Qırmızı.az
Dağ görəndə hönkürüb ağlayıram - BRİFİNQ
"Brifinq"in qonağı əməkdar artist, Prezident təqaüdçüsü Babək Niftəliyevdir. "Muğam televiziya müsabiqə"sinin tanıtdırdığı gənclərdən olan Babək Niftəliyev bu gün də öz üzərində çalışdığını söyləyir. Avtomobilinə Kəlbəcərdəki girovlarımızın fotoşəklini vuran B.Niftəliyev bu iki həmyerlimizin başına gələn hadisənin təkcə kəlbəcərlilər üçün yox, bütünlükdə azərbaycanlılar üçün ağrılı olduğunu dilə gətirdi. Kəlbəcərlə bağlı xatirələrini danışan xanəndəmiz saza marağından və muğam sənətinə gəlişindən söz açdı. "Gündəlik Teleqraf"çıların suallarını cavablandırandan sonra gənc xanəndə bizə mahnı da ərməğan etdi.
Taleh Şahsuvarlı: Maşınınızda Kəlbəcərdə girov düşən
Dilqəm Əsgərov və Şahbaz Quliyevin şəkilləri diqqətimi
çəkdi...
- Dilqəm Əsgərovla yaxın tanışlığım olub. Sosial şəbəkələrdə -
Facebook-da, İnstaqram-da, Whatsapp-da onunla olan şəklimi
profilimə qoymuşam. Əsirlərimiz gedəndən üzüm gülmür, demək olar
ki, el şənliklərində qol qaldırıb oynamıram. Vətənpərvər kimi
maşınıma onların şəkillərini qoymuşam.
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov düşməsi mənə də çox pis təsir elədi"
T.Şahsuvarlı: Bunda Sizin Kəlbəcərli olmağınız,
onların da Kəlbəcərdə girov düşməyinin rolu nə
qədərdir?
- Onlar neçə illərdir gedib Kəlbəcərdə çəkiliş aparıb gəlirdilər.
Hər ilin öz çəkilişləri vardı. Biz baxıb fəxr edirdik ki, belə
oğlanlarımız var. Çox təəssüflər olsun ki, indi böyük ağrı-acı
içindəyik. Bir Kəlbəcərimiz gedəndə bizlər üçün ağır dərd olmuşdu,
bir də Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov düşməsi mənə də çox
pis təsir elədi.
Aqil Lətifov: Torpaqlarımızın geri qaytarılması
istiqamətində insanlarda əhval-ruhiyyə necədir? Cəmiyyətdə və
KİV-lərdəki təbliğat Sizi qane edir?
- Allahın köməkliyi ilə ali baş komandanımızın rəhbərliyi altında
torpaqlarımızı qaytararıq.
T.Şahsuvarlı: Özünüz Kəlbəcəri nə qədər
xatırlayırsınız?
- Özüm Kəlbəcərdən çıxanda 8 yaşım olub. "Taxta düzü" yaylağında
olmuşam, oralar yadıma düşür. Oxuduğum 2 nömrəli məktəbi, düz
deyilən yerdə həlak olmuş insanlarımızın məzarı vardı, onları
xatırlayıram.
"Dağ görəndə hönkürüb ağlayıram"
T.Şahsuvarlı: Burada kəlbəcərliliyi nə qədər yaşaya
bilirsiniz?
- Burada kəlbəcərliliyi ancaq xəyallarda yaşayırıq. Dağa, dərəyə,
bulaqlara vurğun olduğuma görə dağlara gedəndə çox kövrəlirəm. Elə
olur hönkürüb ağlayıram. Uşaqlar soruşur ki, belə gözəl təbiətdə
niyə ağlayırsan? Deyirəm ki, vallah, bizim yerlər buralardan daha
gözəl idi. Nə etmək olar, qismət, tale belə imiş. İnşallah, o
torpaqlara qayıdarıq.
T.Şahsuvarlı: Bəs Kəlbəcərin koloritini harada daha
çox hiss etmək olur? Azərbaycanın ən gözəl yerlərindən, bəlkə də,
birincisi Kəlbəcər idi. Amma onun digər rayonlarla bənzərliyi
yoxdur.
- Kəlbəcərin iyini Kəpəzdən, Hacıkənddən, Toğanadan alıram. Bir də
Qubada Xınalığa gedən yolu elə təsəvvür edirəm ki, ikinci
Kəlbəcərdir.
Bəxtiyar Məmmədli: Kəlbəcər, Laçında, adətən,
aşıqlar yetişir. Nə əcəb aşıq yox, xanəndə
oldunuz?
- Kəlbəcər elimiz Dədə Şəmşir ocağı olduğuna görə hər bir
kəlbəcərli istər-istəməz arzulayıb ki, Dədə Şəmşir məktəbinə
yaxınlaşsın. O da bizim qanımızdadır. Çünki bizdə əsasən saz, söz
inkişaf edib və hamı gücü saza verib. Muğam bir o qədər inkişaf
etməyib. Mən özüm də uşaq vaxtlarımda saz çalıb oxumuşam. Sonra
aşkar ediblər ki, məndə aşıq səsi yox, xanəndə səsidir.
Nərgiz Ehlamqızı: Kim aşkarladı, ailə üzvləriniz,
yoxsa müəllimləriniz?
- Mən də aşıq istiqamətinə gedirdim. Evdə atam, anam dedi ki, səsin
aşıq səsi deyil.
“Aşıqlar deyir ki, sən aşıq olsaydın, çörəyimiz əldən çıxardı”
Naibə Qurbanova: Valideynləriniz musiqi
təhsillidir?
- Bəli, musiqi təhsillidirlər. Kəlbəcər musiqi məktəbini
bitirmişəm, müəllimim Bahadur müəllim olub. Aşıqlarımızdan da
öyrənmişəm. Sadəcə olaraq, sazı evdə özüm üçün çalıram. Məz saz
çalanda çox aşıqlar deyir ki, Babək, sənin çox gözəl barmaqların,
ürəyin var, səsin aşıq səsinə uyğundur, sən aşıq olsaydın,
çörəyimiz əldən çıxardı (gülür).
“Qardaşımın toyunda saz çalmışam”
B.Məmmədli: Olubmu, toylarda bala Ədalət kimi saz
götürüb ürəkdən ifa edəsiniz?
- Mən heç vaxt toylarda saz götürüb çalmaram. Çünki aşıq deyiləm.
Hərənin bir sənəti var. İstəmirəm aşıq kimi tanınam. Əsas odur ki,
bizi xanəndə kimi tanıyıb seçiblər. Bircə qardaşımın toyunda ürəyim
açılıb saz götürüb çalmışam. Dəlidağlı Ədalət, aşıq Mehdi, Mübariz
ordaydı. Ustadlarımızdan üzr istəyərək saz ifa etmişəm.
Nərmin Muradova: Dastanları
bilirsiniz?
- Yox, yenə də deyirəm, aşıq deyiləm ki, dastan biləm. Sadəcə
olaraq, özüm üçün məşğul oluram.
A.Lətifov: Bu yaxınlarda əməkdar artist adını
aldınız, prezident təqaüdçüsüsünüz, çoxsaylı mükafatlarınız var.
Bütün bunlar baş gicəlləndirici deyil ki?
- Xeyr. Biz muğam ifaçıları həmişə çalışmışıq ki, oturuşumuzda,
duruşumuzda, geyimimizdə, danışığımızda bəzi sənət
nümayəndələrindən seçilək.
N.Ehlamqızı: Muğam müsabiqəsindən sonra bir çox gənc
xanəndələr kifayət qədər tanındı. Sonuncu dəfə mükafat alanlar
sırasında gənc xanəndələrdən yalnız Siz əməkdar artist adına layiq
görüldünüz. Həmkarlarınızdan özünüzə qarşı qısqanclıq hiss
etmirsiniz?
- Müsabiqə iştirakçılarından Təyyar Bayramov 2009-cu ildə əməkdar
artist adına layiq görüldü. Ondan sonra isə ad alan mənəm. Ola
bilsin qısqanclıq var, amma mən hiss etməmişəm.
N.Muradova: O adın məsuliyyətini nədə hiss
edirsiniz?
- Adın məsuliyyəti çox böyükdür. Çünki dövlətimiz tərəfindən
muğama, milli musiqiyə, incəsənət xadimlərinə böyük diqqət var. Biz
də çalışmalıyıq ki, o adı layiqincə qoruyub saxlayaq. Azərbaycanın
bayrağını bütün dünyada dalğalandıraq və muğamımızı hər zaman uca
tutaq.
B.Məmmədli: Müəllim kimi fəaliyyət
göstərirsiniz?
- Yox, müəllim kimi fəaliyyət göstərmirəm. Bu ildən dəvət ediblər.
Mədəni-maarif kollecində müəllim kimi fəaliyyət göstərəcəyik.
Dövlət tədbirləri, Heydər Əliyev Fondunun tədbirləri baxımından
qrafikimiz sıx olduğuna görə baş qarışıq olur.
B.Məmmədli: Bir ara görkəmli xanəndə Əlibaba
Məmmədov deyirdi ki, Babək səsini qorumur, toylara çox
gedir.
- Toya getməməklə səsi qorumaq mümkün deyil axı. Əsas odur ki,
gərək səsə ziyan olan şeylərdən uzaq olasan. Ziyanlı şeylərdən
birincisi siqaret, ikincisi spirtli içkidir, üçüncüsü soyuqdur. Bir
çox şərtlər var ki, onlara əməl etməlisən.
N.Qurbanova: Şərtlərə əməl
edirsiniz?
- Bəli, toylara getmək o demək deyil ki, səsinə nəsə olur.
Toylardan səs batmaz. Bütün böyük xanəndələrimiz toyxanalardan
çıxıb.
Dilqəm Əhməd: Onlar da içki
içməyib?
- Bəziləri olub ki, içib, onların aqibəti görünüb də necə olub.
D.Əhməd: O vaxtlar toylar 40 gün 40 gecə
keçirilirdi, bunun, şübhəsiz, yeməyi, içməyi var.
- Düzdür, toyun yeməyi-içməyi var (gülür). Yenə də deyirəm, səsinə
qulaq asmayanlar tez sıradan çıxıblar.
B.Məmmədli: Mahnı janrında ifanız
olub?
- Bəli, gözəl xalq artistimiz Ramiz Mirişlinin bir neçə mahnısını
ifa etmişəm. Maestro Ceyhunun lirik bəstəsi vardı, onu
oxumuşam.
N.Muradova: Özləri müraciət edir?
- Hə, özləri müraciət edib ki, bu mahnı sənin səsinə düşər,
istəyirəm sən ifa edəsən. Mən də ifa etmişəm.
N.Qurbanova: Sizi bir musiqiçi kimi kim kəşf
edib?
- İlk dəfə atam Gəncədə Bahadur müəllimə dedi ki, istəyirəm Babəkə
bir saz aləti düzəldəsən, onun musiqiçi olmasını arzu edirəm. Saz
düzəldi, bir gün Bahadur müəllim bizi çağırdı ki, artıq saz
hazırdır, özü də gəlsin, uşağa baxım. Sazla ilk tanışlıq idi. Sazı
əlimə götürdüm, mizrabı simə vurdum, Bahadur müəllim dedi ki, bu
uşağın yaxşı istedadı var. Ana tərəfdən qohumumuz Qəmkeş Allahverdi
böyük ustad olub. Dəlidağlı Ədalətin, bir çox aşıqların müəllimi
idi. Atam məni onun da yanına apardı. Simlərin ikisini aşıqdan
boşaltdı, dedi ki, simi kökləsən, biləcəm ki, sənin istedadın var.
Mən də simi o biri simə uyğunlaşdırdım, dedi ki, bu uşaqda nəsə
var, axırı yaxşı olacaq.
B.Məmmədli: Bəs muğam sənətinə necə
gəldiniz?
- Bayaq qeyd etdiyim kimi atamla anam dedi ki, sənin səsin aşıq
səsi yox, xanəndə səsidir. Məni birinci ustadım Sərdar Bağırovun
sinfinə qoydu. Onun yanında ifa etməyə başladım. 8 ay müddətinə
respublika uşaq muğam müsabiqəsində 3-cü yerə layiq görüldüm.
"Muğamı fonoqram ifa etmək qəbahət deyil"
N.Ehlamqızı: Estrada janrlarının ifaçıları kimi çox
vaxt muğam ifaçıları da fonoqram ifa edirlər. Hətta tarzən, kaman
ifaçısı studiyada olsa da, xanəndə canlı ifaya üstünlük vermir.
Studiyanın şəraitsizliyindən irəli gəlir, yoxsa başqa səbəb
var?
- Elə olur ki, mən də fonoqram ifa edirəm. Bu, qəbahət deyil. Çünki
təbiət qoynundasansa, havanın küləkli olmağı mikrofona əks təsir
göstərir, yoldan keçən maşının siqnalı lentə yazıla bilər. Ona görə
də televiziyanın özü də bizdən fonoqram istəyir ki, ifa təmiz
olsun. Studiya şəraitinə gəlincə, xanəndə də robot deyil ki. İncə
səs tellərimiz var. Xəstə olanda fonoqram oxumaq məcburiyyətində
qalırıq. Yaxud elə aranjiman var ki, onu canlı ifada alındıra
bilməzsən.
Qurban Yaquboğlu: Hansısa məclisdən, verilişdən,
ifadan imtina etdiyiniz olub?
- Bəli, imtina etdiyim verilişlər olub. Muğam ifaçılarında ağırlıq
var, həmişə çalışırıq öz sambalımızı qoruyaq. Yaxud xəstə olanda
səhhətimlə bağlı verilişə getməmişəm. Amma çalışıram ki,
tədbirlərə, efirə dəvət olunanda iştirak edim.
Q.Yaquboğlu: Muğam ifaçılarından qadınlar "Leyli",
kişilər "Məcnun" olmağa can atır. Sizin Opera və Balet teatrında
"Məcnun" rolunu ifa etmək istəyiniz varmı?
- İstəyim var, dəvət etsələr, böyük məmnuniyyətlə qəbul edərəm.
Sadəcə olaraq, hələ dəvət etmirlər. Bilmirəm nə məsələdir, səbəbi
məlum deyil.
N.Muradova: Özünüz də müraciət
etməmisiniz?
- Özüm müraciət etmərəm ki, məni "Məcnun" obrazı üçün hazırlayın.
Özləri dəvət etməlidir. Bir xasiyyətim var, harasa dəvət
olunmuramsa, oraya getmirəm. Deyir çağırılan yerə ar eləmə,
çağırılmayan yeri dar eləmə.
N.Ehlamqızı: Bəs başqa teatrla əməkdaşlıq
edirsiniz?
- Arif Qazıyevin rəhbərliyi ilə Muğam Teatrında çalışmışam. 2007-ci
ildən teatrın solisti olmuşam, 2010-cu ildə isə ləğv olundu.
N.Muradova: Muğam Teatrının bağlanmasına
münasibətiniz necə oldu?
- Artıq Muğam Mərkəzimiz açıldı. YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, ölkəmizin birinci xanımı Mehriban xanım sağ olsun, bizlər
üçün muğam ocağı inşa etdirdi. Ürəklə deyə bilirik ki, artıq bir
evimiz var. Sənətçi dostlarımla, musiqi xadimləri ilə çox vaxt
orada görüşürük.
N.Muradova: Muğam Teatrı elə idi ki, orada ifalar da
edirdiniz. Ştatda işçilər vardı. Yəqin Muğam Mərkəzində ancaq
tədbirlərdə çıxış edirsiniz...
- Tədbirlərdə də çıxış edirik. Bəzi çəkilişlərimiz var ki, orada
çıxışlar edirik, dəstgahlarımız yazılır, muğamlarımız, xalq
mahnılarımız oxunur. Böyük sənətkarların yubiley gecələri
keçirilir. Bu yaxınlarda Əlibaba Məmmədovun 85 illiyi ilə bağlı
yubiley gecəsi keçirildi, orada çıxış elədik.
N.Muradova: İndi Arif Qazıyevlə münasibətiniz
necədir?
- Arif müəllim bizim gözəl sənətkarımızdır. Tədbirlərdə, el
şənliklərində görüşürük.
N.Ehlamqızı: “Məcnun”u ifa etsəniz, səhnəmizin hansı
“Leyli”si ilə ifanız daha yaxşı alınar?
- Bizim bir-birindən gözəl “Leyli”lərimiz var. Birinin adını çəkib,
o birilərinin adını çəkməsəm bu, söz-söhbətə səbəb olar. Mən də
söz-söhbətdən qaçan adamam.
"Mənim "Leyli"m həyat yoldaşımdır"
A.Lətifov: Sualı onda belə qoyaq: kimin “Leyli”niz
olmasını istərdiniz?
- Üzr istəyirəm, mənim “Leyli”m həyat yoldaşımdır (gülür).
D.Əhməd: “Məcnun”luğun kriteriyası nədir ki, Sizi
gözlədirlər? Xanəndə öz şəxsi həyatında çoxmu əzab
çəkməlidir?
- Yox, o, əzab deyil ki, həyatdır.
D.Əhməd: Yəqin, “Leyli”nin qabiliyyətindən əlavə
gözəlliyi də olmalıdır. Bəs Məcnunda?
- “Leyli”nin əsas səsi olmalıdır. Vaxtilə “Leyli” rolunu kişilər
oynayardı. Çünki o vaxt heç kəs xanımının teatrda çalışması ilə
razılaşmazdı.
A.Lətifov: İndi niyə razılaşırlar? Nə
dəyişdi?
- O vaxt xanəndənin özünə mütrüb kimi baxardılar. Başıpapaqlı
kişilər qoymazdılar ki, öz övladları musiqi sənətinə getsin. Seyid
Şuşinski, dahi Üzeyir bəyimiz ortaq məxrəcə gəliblər. Mən bunu
Firudin Şuşinskinin kitabından oxumuşam. Onlar deyiblər ki, biz əl
qoymasaq, bu sənət itib batacaq. Nəinki qadın, kişi ifaçıların da
musiqi aləti çalmasına, mahnı ifa etməsinə pis baxardılar. İndi
dövr dəyişib. Gözəl səsli xanəndələrimiz, xanım ifaçılarımız
var.
D.Əhməd: Muğamın çoxluğun deyil, azlığın dinlədiyi
musiqi olduğu deyilir. Konsertə nə qədər könüllü şəkildə muğamı
sevən dinləyici gəlir?
- Tamaşaçının sayı ifaçıdan asılıdır.
N.Ehlamqızı: Sizin nə qədər auditoriyanız
var?
- Onu mən yox, xalq deyə bilər. Solo konsertim olmayıb, inşallah,
gərək bir gün konsert verəm, onda bilmək olar ki, nə qədər tamaşaçı
gələcək. Bir dəfə mənə dedilər ki, sənin sənətçi dostların artıq
konsert verib, bəs sən niyə konsert vermirsən? Mən də zarafatyana
dedim ki, vallah, mənim qohum-əqrəbam burada yaşamır, azdır, onlar
burada çox olanda mən də konsert verərəm. Çünki baxırsan ki,
konsertdə çox vaxt qohum-əqrəban olur, biletləri özün verirsən,
zəng edirsən ki, dur gəl konsertə. Fanatlarım həddən artıq çoxdur.
Gərək konsert edib baxaq.
B.Məmmədli: Konsertinizi Filarmoniya, Muğam mərkəzi,
yoxsa Heydər Əliyev sarayında keçirmək
istəyirsiniz?
- Musiqi ocaqlarımızın hamısı bir-birindən gözəl və zəngindir.
Hansı sarayda olsa, böyük məmnuniyyətlə çıxış edəcəyəm. Bildiyiniz
kimi orada maddi qonorar var. Onları yoluna qoyan insan olsa, günü
bu gün konsert edərdim.
A.Lətifov: Suallara diplomatik cavab verirsiniz.
Sanki ehtiyatlı davranırsınız...
- Çox dərinə getsək, boğularıq ( gülür).
A.Lətifov: Elə məqam olubmu muğam yox, estrada
ifaçısı olmaq ürəyinizdən keçib. Maddi baxımdan estrada müğənniləri
daha çox qazanc əldə edirlər...
- Şükürlər olsun, səsimiz var, muğam ifa edirik. Muğam oxuyanın iki
oktava yarım səsi olmalıdır. Dəstgahların hamısını birə-bir
oxumalıdır. Muğam ifaçıları ölkəni dünyada təmsil edən insanlardır.
Ölkəni xaricdə estrada ifaçıları təmsil etmir. Qardaşımızın toyu
olsa belə, onun toyuna getməyib dövlət tədbirinə qatılmalısan.
“Roka, caza, repə, meyxanaya da qulaq asıram”
Q.Yaquboğlu: İnsanlar muğamlara qulaq asır,
təsirlənir, kövrəlir. Bəs Sizə kimlərin ifaları, hansı musiqilər
təsirli gəlir?
- Təkcə muğamlara yox, olur ki, roka, caza, repə, meyxanaya da
qulaq asıram. Fars muğamları, Pakistan ifaları, ərəb musiqilərini
də dinləyirəm. Bizimkilərdən isə gənc nəsildən daha çox yaşlı
nəslin ifasına üstünlük verirəm. Çünki yaşlı nəslin nümayəndələri
muğamı bugünkü dövrə qədər gətirib çatdırıblar. Cabbar
Qaryağdıoğlu, İslam Abdullayev, Keçəçioğlu Məhəmməd, Məşədi
Məmmədfərzəliyev kimi nəhənglərə, kökə qulaq asırıq ki, kökdən
kənara çıxmayaq. Çalışırıq ki, o kök qanımıza, ruhumuza hopsun.
Q.Yaquboğlu: Vaxtilə televiziyada Şuşinskinin
silsilə verilişləri vardı, o, muğam məktəblərini bölmüşdü: Şirvan,
Bakı, Qarabağ məktəbi və s. Sizin bölgülərə münasibətiniz necədir?
Fərqləri hiss edirsinizmi?
- Vallah, bölgülərə çox pis baxıram. Çünki Azərbaycanı xarici
ölkədə təmsil edəndə orada demirlər bu insan şamaxılı, ağdamlı,
laçınlı, kəlbəcərli yaxud bakılıdır. Orada təqdimatda deyirlər ki,
“çıxış edir azərbaycanlı”. Azərbaycanın hər bir bölgəsində
istedadlı var.
Q.Yaquboğlu: Yəqin, oxu fərqləri olmamış
olmaz.
- Segah segahdır, başı sonluğu eynidir. Sadəcə hər bir ifaçı eyni
qaydada oxuyub eyni naxışları vura bilməz. Onda hamı bir nəfərə,
orijinal kimdirsə, ona qulaq asar. Əlibaba Məmmədovun bir sözü var,
hər xanəndə oxuyanda öz naxışını vurur. Hər gülün bir ətri olduğu
kimi, muğam ifaçılarının da öz oxu tərzi var.
Q.Yaquboğlu: Sizin müəlliminiz kim
olub?
- İlk müəllimim Gəncə musiqi məktəbində Sərdar Bağırov olub. 5 il
orada oxumuşam. Sonra isə Biləcəridə 6 nömrəli musiqi məktəbində
mərhum sənətkarımız Məmmədbağır Bağırzadənin sinfində 2 il təhsil
almışam. 2003-cü ildə isə Asəf Zeynallı adına musiqi kollecinə
daxil oldum, orada müəllimim professor Canəli Əkbərov oldu. Milli
Konservatoriyada isə Arif Babayevin sinfinə qəbul oldum. Hazırda
magistraturada oxuyuram, inşallah, bu il bitirəcəyəm.
N.Muradova: “Leyli”nizi harada, necə
tapmısınız?
- Axtaran tapar (gülür).
N.Qubanova: Sonra da deyirlər Qarabağ zonası
mühafizəkardır. Ona görə də suallarımıza cavab vermək
zorundasınız...
- Ailəmlə bağlı çox danışmağı xoşlamıram. Onu qeyd etmək istərdim
ki, iki övladım var, birinin adı Mehdidir, 3 yaşı var, o biri
oğlumun adı Cavidandır, bu yaxınlardan doğulub. Allah olmayanlara
qismət eləsin.
N.Qubanova: Siz məclislərə gedən, ətrafınızda
kifayət qədər gözəl xanımlar olan adamsınız. Ailənizdə
söz-söhbətlər olmur ki?
- Şərtimizi şumda kəsmişik ki, xırmanda yabalaşmayaq. Musiqiçi
ailəsi olmaq çox çətindir.
N.Qubanova: Xanımınız da
musiqiçidir?
- Yox, musiqiçi deyil, evdar xanımdır. Mən rayonların hansındansa
gələndə elə olur gecə saat 3-də çatıram. İstər-istəməz evdə nigaran
qalırlar.
N.Qubanova: Qısqanclıq olmur?
- Qısqanclıq, əlbəttə, olmalıdır. Əgər sən ailəni qısqanmırsansa,
xanımın səni qısqanmırsa, deməli sevmir. Çox vaxt deyirlər ki, niyə
qısqanırsan, inam olmalıdır. Deyirəm, vallah, qısqanmırsa, sevmir.
Düzdür, inam vacibdir, amma qısqanclıq da olmalıdır.
“Həm kişi, həm də qadın qısqanc olmalıdır”
N.Qurbanova: Sizcə, qısqanclıq zəiflik əlaməti
deyil?
- Yox, istər kişi, istərsə də qadın qısqanc olmalıdır. Qadın
qısqanc olmasa, ortaya çox işlər çıxar (gülür).
N.Qurbanova: 3 ildir ki, atasınız, ictimaiyyət
içində olan adam üçün ailə həyatı nəyi dəyişdi? Gənclərə necə
tövsiyə verərdiniz?
- Ailə həyatı insanı bəzi səhlənkar, boş işlərdən uzaqlaşdırır, evə
bağlı edir. Bilirsən ki, səni evdə gözləyən var, evə tez gəlməyə
çalışmalısan. Evə bazarlıq edib gətirirsən (gülür). Uşağın üstünə
yüyürüb “ata” deyəndə ruhlanırsan. Hər bir yaşın öz dövrü var,
evliliyin də başqa aləmi var.
B.Məmmədli: Tanınmış musiqişünas Ramiz Zöhrabov
deyir ki, xanəndələr daha çox oxunan qəzəllərə üstünlük verirlər,
yeni qəzəl öyrənmək istəmirlər. Yeni qəzəllər bölgü etmək
baxımından çətindir yoxsa başqa səbəb var?
- Artıq qəzəlləri böyük xanəndələr oxuyub, onlar insanların beyninə
həkk olunub. Dinləyicilər o qəzəlləri daha çox mənimsəyirlər. Allah
Əliağa Vahidə və bir çox qəzəl yazarlarımıza rəhmət eləsin, sadə
yazıblar. Məhəmməd Füzuli yazıb ki, “Pənbeyi-daği-cünun içrə
nihandır bədənim”. İstər-istəməz tamaşaçı soruşur ki, nə deyirdin o
misrada. İndi gəl, bunu açıqla. Amma məsələn, Vahid yazıb ki,
“Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir, Eşqdən məhrum olan
insanlığa biganədir”. Bu misra isə daha aydındır. O vaxtkı
yazarlarımız əsasən fars və ərəb mənşəli sözlərdən istifadə ediblər
deyə elə də yadda qalımlı olmur. Vallah, indiki dövrdə də həmin
qəzəlləri oxumaq hamısından yaxşıdır. Düzdür, təzə qəzəl
öyrənməlisən, gözəl yazarlarımız var, onların qoşmalarını
oxumalısan. Ancaq bu dəqiqə xalqımıza, demək olar ki, qoşma və
gəraylılar çatır.
B.Məmmədli: Bölgüləri özünüz
edirsiniz?
- Bölgünü özümüz də seçirik. Amma dövlət tədbirlərində olsaq, yaxud
dəstgahları yazanda mütləq qəzəl oxumalıyıq, qoşma oxumaq olmaz.
Çünki muğama qoşma oxumaq yaraşmır.
N.Qurbanova: Qadın sənətçilər arasında intriqa
olanda daha tez büruzə verir. Kişilər arasındakı intriqa isə elə də
üzə çıxmır. Sizi qalmaqala çəkmək istəyənlər var?
- Muğam ifaçıları arasında ancaq sağlam rəqabətdir. Biri yaxşı
qəzəl oxuyursa, deyirsən ki, çalışım ondan yaxşı qəzəl ifa edim.
Aramızda “filankəsin villası var, ondan tikim, yaxud bahalı
maşınından mən də alım kimi” rəqabət getmir. Bizdəki sənət
rəqabətidir.
D.Əhməd: Dövlət tədbirlərinə dəvət etalon
sayılır?
- Muğam ifaçıları, gənclər arasında xarici ölkələrdə çıxışlar
olanda bölgü aparılır. Bir nəfər bütün ölkələrdə çıxış edə bilməz
axı. Mədəniyyət və Turizm Nazirliyi ardıcıllıqla xanəndələri
müxtəlif ölkələrə yazırlar.
B.Məmmədli: Albom barədə
düşünmürsünüz?
- 2011-ci ildə diskim çıxıb. Bu yaxınlarda yeni albomum işıq üzü
görəcək. Diskdə xalq, estrada mahnıları və muğamlar yer alacaq.
N.Ehlamqızı: Bədii ədəbiyyata marağınız
var?
- Bu dəqiqə kitab oxumağa vaxt yoxdur. Qəzəlləri oxuyub
çatdırırıqsa, o, böyük şeydir, vallah.
N.Qurbanova: Bir ara muğam ifaçıları ancaq yaşlı
nəsil idi, eyni repertuarla çıxış edirdilər, göz yorulmuşdu. Muğam
müsabiqəsindən sonra çox gənc tanındı. Amma hiss olunur ki, gənclər
bəlli mərhələyə çatanda, ad alıb, beynəlxalq tədbirlərə gedib, solo
konsert verəndən sonra sanki işlərini bitmiş hesab edirlər. Bu
arxayınlıqdır? Səhv etmirəmsə, üç nəfər idiniz, Sizin haqqınızda
film də çəkildi.
- Üç nəfər yox, indi muğam ordusu alınıb. Söhbət ad alandan sonra
arxayınlıqdan getmir. İçi mən qarışıq musiqiçilər həmişə öz
üzərində çalışırlar. Bəzilərində arxayınlaşma ola bilər, amma məndə
yoxdur. İzləyənlər bilir ki, muğam ifaçıları nələrə qadirdir.
N.Ehlamqızı: Ailənizlə birgə istirahətinizi necə
təşkil edirsiniz?
- Mən təbiətə üstünlük verirəm. Dağ adamı olduğum üçün çalışıram
ki, dağlara çıxam, gözəl bulaqlardan dadam.
N.Muradova: Evdə məşq edirsiniz?
- Bəli.
N.Muradova: Qonşular nə deyir?
- (Gülür) öz üslublarımdan istifadə edirəm deyə qonşular narahat
olmur. Səsin öz gimnastikası var, səs açma qaydaları var. Səhər
9.00-da tədbirdə oxumalısansa, saat 5-dən oyaq olmalıyıq ki, səs
tellərimiz muğamlara getsin. Hər xanəndənin səsin açılması,
yumşalması üçün öz qaydaları var. Yediyin qidalara diqqət
yetirməlisən.
D.Əhməd: Qida olaraq səsə nə
ziyandır?
- İstiot, limon, ağartı, göy-göyərti, soğan, sarımsaq ziyandır. Hər
qidanı yeyəndən sonra oxuyuram görüm necə təsir göstərdi. Ziyan
olanda menyudan kənarlaşdırıram.
B.Məmmədli: İdmanla məşğul
olursunuz?
- 4 il boksla, 3 il yarım güləşlə məşğul olmuşam.
Söhbətimizi bitirəndə xanəndədən bizə mahnı ifa etməsini xahiş
etdik. Babək Niftəliyev Teleqraf-çılara “Bu ayrılıq nədən oldu”
mahnısını oxudu. Mahnı bitər bitməz mədəniyyət yazarımız Nərmin
Muradova soruşdu : Həyat yoldaşınızla küsəndə, yəqin, belə mahnılar
dadınıza çatır.
- Hərdən olur. Hər ailədə söz-söhbət olur. Amma çalışmalısan ki,
yoluna qoyasan.
Beynəlxalq Sevgililər günündə xanımına nə hədiyyə edəcəyini
soruşanda isə “hələ fikirləşirəm” cavabını verdi.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı