Bakı soyuq havaya hazırdır?
Bizi izləyin

Qırmızı.az

Bakı soyuq havaya hazırdır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 18 və 19-da Bakıda və Abşeron yarımadasında, o cümlədən rayonlarda temperaturun enməsilə bağlı əhaliyə xəbərdarlıq edib. Bakıda havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10, rayonlarda isə 7-12 dərəcə enəcəyi gözlənilir.

Paytaxt və Abşeron yarımadasında fevralın 17-si axşam, fevralın 18-i axşam və səhər şimal-qərb küləyinin güclənəcəyi, fevralın 18-19-da dağlıq və dağətəyi rayonlarda qar yağacağı xəbər verilir. Bəs aidiyyəti qurumlar soyuq havaya nə qədər hazırdırlar?

“Azəriqaz" İstehsalat Birliyi (İB) soyuq hava şəraitində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, temperatur enərsə, qazın təzyiqi əhalinin tələbatına uyğun şəkildə artırılacaq: “Biz çalışırıq ki, soyuq günlərdə qazın verilişində məhdudiyyət olmasın. Vaxtında istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün qurum tərəfindən zəruri tədbirlər həyata keçirilib. 185 nömrəli qaynar xətt və 104 nömrəli qəza xidməti də 24 saat fasiləsiz əhaliyə xidmət göstərir”.

O bildirib ki, yerli qaz istismar sahələrinin günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcəklər.

Əhalini qazla bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağıran İ.Kərbəlayevin sözlərinə görə, baş verə biləcək hadisələrin qarşısının alınması üçün müvafiq tədbirlər görülüb və qurum hər cür soyuq havaya hazırdır.

“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev də məsələyə nikbin yanaşır. Mətbuat katibinin Publika.az-a bildirdiyinə görə, qurum noyabr ayından tam rejimə keçib və saat kimi işləyir: “”Azəristiliktəchizat” istənilən növ havaya hazırdır. Əhali qar yağan günləri əyləncə kimi keçirəcək. “Azəristiliktəchizat” saat kimi çalışır”.

R. Əliyevin sözlərinə görə, adətən, qazanxanalar təzə rejimə keçəndə müəyyən problemlər ola bilir. Artıq həmin vaxtdan iki aydan çox vaxt keçdiyindən heç bir problem gözlənilmir.

“Bütün mexanizmlər start vəziyyətdədir. Bizim işimiz üç mexanizmdən asılıdır: qaz, su, elektrik. Bunlarda hansısa problem olmasa, bizim işimizdə də heç bir problem olmayacaq”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Publika.az-a verdiyi məlumata görə, Bakıda istənilən soyuq hava şəraitində heç bir problem yaranmır: ““Azərişıq” ASC çalışır ki, bütün respublika ərazisində hansısa problem olmasın. Abonentlər istədikləri qədər elektrik enerjisi ala bilsinlər. Biz gecə və gündüz əhaliyə fasiləsiz xidmət edirik. Əgər fərdi qaydada hansısa problemlər olarsa, əhalidən 199 saylı telefona zəng etmələrini xahiş edirik. Bütün problemlər operativ şəkildə aradan qaldırılacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm