"Səhliyalı"kolbasalarının halal olmasına şübhə var
Bizi izləyin

Qırmızı.az

"Səhliyalı"kolbasalarının halal olmasına şübhə var

Halal adı ilə vətəndaşlara satılan kolbasaların tərkibinə donuz əti və piyinin qatıldığı bildirilir.


"Halal nemət min bərəkət" markalı məhsullar standartlara cavab vermir.

Bu günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş "Orxan-SS" firmasının istehsal etdiyi "Kristal CF" əmtəə nişanlı "Baranina" kolbasasının laboratoriya sınaqlarının nəticəsi açıqlandı.


DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində "halal" sözü yazılmış "Kristal CF" əmtəə nişanlı yarım hisə verilmiş "Baranina" kolbasasının tərkibində AZS 731-2012 "Halal qida" standartına zidd olaraq donuz əti və piyi aşkar edilib. Qeyd edək ki, bu, "halal" adı ilə satılan kolbasa məhsullarında üzə çıxan birinci qanunsuzluq deyildi. Xatırladaq ki, bundan əvvəl də bəzi tanınmış şirkətlərin "halal" adı altında istehsal etdiyi kolbasa və sosislərdə haramçılıq aşkarlanıb.

Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir müddət öncə "Səhliyalı" kiçik müəssisəsinə, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 360 kq-dan çox kolbasaların satışının dayandırılması, habelə bu kolbasaların və laborator müayinələr nəticəsində tərkibində bağırsaq çöpü aşkar edilmiş süd məhsullarının satışdan çıxarılması barədə icrası məcburi göstəriş vermişdi. "Səhliyalı" tərəfindən 28 kq kolbasa və 83 kq süd məhsulları ticarət şəbəkəsindən geri yığılıb.

Bununla əlaqədar satışı dayandırılmış və ticarət şəbəkəsindən geri yığılmış 473 kq kolbasa və süd məhsullarının, habelə müəssisənin anbarında olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan 64 kq xammalın, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 1250 metr bükmə materialın və 450 ədəd etiketin məhv edilməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Səhliyalı" kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib, həmin mallar qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

Həyata keçirilən çoxsaylı tədbirlərə rəğmən, "Səhliyalı" firmasının istehsal etdiyi bəzi ət məhsullarında problemlər hələ də qalmaqdadır. Bu barədə əldə etdiyimiz məlumatları sizinlə bölüşməmişdən əvvəl bildirək ki, "Səhliyalı" şirkəti fəaliyyətə 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi başlayıb. Şirkətin saytında göstərilir ki, 2009-cu ildə Xırdalan yaxınlığında iki istehsal xətti olan, ətin emalından, kolbasa və delikateslərin buraxılmasından tutmuş konkret istehlakçının sifarişinə uyğun hazır məhsulun yüklənməsinə qədər bütün emal prosesini müstəqil həyata keçirən tamamilə yeni müəssisə tikilib. Avstriyanın aparıcı istehsalçısı "SCHALLER" texnoloji kompleksinə əsaslanan, gigiyenanın ən yüksək tələblərini və ciddi laboratoriya ekspertizasını özündə ehtiva edən "Səhliyalı" haqlı olaraq bazarın liderinə çevrildi. Lakin bizə çatan məlumatlar firmanın saytında yazılan fikirlərin həqiqətə uyğun olmadığını göstərir.

Adının çəkilməməsini xahiş edən mənbənin verdiyi məlumata görə, "Səhliyalı" firmasının "halal nemət min bərəkət" markalı bəzi kolbasalarının tərkibinə donuz əti və piyi qatılır: "Məsələn, "Bibərli bişmiş əla növ" kolbasalarının tərkibində damarlardan təmizlənmiş bir növlü mal əti, toyuq əti, mal piyi, qırmızı bibər, xörək duzu, natrium nitrit, nişasta, qarışıq ədviyyatların olduğu qeyd olunsa da, əslində bu məhsulların tərkibinə donuz əti və donuz piyi qatılır. Və həmin məhsullar "halal" adı ilə istehlakçılara satılır. Görünür, şirkət rəhbərliyi 2010-cu ildə həyata keçirilən yoxlamalardan heç bir nəticə çıxarmayıb. Yaxud başqa misal göstərə bilərəm. "Səhliyalı" firması "Ləziz bişmiş" kolbasa istehsal edir. Firma rəsmiləri iddia edir ki, bu kolbasa növünün tərkibində mal əti, toyuq əti, mal piyi, yaglı quru süd, yumurta, nişasta, xörək duzu, natrium nitrit, təbii ədviyyatlardan istifadə olunur.

Mənim bildiyimə görə isə, bu kolbasalara vurulan ət yerli məhsul deyil. Həmin məhsulların istehsalında xaricdən gətirilən camış əti, donuz piyi və ətindən istifadə olunması danılmazdır. "Səhliyalı"nın "halal nemət min bərəkət" markası ilə halal adı altında satışa çıxardığı kolbasaların tərkibinin yarısını soya komponenti təşkil edir. Həmin məhsulun 90%-i genetik modifikasiya olunub. Hər nə gəldi necə gəldi kolbasalara qatılır". Məlumat üçün bildirək ki, 1 avqust 2012-ci il tarixindən ölkəmizdə halal standartı tətbiq olunmağa başlayıb. AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" dövlət standartı "Halal" markası ilə satışa buraxılan ət məhsullarına şamil edilir və bu məhsulların istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələbləri müəyyən edir. Standarta əsasən "halal" ət məhsullarının istehsalı məhsulun keyfiyyəti və təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tələbləri əsasında təşkil edilməli, hazır məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olmalıdır. "Halal" ət məhsullarının istehsal proseslərində bu məhsulların istehsal xüsusiyyətlərini bilən və onlara ciddi riayət edən, xüsusi təlim keçmiş işçilər işləməlidir.

Standarta əsasən kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Mənbənin məlumatından isə belə görülür ki, "Səhliyalı" firması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlara, eləcə də müvafiq qanunların tələblərinə məhəl qoymur. Odur ki, komitə sədri Ramiz Həsənov və digər aidiyyəti dövlət qurumlarının rəsmiləri "Səhliyalı" firmasında təcili yoxlamalara start verməlidir.

xalqxeber.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm