Ye, dua et, sev...
Bizi izləyin

Qırmızı.az

Ye, dua et, sev...

Xoşbəxt olmaq azdır, xoşbəxtliyi idarə etmək lazımdır"

Bu maraqlı fikri məşhur olmayan bir yazarın məşhur olmayan əsərindən oxuyanda necə də böyük reallıq olduğunu düşündüm. (Sizə heç nə ifadə etməyəcəyi üçün yazarın adını qeyd etmirəm.)

Məncə, doğrudan da, bu, belədir. Amma biz heç vaxt xoşbəxtliyimizi idarə etmək haqqında düşünmürük. Bizi narahat edən onu, sadəcə, itirməməkdir. İtirmək qorxusu bizə ancaq dua edib, mövcud xoşbəxtliyimizin daimi olmasını diləməyə sövq edir...

Dualarımız eşidilirmi?! Mən daimi xoşbəxtliyindən bəhs edən heç kimlə qarşılaşmamışam. Bəs siz?!

Əks tərəfdə isə daim bədbəxtlik hissindən əziyyət çəkənlər var. Və onlar da xoşbəxt olmaq üçün dua edirlər...

Bir həqiqət də budur ki, hər kəs xoşbəxt olmaq üçün doğulmayıb. Hamının və hər kəsin xoşbəxt olmasına dünyanın gücü çatmazdı, bəlkə də. Amma məni xoşbəxt olmayanlar yox, xoşbəxtlər ilgiləndirir...

Məncə, xoşbəxtliyi saxlamaq üçün ancaq dua etmək miskin seçimdir. Onu idarə etmək lazımdır. Onu idarə etməyin yollarını öyrənmək və onun köləsinə deyil, sahibinə çevrilmək gərəkdir.

Bəlkə, bu sətirləri oxuyub məni ittiham edənlər olacaq. Dünyada və ölkədə bu qədər ciddi problem var ikən... Gərgin siyasi-iqtisadi hadisələr, neftin enən qiyməti, çoxalan münaqişəli ərazilər; Ukrayna, terror; şərqdə Suriya, İraq və hətta İran, şimala doğru Rusiya, Afrikada acından ölən uşaqlar və həbsdə doğan qadın... Bu siyahını ağla sığmayacaq qədər uzatmaq olar. Amma həqiqət bu mövzuların heç birinin bizim üçün şəxsi xoşbəxtliyimizdən daha vacib olmamasıdır.

Etiraf etmək lazımdır ki, son zamanlar mənim üçün də bundan daha ciddi mövzu yoxdur. Əslində elə sizin üçün də bunun belə olduğundan əminəm. Məgər biz hər gün xoşbəxliyi axtarmırıq və ya xoşbəxt olmaq üçün çalışmırıq?

Axı bütün qüdrətli hisslər də bu hissin gəlişi ilə tamamlanır. Ən böyük uğurlar, qüdrətli qələbələr, böyük sərvət və iqtidar - hər şey xoşbəxtliyimiz üçün deyilmi?! Bu yolda irəliləyəndə heç birimiz ac uşaqları düşünmürük və ya ölən əsgərləri... Səmimi olmaq lazımdırsa, niyə bəs bizlər qayğılı vətəndaş rolundayıq?!

Mövzudan uzaqlaşmayaq: xoşbəxtliyi idarə etmək lazımdır. Bəs bunu necə etməli? Yəqin, ilk olaraq xoşbəxtlik anlayışını müəyyən etməliyik. Çox dərinlərə getmədən, məhz sizə sevinc gətirən anları düşünün: dostlarınız doğmalarınız, işiniz, təhsiliniz, yaratdıqlarınız, sevdikləriniz... Xoşbəxtlik daha başqa bir şeymi olmalıdır?..

Bizə həzz verən, mutlu edən, fərəhləndirən, sevindirən, zövq aldığımız hər şey xoşbəxtlikdir. Əlbəttə, bu, mənim subyektiv fikrimdir: anormal şəkildə aludə olmadığımız, təsirinə düşmədiyimiz hər şey xoşbəxtlikdir. Qorxduğumuz üçün deyil, sevdiyimiz üçün müqəddəsləşdirdiyimiz, toxunulmaz hesab etdiyimiz hər nə varsa, xoşbəxtlikdir. Hətta xoşbəxtlik haqqında düşünməyin, xəyallar qurmağın özü də xoşbəxtlidkdir...

Və beləcə, xoşbəxtliyimizi idarə də edə bilərik...

Əslində məqsədim heç birinizə xoşbəxtlik aşılamaq deyil. Mən, sadəcə, öz xoşbəxtliyim üçün yazıram. Bir neçə sətir yazmaq, yazmaq barədə düşünmək... bu cızma-qaralar məni fərəhləndirir və ardından xoşbəxtlik gətirir.

Sonda sizə bir filmdən bəhs etmək istəyirəm. Sevimli aktrisam Julia Roberts "Ye, dua et və sev" filmində xoşbəxtliyi axtaran qadın obrazını canlandırır. Filmdə baş rolda olan Julia artıq sevmədiyi həyat yoldaşından boşanıb, uzun zamandır istədiyi səyahətə çıxır, xoşbəxtliyi axtarır və tapır...(davamı maraqlıdırsa, filmi izləyin...)

Bəlkə də, həyat məhdudiyyətlərin olmadığı və bizə sevgi verən insanlarla bir masada zövq ala-ala yediyimiz yemək və bunun üçün etdiyimiz dualardır?!.

Qısası, xoşbəxtlik naminə yeyin, dua edin və sevin!...

Sədan Bünyadova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm