• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kəbəyə atəş açan helikopterin sirri - uşaqlarımıza kim dini nifrət aşılayır?

Kəbəyə atəş açan helikopterin sirri - uşaqlarımıza kim dini nifrət aşılayır?

Beyləqan rayon sakini Ruslan Nəzərovun övladına Bakıda alınmış hədiyyə ailədə heç də xoş təəssürat yaratmayıb. Belə ki, nənənin aldığı helikopter oyuncağı işə düşən zaman divarda İslam mədəniyyətinin əsas mərkəzi olan Məkkə şəhərində yerləşən Kəbə evinin bombalanması əks olunur.

Ailə üzvləri uşaqlarına alınmış bu oyuncağın onun psixologiyası ilə yanaşı, dini inancına da zərər verməsindən narahatdır.

Nəzərovlar ailəsinin məsələyə həssas yanaşmaları heç də bütün ailələrin bu cür davranacağına əsas vermir. Bəlkə, hələ də bir çox evdə uşaqlar həmin oyuncaqla oynayır, Kəbəni bombalamaq üçün əlindən gələni edir. Bu oyuncaq uşaqlarda zorakılıq aşılamaqla yanaşı, islam dininə qarşı bir nəsil yetişdirmiş olur.

Əlbəttə, bu oyuncaqların bazarlara necə yol açmasını araşdırmaq müvafiq dövlət qurumlarının işidir. Məsələdə ikinci məsuliyyət daşıyan tərəf valideynlərdir. Təəssüf ki, oyuncaqlarla bağlı problemlər dəfələrlə gündəmə gəlsə də, valideynlər bu məsələdə yetərincə həssas yanaşmır.

Uşaqlarına yaxşı paltar, keyfiyyətli qida almağa çalışsalar da, oyuncaq məsələsində hələ də biganə münasibət var. Alınan oyuncağın funksiyası barədə yetərincə məlumat toplamamaq ilk növbədə uşaqların psixoloji inkişafına mənfi təsir göstərir.

Pedaqoqlar hesab edir ki, oyuncaq uşaq üçün oyun deyil, onların ən ciddi məşğuliyyətidir. Bu məşğuliyyətin düzgün təşkil olunması məsuliyyəti valideynin üzərinə düşür.

İlahiyyatçı Hacı Şahin Həsənli zorakılığı təbliğ edən oyuncaqların istifadəsinin uşaq psixologiyasına mənfi təsir etdiyini deyib. O, zorakılıq təbliğ edən oyuncaqlarda İslam dini əleyhinə məlumatların olmasının Qərb dövlətlərində inkişaf edən islamafobiyanın təzahürü olduğunu bildirib:

“Burada məqsəd islama nifrətin aşılanması, islamın düşmən kimi təqdim edilməsidir. Bu məsələdə maraqlı olan bəzi dairələr, dövlətlər var. Bunu təsadüfi, kiminsə təxəyyülünün təzahürü hesab etmirəm. Burada qərəz açıq şəkildə görünür. Bu oyuncaqları hazırlayanların uşaqları İslam dininə qarşı yönəltmək, nifrət oyatmaq məqsədi güddükləri istisna deyil. Bu məsələlərə münasibət birmənalı olaraq mənfidir. Belə oyuncaqlarla oynamaq uşağın gələcək taleyinə mənfi təsir edə bilər. Onların uşaqlara verilməsini yanlış hesab edirəm. Valideynlər də diqqətli olmalıdır. Bu tip oyuncaqların məqsədi uşaqları əyləndirmək yox, dinə qarşı nifrət yaratmaqdır”.

Bu oyuncaqların məqsədli şəkildə hazırlandığını deyən Ş.Həsənli konkret ölkə adı çəkməsə də, Qərb ölkələrinin son vaxtlar nümayiş etdirdiyi mövqeyin göz önündə olduğunu dedi.

“Təəssüf ki, son vaxtlar bu dövlətlərdə islamafobiya təbliğ edilir. Bu məsələdə onların rolunun olması istisna edilmir. Bununla müvafiq qurumlar məşğul olmalıdır. Dini, irqi, milli zorakılıq, ayrıseçkiliyi təbliğ edən məshulların satışı qadağandır. Xüsusən şüuru tam formalaşmamış uşaqlar üçün bu oyuncaqların hazırlanması dini zorakılığın təbliğindən başqa bir şey deyil. Bir az araşdırılsa, məsələdə cinayət tərkibi də ola bilər. Hesab edirəm ki, bunu idxal edən şirkətlər bu məsələnin kökünü araşdıra bilərlər”.

Psixoloq Narınc Rüstəmova valideynlərin oyuncaq məsələsinə yetərincə həssas yanaşmadıqlarını deyir. Onun sözlərinə görə, oyuncağın keyfiyyəti qədər, onun yaş qrupuna uyğunluğu da nəzərə alınmalıdır. Çox zaman valideynlər ucuz oyuncaq alır ki, onlar da keyfiyyətli olmur:

“Uşaq oyuncaqlarını bu sahə üzrə ixtisaslaşmış mağazalardan almaq lazımdır. Bu mağazalarda oyuncaqlar baha olduğuna görə, valideynlər həmin mağazadan alış-verişdə maraqlı olmurlar. Lakin onlar bir oyuncaq alsalar da, keyfiyyətli olmasına səy göstərməlidir. Əks halda, bilmədən uşaqların psixikasına mənfi təsir edən seksual, dini məsələləri təbliğ edən oyuncaqlar almış olacaqlar. Onlar uşaqların psixikasına ziyanverici informasiya ötürə bilir. Konkret helikopterdən Kəbəyə atəş açılmasına gəldikdə, bu görüntü onun süuraltında qalacaq. Adətən, bu oyuncaqlar 2-3 yaşdan sonra alınır. Həmin dövrdə uşaqlarda hafizə formalaşır və qəbul etdiyi informasiyalar qalıcı olur. Gələcəkdə həmin uşaq Kəbənin hara olduğunu anlayacaq. Uşaq vaxtı beynində yerləşmiş informasiya ona Kəbəyə atəş açmanın mümkünlüyünü düşüncəsini yaradacaq. Bu həm uşaqlarda dinə nifrət düşüncəsini aşılayır, həm də onların inancını təhlükə altına qoyur. İnancı olmayan birindən hər şey gözləmək olar. İnamı və səbri olmayan birinin gələcəkdə cinayətkara çevrilməsi ehtimalı da inkar edilə bilməz”.

Bu oyuncaqların əsasən qanunsuz yolla gətirildiyini deyən psixoloq, onların uşağın yalnız psixikasına deyil, sağlamlığı üçün də zərərli olduğunu deyir. O, bu məsələyə dövlət qədər, ailənin də nəzarət etməsinin vacib olduğunu vurğulayır.

“Valideyn oyuncaq alarkən onun funksiyası barədə soruşmalıdır. Oyuncağın lisenziyasının olması ilə maraqlanmalıdır. Bu, onun övladına qarşı həssaslığının göstəricisidir. Uşaqları tamamilə pis vərdişlərdən, təhlükələrdən qoruya bilmərik. Lakin bəzi məqamlar var ki, ona nəzarət etmək mümkündür. Düzgün oyuncaq seçimi birbaşa valideyndən asılıdır. Bu oyuncaqların satışının qarşısını almaq yaınız dövlətin işi deyil. Valideynlər də bu oyuncaqlarda imtina etməklə, prosesə müdaxilə edə bilərlər. Əks halda, bu oyuncaqlarla gələcəyə cani yetişdirmiş olacağıq”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı paytaxtdakı bütün ticarət obyektlərində monitorinq apardıqlarını lakin belə bir fakt aşkarlamadıqlarını dedi:

“Həmin şikayətçi ilə əlaqə saxladıq, məlum oldu ki, oyuncaq Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzindən alınıb. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti xidməti tərəfindən adıçəkilən ticarət mərkəzində araşdırma aparıldı. Lakin həmin oyuncaq aşkar edilmədi. Ehtimal edirik ki, mətbuatda məlumat yayılandan sonra satışda bu oyuncaq var idisə, artıq çıxarılıb. Lakin araşdırmanı davam etdiririk. Bir daha bəyan edirik ki, oyuncaqlar mərkəzi sertifikasiyadan keçməlidir. İdxalçı mütləq şəkildə akreditasiya olunmuş sertifikat orqanlarına müraciət edib, məhsulu laboratoriya müayinəsindən keçirməlidir. Sertifikat aldıqdan sonra satışa çıxarılmalıdır. Bu oyuncağın kütləvi şəkildə gətirildiyini düşünmürük. Çünki belə olsaydı,müvafiq qurumlar tərəfindən qarşısı alınacaqdı. Çox güman ki, buoyuncaq az sayda ölkəyə gətirilib. Bir daha valideynlərə müraciət edirik ki, sertifikatlaşdırılmamış oyuncaq almaqdan çəkinsinlər. Çünki bu yalnız uşaqların sağlamlığına deyil, həm də mənəvi, psixoloji təsirə səbəb olur. Mütəmadi yoxlama aparmaq dövlət orqanlarının borcudur, lakin valideynlər də diqqətli olmalıdır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR