Sadiq Gözəlovun özəl günü…
Bizi izləyin

Qırmızı.az

Sadiq Gözəlovun özəl günü…

Rəisimiz, həmkarımız, dostumuz…

Sadiq Gözəlov… Bu adı eşidəndə onu tanıyanların üzünə xoş bir təbəssüm, qəlbinə sevinc qonur. Çünki Sadiq müəllim təbiətən belədir, təbəssüm gətirən, sevinc bəxş edəndir…

Bu gün rəisimiz, həmkarımız, dostumuz Sadiq Gözəlovun ad günüdür. Bilirəm ki, altıncı onilliyi xırdalayır, amma o, mənim gözümdə həmişə 50 yaşında, cavanlığın qocalığındadır. İnsafən, həyatda da belədir, yəqin ürəyinin təmizliyindəndir, ona 50-dən artıq yaş vermək olmur. Bəzən mənə elə gəlir ki, onu 50 ildir tanıyıram, yəqin şəxsi münasibətlərimizdəndir. Münasibətlərimiz rəsmi rəis-əməkdaş münasibətlərindən daha səmimi, qeyri-rəsmi həmkar münasibətlərindən istidir.

Sadiq müəllim mənim dostumun dostudur. Bizi qiyabi tanış edən, aramızda körpü salan mərhum dostumuz, tanınmış jurnalist Məmməd Nazimoğlu olub. Mən Məmmədlə 90-nın əvvəllərindən, “Aydınlıq” qəzetindən tanış idim. Sadiq müəllim isə onunla tələbə yoldaşı olmuşdu, gənclik illərindən dost idilər. Məmməd müəllim 90-nın ortalarında “Xalq qəzeti”nin rəhbərliyinə gəldi, məni də işə dəvət etdi. Sadiq müəllimlə qiyabi tanışlığımız da həmin dövrdən başladı.

Məmməd onunla fəxr edirdi, tez-tez haqqında söz salırdı. Sadiq müəllim də mütəmadi olaraq “Xalq qəzeti”ndə çıxış edir, polisin çətin və şərəfli işindən, polis-vətəndaş münasibətlərindən yazırdı. Mövzu maraqlı idi, müəllifin də yaxşı təhkiyəsi vardı, odur ki, yazılar həmişə diqqəti cəlb edir, oxunaqlı olurdu. Həmin dövrdə mən “Xalq qəzeti”nin siyasi icmalçısı idim, daxili, xarici siyasətdən, iqtidar-müxalifət münasibətlərindən yazırdım. Sadiq müəllim bir neçə dəfə mənə şəxsən zəng etmiş, yazılarım haqqında xoş sözlər demişdi. Müəllifə bundan artıq nə lazımdı ki!

Tale elə gətirdi ki, 2008-ci ildə məni “Polis” qəzetinə redaktor dəvət etdilər. Sadiq müəllim məni şəxsən qəbul etdi, ötənlərdən, keçənlərdən danışdıq, mərhum dostumuzu yada saldıq. Dedi, mən səni tanıyıram, inanıram, uğurlar arzulayıram. Mən yalnız sənin rəisin, kuratorun deyiləm, həm də həmkarın, dostunam, çəkinmə, nə problemin olsa, mənə, Cavid müəllimə, Ehsan müəllimə müraciət elə, biz də əlimizdən gələni edəcəyik. Həmin dövrdə mən polisdə təzə idim, amma özümü qərib hiss etmədim!

Yəqin, hiss etdiniz ki, Sadiq Gözəlov mənim hörmət etdiyim (harda işləməyimizdən asılı olmayaraq), xətrini istədiyim adamlardan biridir. Təbii ki, mən tək deyiləm, ətrafımızda, yaxında-uzaqda Sadiq müəllimi tanıyan və sevən yüzlərlə, minlərlə insan var. Hesab edirəm ki, buna görə də Sadiq müəllimə qibtə etməyə və ondan öyrənməyə dəyər.

Mən onun kimi səmimi və sadə olmaq, çəkinmədən sözümü demək istərdim. Vallah çalışıram, amma alınmır. Sadiq müəllimdə qibtə etdiyim cəhətlərdən biri də onun insanlarla münasibət qurmaq bacarığıdır. Qapalı yerdə, çətin işdə işləsə də, bütün həmkarlarını, mətbuat nümayəndələrini şəxsən tanıyır və çoxu ilə də yaxşı münasibəti var. Buna necə vaxt, imkan tapır, bilmirəm. Ancaq onu bilirəm ki, Sadiq müəllim yerində olan, yaxşı rəis, yaxşı həmkar, yaxşı dostdur. Ona bir qucaq salam, bir qucaq ehtiram, bir qucaq da təbrik göndərirəm.

Ailəsində xöşbəxtlik, xidmətində uğurlar və təbii ki, cansağlığı arzulayıram.

Allah köməyiniz olsun, Sadiq müəllim!

Qаlib Аrif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm