Elman Mehdiyev: “DSMF-nin gəlirləri artıb”
Bizi izləyin

Qırmızı.az

Elman Mehdiyev: “DSMF-nin gəlirləri artıb”

“2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2013-cü ilə nisbətən 223,0 mln. manat və ya 8,3 faiz artaraq 2894,3 mln. manata yüksəlib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln. manat çoxdur”.

Publika.az xəbər verir ki, bu barədə DSMF-nin sədri Elman Mehdiyev 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sisteminin inkişafının 2014-cü ildə də davam etdirildiyini söyləyən E.Mehdiyev Fondun ötən il üçün büdcəsinin icrası haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln. manat artıqdır. Qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisidir və bu artım tendensiyası nəticəsində dövlət büdcəsindən DSMF-yə ayrılan transfertin xüsusi çəkisi azalıb.

“Ötən il ərzində DSMF-nin xərcləri 2868,8 mln. manat təşkil edib və bunun da 2809,1 mln. manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq olunub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib”.

Fond sədri bildirib ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 285 min nəfər artaraq 2 milyon 976 min nəfərdən çox təşkil edib ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

E. Mehdiyev bildirib ki, 2014-cü ildə 6 yeni elektron xidmət aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib. “Elektron hökümət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan DSMF-nin elektron xidmətlərindən il ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb. Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

2014-cü ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

Fond sədri qeyd edib ki, ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi üçün mühüm tədbirlərdən biri kimi 2014-cü ildə pensiyaçıların istifadəsinə verilmiş “Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və pensiyaçılar tərəfindən nağdsız ödəniş zamanı istifadə edilən bu vəsaitlərə görə heç bir xidmət haqqı ödənilmir: “Fəaliyyətə başladığı dövrdən hazıradək bu xidmət çərçivəsində həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə artıb. Bilavasitə pensiyaçılara xidmət göstərən bankomatların sayı 858-ə çatdırılıb. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların 99,9 faizinin pensiyası plastik kartlarla ödənilir”.

Təkcə 2014-cü il ərzində bu məqsədlə Fond 4 sayda mərkəzi, 15 sayda regional təqdimat keçirib. 2014-cü ildə DSMF üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35 faiz azalıb. Hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub. 2014-cü il ərzində Fondun Aparatına vətəndaşlardan 7986 (2013-cü il ilə müqayisədə 10 faiz az) müraciət, onlardan 2419 ədədi elektron poçt vasitəsilə daxil olmuşdur. Hesabat ilində bilavasitə Fondun sədri tərəfindən aparatda 59, regionlarda isə 351 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm