədicə İsmayılova doğrudan da bu məlumatları hansısa restoranda bir boşqabda Birləşmiş Ştatlardan olan iki müştəriyə təqdim edib, yəni onlarla əməkdaşlıq edib. İndi nə yaxşıdır: öz dövlətinə işləmək, yoxsa özgə dövlətlə əməkdaşlıq etmək?! Bu sualların cavabı isə başqa sualların cavabından asılıdır. O cavablardan ki, hələ onları almaq üçün lazım olan suallar verilməyib.

Qonağımız Milli Təhlükəsizlik Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri Mirsaleh Axundzadədir. Onunla başqa suallara cavab axtaracağıq.

Milli Təhlükəsizlik Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri Mirsaleh Axundzadə: “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarının agenturası deyilən bir şəbəkə haqqında məlumat tam məxfidir. Belə məlumatları hər hansı bir şəxsin verməsi mümkün deyil. Kiminsə belə bir məlumatı verməsi qeyri-qanunidir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının agentləri tam məxfidir və nə indi, nə də gələcəkdə heç bir məlumat sızmayacaq. Bu qanunla tənzim olunan bir məlumatdır. Əgər həqiqətən əməkdaşlıq edən adamlar varsa da, burda heç bir qəbahət yoxdur. Hər bir sözə görə dövlət qurumunun bəyanat verməsi yersizdir. Buna ehtiyac yoxdur. Burada ciddi bir problem yoxdur. Xədicə İsmayılovanın verdiyi siyahı da heç ciddiyə alınmalı deyil”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR