Bakıda ölüm keçidi: bir addım at, o biri dünyaya gir! - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda ölüm keçidi: bir addım at, o biri dünyaya gir! - FOTOLAR

Xocahəsən qəsəbəsinə gedən yolda olan yerüstü keçid qəzalı vəziyyətdədir. Sakinlərin Publika.az-a verdikləri məlumata görə, keçidin yararsız vəziyyətə düşməsinə “Shachman” markalı yük maşınının kuzovu açıq şəkildə sürərək keçidə çırpılması səbəb olub.

Qəsəbə sakini Qüdrət Novruzovun sözlərinə görə, sakinlər qorxudan qəzalı vəziyyətdə olan keçiddən keçmirlər:

“Shachman” markalı yük maşını keçidi bu günə qoyub. Maşının kuzovu açıq qalmışdı, sürücünün xəbəri yox idi. Özü də maşını sürə-sürə telefonla danışırdı. Dayanacaqda duranların qışqırığı və işarəsindən sonra saxladı, amma gec idi. Keçid çox təhlükəli vəziyyətdədir, uşaqlarını məktəbə aparıb-gətirən valideynlər də məcbur olub avtomobil yolunu keçirlər”.

Sakinlərin sözlərinə görə, artıq bir aya yaxındır qəzalı vəziyyətdə olan keçidlə maraqlanan yoxdur.

Problemlə bağlı vəziyyəti öyrənmək üçün “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxladıq. Qurum rəsmisinin sözlərinə görə, dövlətə vurulan bu ziyanı həmin hadisəni törədən sürücü ödəməlidir:

“Bu, dövlətə dəyən ziyan kimi qiymətləndirilir. Sürücü yük maşının kuzovu açıq şəkildə sürüb və yerüstü keçidə çırpılıb. Əslində, bu məsələ “Avtomobil yolları haqqında qanun”la tənzimlənir. Hadisəni kim törədibsə, yol təsərrüfatına ziyan dəyibsə, əslində, bu, həmin şəxsin vəsaiti hesabına bərpa olunmalıdır”.

P. Mürsəliyev həmçinin bildirib ki, qurumun araşdırmasına görə, 2012-2013-cü illərdə yol təsərrüfatına milyonlarla manat ziyan dəydiyi müəyyən olunub. Amma bunun müqabilində ödənişlər çox aşağı səviyyədədir:

“Təbii ki, əgər vətəndaş ödəmirsə, bu gedib çıxır məhkəməyə. Amma məhkəmə qərarlarının olmasına baxmayaraq, hazırda da bunu ödəməyən şəxslər var. Bu gün hansısa avtomobil yolunda bir hisssə uzun bir məsafədə sıradan çıxıbsa, o bərpa olunmasa, növbəti bir qəzaya yol aça bilər. Biz buna görə də çalışırıq ki, bərpa işlərini həyata keçirək. Burada da ziyan dövlət büdcəsinə dəyir. Amma biz mərhələ-mərhələ bərpa işlərini aparırıq”, – deyə P. Mürsəliyev bildirib.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm