Uşaq oğurlayan qadına ağır cəza - 11 il həbs
Bizi izləyin

Qırmızı.az

Uşaq oğurlayan qadına ağır cəza - 11 il həbs

Məhkəmə övladı olmadığı üçün yeni doğulmuş uşağı oğurlayan qadına 11 il həbs cəzası verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ikiaylıq körpəni oğurlamaqda təqsirli bilinən 1968-ci il təvəllüdlü Xırda Babayevanın cinayət işi üzrə məhkəməsi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Xırda Babayevanın vəkili Anar Qasımov çıxış edib. Vəkil çıxışında Xırda Babayevanın əməlindən peşman olduğunu və bu hadisəni kriminal zəmində deyil, şəxsi zəmində törətdiyini bildirib. Anar Qasımlı məhkəmədən sanksiya daxilində ən yüngül cəzanın verilməsini və sınaq müddəti olmaqla şərti azadlığa buraxılmasını istəyib. Xırda Babayeva məhkəmədə son sözlə çıxış edərək əməlindən peşman olduğunu, həmin uşağa öz övladı kimi münasibət bəslədiyini bildirib: "O uşağa həyatımın sonuna qədər baxacağam, ona xaricdə təhsil də verə bilərəm. Aysel məni bağışlasa da, bağışlamasa da".

Məhkəmə qərar vermək üçün müşavirəyə gedib. Hakimlər kollegiyasının qərarı ilə Xırda Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihamçı prokuror Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Xatırladaq ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.

Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Qeyd edək ki, A.Əhmədova körpəsini daha sonra uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib. (lent.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm