Polis rəisindən açıqlama: "Salyanda narkomanların sayı artıb" – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Polis rəisindən açıqlama: "Salyanda narkomanların sayı artıb" – FOTOLAR

Bu gün Salyan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Rayon Polis Şöbəsi tərəfindən “Narkomaniya - bəşəriyyətin bəlası” mövzusunda konfrans keçirilib.

Publika.az-ın əməkdaşının verdiyi məlumata görə, tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilmiş deputatı Fəzail Ağamalı, Salyan rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, Salyan rayon prokuroru Firdovsi Nemətli, Salyan rayon məhkəməsinin sədri Xəqani Tağıyev, məktəbli uşaqlar və yeniyetmələr, veteranlar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Salyan rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov konfransın mahiyyətindən və vacibliyindən danışıb. Onun sözlərinə görə, ölkədə narkomaniyaya qoşulanların sayı ildən-ilə artır: “Salyan cənub qonşumuz olan ölkədən daşınan narkotik marşrutunun üzərində yerləşir. Bu isə rayonda narkomanların sayının artmasına təsir göstərir. Təsadüfi deyil ki, Salyanda narkotiklə bağlı olan cinayətlərin sayı da artıb. Ötən il rayon ərazisində 8,3 kiloqram narkotik vasitə dövriyyədən götürülüb. Bu isə 2013-cü illə müqayisədə xeyli çoxdur”.

Çıxış edən deputat F.Ağamalı isə deyib ki, narkomaniya ilə mübarizə təkcə hüquq-mühafizə orqanlarının mübarizəsi deyil: “Bu, bütövlükdə cəmiyyətin, hər bir evdə valideynlərin, hər bir məktəbdə müəllimlərin mübarizəsi olmalıdır. Azərbaycan Cənubdan Şimala aparılan narkotranzit marşrutunun üzərində yerləşir. Təbii ki, bu da Azərbaycana təsirsiz ötüşmür. Azərbaycanda elə bir rayon yoxdur ki, orada narkotik yayılmasın. Bu rayonlardan biri də Salyandır”.

F.Ağamalı bildirib ki, narkotik əsasən maarifsizlik olan yerlərdə yayılır. Onun sözlərinə görə, Azərbaycanda narkotik daşıyıcıları əsasən oğlanlardır: “Narkotik istifadəçisi olan qızların sayı oğlanlarla müqayisədə daha azdır. Narkotikə alışan gənclər artıq öz valideynlərini qətlə yetirməyə belə gedirlər ki, gedib narkotik alsınlar. Narkotikə alışan adamlar tamamilə dəyişirlər, ən sevdikləri adamlara qarşı belə düşmənə çevrilirlər”.

Deputat deyib ki, narkotik və QİÇS xəstəlikləri ilə mübarizə bütövlükdə cəmiyyətin marağında olmalıdır, bununla hər kəs mübarizə aparmalıdır: “Azərbaycanın düşmənləri kifayət qədərdir. Onlar müxtəlif formalarda Azərbaycana qarşı mübarizə aparırlar. Bunlardan biri də Azərbaycanda narkomaniyanın geniş yayılmasına çalışmaqdır. Ona görə də bütün cəmiyyət bunu anlamalı və narkomaniya ilə birgə mübarizə aparmalıdır”.

F.Ağamalı Salyanda “Narkomaniyaya yox deyək” adı altında yürüş təşkil edilməsi barədə təkliflə də çıxış edib: “Bu cür kampaniyaları təkcə Salyanda deyil, bütün rayonlarda həyata keçirmək mümkündür. Yaxşı olar ki, bu cür tədbirlər Salyanda da təşkil edilsin. Şəxsən mən özüm də həmin yürüşdə iştirak etməyə hazıram”.

Deputat qeyd edib ki, cəmiyyəti narahat edən digər problem isə erkən nikahla bağlıdır: “Azərbaycanda 12-13 yaşında olan qızlarımız erkən nikaha cəlb olunurlar. Erkən nikaha qoşulan qızlarımız həm fiziki, həm də psixoloji baxımdan ailə qurmağa hazır olmurlar. Onların gələcəkdə uşaqları da fiziki və əqli baxımdan problemləri olur. Çox təəssüf ki, cəmiyyətdə hələ də belə bir düşüncə var ki, əgər qızımız 20 yaşına kimi ərə getmirsə, deməli, o qocalıb. Bu cür düşüncə tərzi doğru deyil. Bu, cahillikdir. Yaxşı olar ki, qızlarımız erkən nikaha girməzdən öncə təhsil alsın, daha sonra ailə həyatı qursun. Ona görə də əziz gənclər sizə tövsiyə edirəm ki, əgər sizin valideynləriniz sizi 15-16 yaşına ailə həyatı qurmağa məcbur edirsə, o zaman siz buna imkan verməyin. Dövlətimiz də sizin hüquqlarınızı müdafiə edir, bunun üçün bizim müvafiq qanunlarımız var”.

F.Ağamalı söyləyib ki, ailə həyatı qurarkən, mütləq rəsmi nikah müqaviləsi imzalanmalıdır: “Bu, gənclərimizin gələcək həyatı üçün də faydalıdır”.

Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov isə müəllim-şagird münasibətinin normal səviyyədə olmadığını və bunun da digər böyük fəsadlara yol açdığını söyləyib: “Məktəblərdə müəllim-şagird münasibətləri çox pis təşkil olunub. Şagirdlərin məktəbdən sonrakı asudə vaxtından səmərəli istifadə olunmur. Müəllim şagirdin yanında siqaret çəkir, Salyanda mağazalarda şagirdlərə siqaret və spirtli içkilərin satışına nəzarət yox dərəcəsindədir. Mən buradan hüquq mühafizə orqanları rəhbərlərinə müraciət edib xahiş edirəm ki, Salyanda məktəblilərə siqaret satışına son qoyulsun”.

Deputat F.Ağamalı isə deyib ki, qanunla 18 yaşına qədər olan şəxslərə spirtli içki və tütün məhsullarının satışı qadağan olunur: “Ancaq insanlar və həmin ticarət rəhbərləri buna əməl etmirlər. Mən burada əyləşən Salyanın icra nümayəndəsindən, polis rəisindən və prokurorundan xahiş edirəm ki, Salyanda bütün mağazalarda “18 yaşına qədər olan şəxslərə siqaret satılmır” lövhəli elanlar asılsın və buna nəzarət olunsun. Əks halda bunun qarşısını almaq çətin olacaq”.

Rayon prokuroru Firdovsi Nemətli, məhkəmə sədri Xəqani Tağıyev gəncləri narkomanlardan uzaq gəzməyə çağırıb.

Prokuror Firdovsi Nemətli deyib ki, hazırda Salyanda 900 nəfər narkoman var: “Onların müalicəsi ilə məşğul olunur. Amma onları bu hala salan narkotik tacirləridir. Həmin narkotacirlər insanları narkomaniyaya yoluxdurmaqla milyonlar qazanır, bunun müqabilində özlərinə bahalı maşınlar və villalar alırlar”.

Qeyd edək ki, tədbirdə narkomaniyanın törətdiyi fəsadları əks etdirən “Narkomaniya - bəşəriyyətin bəlası” adlı video-çarx nümayiş etdirilib.

Tədbirin sonunda məktəblilərin müraciətləri dinlənilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm