Azərbaycan və Almaniya pensiya sahəsində əməkdaşlıq edəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Almaniya pensiya sahəsində əməkdaşlıq edəcək

“Azərbaycan və Almaniya arasında pensiya sahəsində birgə tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ölkəmizdə səfərdə olan Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının nümayəndə heyəti ilə keçirilən görüş zamanı bildirilib.

Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Yoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə DSMF-nin sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

E.Mehdiyev ötən dövr ərzində ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub. Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

Görüş zamanı qeyd olundu ki, ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Pensiya islahatı konsepsiyasının əhəmiyyətindən söz açan DSMF sədri sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıdığını vurğulayıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Yoakim Bröyer Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Səfərin əsas məqsədinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və birgə tədbirlərin planlaşdırılması olduğu diqqətə çatdırılıb və Azərbaycanın təcrübəsi inkişaf etməkdə olan digər ölkələr üçün nümunə olaraq qiymətləndirilib.

DSMF-də keçirilən görüşdə aparılan müzakirələr zamanı iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi və yaxın gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm