• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

81 yaşlı qadını əxlaqsızlıqda günahlandırdı, çəkiclə qətlə yetirdi - İsmayıllıda ŞOK QƏTLİN TƏFƏRRÜATI

81 yaşlı qadını əxlaqsızlıqda günahlandırdı, çəkiclə qətlə yetirdi  - İsmayıllıda ŞOK QƏTLİN TƏFƏRRÜATI

İsmayıllı rayon sakini, 1975-ci il təvəllüdlü Elbrus Cəbiyev 81 yaşlı qadını qətlə yetirməkdə ittiham olunub.

Publika.az xəbər verir ki, sərxoş olan Elbrus qonşusu, 1933-cü il təvəllüdlü Rəbiyyə Talıbovanın evinə gəlib. Hadisə ötən il iyulun 1-də, saat 17 radələrində baş verib.

İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, 51 ünvanda kirayənişin qalan Elbrus qonşusunun evində pozğun həyat tərzi keçirən şəxslərin yaşadığını iddia edib və Rəbiyyənin də pozğun qadın olduğunu deyib. O, 81 yaşlı qadını nalayiq sözlərlə təhqir edib.

Rəbiyyə onun çıxıb getməsini tələb edib. Bu zaman Elbrus yaşlı qadının başından çəkiclə vurub. O daha sonra yaşlı qadını boğaraq qətlə yetirib. Elbrus qadının meyitini evin zirzəmisinə atıb. Ertəsi gün o, meyiti zirzəmidən götürərək yolun kənarına atıb.

Bundan başqa, Elbrus Cəbiyev istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 295,24 qram narkotik vasitə - marixuana əldə edib. İyulun 3-də onun evində həmin narkotik vasitə aşkarlanaraq götürülüb.

“Arvadım Günayı və məni nalayiq söyüşlərlə söydü”

Publika.az xəbər verir ki, Elbrus Cəbiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Onun barəsində cinayət işi baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Elbrus Cəbiyev bildirib ki, “Nur” şadlıq sarayının yaxınlığında olan torpaq sahəsinə kiçik bir vaqon qoyaraq, iyunun 22-də ailəsi ilə birlikdə oraya köçüb: “İsmayıllı şəhəri, Q.Aslanov küçəsində yaşadığım evin kirayə haqqını ödəmədiyimdən evin açarını sahibinə qaytarmamışam. İyulun 1-də sərxoş hаldа kirаyədə qаldığım evə gəldim. Həmin vaxt darvazanın qapısını bağlamaq yadımdan çıxmışdı. Saat 17.00 radələrində həyətdə araq içən zaman Rəbiyyə həyətə girdi. O, arvadım Günayı və məni nalayiq söyüşlərlə söydü”.

“Qadını boğandan sonra taxtanı otluğun üzərinə tulladım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Rəbiyyə əlindəki çəliklə onun başından vurub və bu zaman çəlik iki yerə qırılıb: “Rəbiyyə dayanmadan məni söydüyündən və spirtli içkinin təsiri altında olduğumdan həyətdəki beysbol taxtasını götürərək onun başının arxa tərəfindən zərbə ilə vurdum. Qadın zərbənin təsirindən üzü üstə daşın üstünə yıxıldı. Bundan sonra Rəbiyyənin qolundan tutaraq arxası üstə çevirdim və qarnının üstünə çıxdım. Bundan sonra taxta ilə onu boğdum. Təxminən 2-3 dəqiqə beysbol taxtası ilə onun boğazından sıxandan sonra Rəbiyyənin özündən getdiyini gördüm. Qadını boğandan sonra taxtanı darvazanın yanında otluğun üzərinə tulladım. Heç kimin heç nə görməməsi üçün darvazanı bağladım. Rəbiyyənin öldüyünü düşündüyümdən, meyiti gizlətmək üçün evə tərəf sürüdüm. Meyiti zirzəmiyə tulladım”.

“Arvadım polisə təslim olmağı məsləhət bildi”

Elbrus Cəbiyevin sözlərinə görə, həyat yoldaşı Günaya adam öldürdüyünü deyib. O qeyd edib ki, sərxoş olduğu üçün arvadı buna inanmayıb: “Günaya öldürdüyüm adamın meyitinin kirayədə qaldığımız evdə olduğunu dedim. Lakin kim olması barədə heç nə söyləmədim, yalnız yaşlı bir qadın öldürdüyümü bildirdim. Günay yenə də mənə inanmadı. Meyiti arvadıma göstərmək üçün birlikdə kirayə tutduğum evə getdim. Evə daxil olanda arvadım meyiti otaqda döşəmənin altında gördü və qorxaraq həyətə qaçdı. Bu zaman mən də qapını arxadan bağlayaraq evdən çıxdım. Vaqon-evə qayıdanda arvadım mənə polisə təslim olmağı məsləhət bildi”.

“Qadını öldürərkən əynimdə olan paltarları yandırdım”

Elbrus Cəbiyev bildirib ki, gecə saat 04.00 radələrində yuxudan oyanıb və meyiti evdən çıxararaq yola atmaq üçün arvadı Günayla birlikdə kirayə qaldığı evə gəlib: “Evdə olan zərli örtüyü götürərək qadını ona bükdük. Daha sonra Rəbiyyənin meyitini çiynimə qoyaraq yolun kənarına gətirdim və orada meyiti çinar ağacının dibinə qoydum. Daha sonra qadını bükdüyüm örtüyü və onun çəliyini yandırdım. Daha sonra qadını öldürərkən öz əynimdə olan paltarları da yandırdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, kirаyədə qаldığı evdən tаpılmış nаrkotik vаsitə hesab olan qurudulmuş mаrixuanаdаn xəbəri yoxdur. O bildirib ki, həmin nаrkotik vаsitə onа məxsus deyil.

Məhkəmənin hökmü ilə Elbrus Cəbiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR