44 yaşlı ailədən gənclərə mesaj: “Ailə problemləri şou verilişlərində həll olunmaz”
Bizi izləyin

Qırmızı.az

44 yaşlı ailədən gənclərə mesaj: “Ailə problemləri şou verilişlərində həll olunmaz”

Biz son zamanlar problemi, çətinliyi olan, boşanan və ya boşanma ərəfəsində olan, arvadını döyən, ərini bıçaqlayan ailələr haqqında yazılar görməyə öyrənmişik. Mediaya kiçik bir ekskursiya etmək kifayətdir ki, hətta bu cəmiyyətdə normal və tərbiyəli ailələrin az olduğunu düşünəsən. Əslində, belədirmi? Doğrudur, əxz etdiyimiz Avropa mədəniyyəti və onunla birlikdə gələn “dəyərlər” bizə elə sirayət edib ki, bir çox ailələrdə böyük-kiçik münasibətləri, hörmət, səmimiyyət qalmayıb. Ailədə zorakılıq, boşanmalar, arvadın ər, ərin arvad tərəfindən qətlə yetirilməsi, həm də xüsusi amansızlıqla qətlə yetirilməsi halları artıb. Mütəxəssislər digər səbəblərlə yanaşı, bunu həm də mətbuatda həmin halların geniş işıqlandırılması ilə əlaqələndirirlər. Bir çox hallarda isə mətbuatda gedən müsahibələr oxucu cəlb etmək xatirinə alınır. Bu müsahibə isə tamam fərqlidir, burada baltalama, doğrama və digər bu kimi adət etdiyimiz kriminal məqamlar yoxdur. Burada 40 ildən artıq bir yerdə yaşayan, bir-birini hər kəlməsindən anlayan nümunəvi ailə modelindən danışacağıq - Südabə Əsgərova və Aydın Əsgərovun timsalında.

Onları tanımırsınız, heç yaddaşınızı da yormayın. Bu, adi və sadə azərbaycanlı ailəsidir. Artıq 70 yaşı haqlayan Aydın Əsgərov 50 ilə yaxın qatarda maşinist işləyib. Südabə xanımsa evdar qadındır. Həmsöhbət olduğumuz Əsgərovlar ailəsində hər gün bir süfrə arxasında təkcə yemək üçün əyləşmirlər, həm də ona görə əyləşirlər ki, bu, onları bir-birinə daha da bağlayır. Süfrə arxasından başlanan nizam-intizam həm də həyatın digər məqamlarına keçir. Üç övlad və doqquz nəvə sahibi olan bu ailənin də öz qayda-qanunları var. Paylaşdıqları və birgə yaşadıqları ailəni qorumaq onlar üçün hər şeydən vacibdir.

Publika.az 44 ildir birgə yaşayan Əsgərovlar ailəsindən müsahibəni təqdim edir.

- Necə tanış oldunuz, evləndiniz?

S.Ə: - 44 ildir ki, evliyik. 1971-ci ildə ailə qurmuşuq. Biz valideynlərimizin məsləhəti ilə evləndik. Eyni kənddə yaşamışıq, qonşu olmuşuq. Həyat yoldaşımın valideynləri məsləhət bilib, elçi gəliblər, evlənmişik.

- Sizin ailənizin uzunömürlü olmasının sirri nədədir?

S. Ə: Ailədə istər cavan vaxtı, istərsə də yaşlananda gərək bir-birini yola verməyi bacarasan. Bizim ailənin uzunömürlü olmasının sirri də bundadır. Belə deyirlər ki, biri od olanda, biri gərək su olsun. Həyat yoldaşının dediyi sənin, sənin dediyin onun boğazından keçsin.

- Bəzən ailədə qadınların kişilər tərəfindən döyülməsi hallarına da rast gəlirik. Sizdə necə, heç həyat yoldaşınız sizə əl qaldırıb?

S.Ə: - Sözün düzü, mən döyülməmişəm. Ümumiyyətlə, bizim ailədə döyülmək, söyülmək söhbəti olmayıb. Yalnız inciklik olub. Hərdən bir-birimizi başa düşməmişik. Sonra yenə hər şey öz yoluna düşüb. Hərə öz səhvini anlayıb.

- Ev kimin sözüylə idarə olunmalıdır: kişinin, ya qadının?

A. Ə: - Mənə elə gəlir ki, evdə, ailədə həm kişinin, həm də qadının sözü bir-birinin boğazından keçməlidir. Kişi də səhv edə bilər, qadın da. Əsas odur ki, məsləhətləşib hərəkət edəsən.

- İndi ailələrdə əvvəlki illərlə müqayisədə boşanmaların sayı xeyli artıb. Sizcə, ailələrin, xüsusən də gənc ailələrin dağılma səbəbi nədir?

S. Ə: - Ailələr daha çox bir-birini başa düşməməkdən, böyük-kiçik bilməmək ucbatından dağılır. Dağılma səbəbləri çoxdur, maddi təminat da burada rol oynaya bilər, şəraitsizliyin də rolu ola bilər, ətrafdan müdaxilələrin olması da ailələrin dağılmasına səbəb ola bilər. Məncə, hər şey ailədə verilən tərbiyədən asılıdır. Hər iki tərəf düzgün tərbiyə aldıqda, böyüklərindən düzgün şeyləri əxz etdikdə həmin ailədə hörmət olur və o ailələr möhkəm olur…

Biz böyüklərdən başqa cür tərbiyə almışıq. Bizə elə öyrədiblər ki, hansı evə getdinsə, oranı öz evin bilməlisən. Məndə də belə olub. Ailə qurandan sonra yoldaşımın ata-anasını öz ata-anam bilmişəm. Və onların sözü ilə də oturub-durmuşam. Ona görə də ailəm uğurlu olub.

- İndiki gənclərdə nəyi bəyənmirsiniz?

A.Ə: - İndiki gənclərdə bəyənmədiyimiz odur ki, bəzən gənclər böyüklərə hörmətsizlik edirlər. Avtobusa yaşlı bir qadın, qoca bir kişi minir, baxırsan ki, cavan oğlandı, ayağını ayağının üstünə qoyub oturub. Durub yer vermir. Əvvəlki gənclərdə bu yox idi. Biz yaşlı insan küçədən keçəndə belə ayağa qalxardıq.

- İndi tez-tez rast gəlirik - hər kəs özünə uyğun ailə ilə qohum olmağa çalışırlar. Xüsusən də, imkanlı ailələrdə buna rast gəlinir. Ümumiyyətlə, siz məsləhətlə evliliyə necə baxırsınız?

A. Ə: - Mən məsləhətlə evlənməyə yaxşı baxıram. Çünki ailəni gərək tanıyasan. Biz özümüz də məsləhətlə ailə qurmuşuq, uşaqlarımız da məsləhətlə ailə qurublar.

S.Ə: - Biz əvvəldən uşaqları elə böyütmüşük ki, hər bir işdə valideynlərilə məsləhətləşib hərəkət eləsinlər. Biz onların qarşısında şərt qoymamışdıq ki, mütləq bizim bəyəndiyimiz adamla ailə qurmalısınız. Amma istənilən halda ailə quran zaman valideyn xeyir-duası vacibdir. Uşaqlarımızın üçü də belə evlənib. Biz onların ailəsindən də, tərbiyəsindən də çox razıyıq. Şükür Allaha, indiyə qədər heç bir problem olmayıb. Onlar özləri də qurduqları ailələrdən razıdırlar.

- Bəzən ailədə övladlar arasında fərq qoyulur. Bu, düzgündürmü?

S.Ə: - Məncə, ailədə övladlar arasında fərq qoymaq düzgün deyil. Çünki övlad övladdır, qız, ya oğlan, fərqi yoxdur. Heç birimiz övladlarımızın ayağına bir daş dəyməsinə razı olmarıq. Ona görə də mən buna yaxşı baxmıram və heç vaxt da fərq qoymuram.

- Sizin də qayınananız olub, indi də qayınanasınız, gəlinləriniz var. Gəlin-qayınana münasibətləri necə tənzimlənməlidir? Ümumiyyətlə, gəlinlərlə yola gedirsinizmi?

S.Ə: - Mənim qayınanamla yaxşı münasibətim olub. Rəfiqə olmuşuq. O, mənim hər hərəkətimi, tərbiyəmi bəyənirdi, məni çox istəyirdi. Aramızda söz-söhbət olmayıb. Elə gəlinlərimlə də münasibətim çox yaxşıdır. Bir-birimizi başa düşmüşük. Həmişə məndən böyük kimi məsləhət alıblar. Nə mən onların işinə qarışmışam, nə də onlar mənim.

- İndi ailələrin bir hissəsi də sosial şəbəkələrin, internetin ucbatından boşanır. Bəzən gənc gəlinlər ailələrinə, uşaqlarına sərf etməli olduqları vaxtı internetdə keçirirlər. Nəticədə isə həyat yoldaşı evə gələndə yemək olmur. Məlum olur ki, uşaqlar da acdır. Və ya yeni ailə qurmuş qadın internetdə başqa biri ilə tanış olur, ailə dağılır…

S.Ə: - Hə, axır vaxtlar çox rast gəlirik. Bir də görürsən ki, gəlin bir əlində telefon bütün günü orada eşələnir. Əvvəllər belə şeylər yox idi. Bunu son vaxtlar çox eşidirik ki, internetə görə ailələr dağılır. Lazım oldu-olmadı, gəlinlər internetə girirlər. Mənim ailəmdə - gəlinlərim, elə qızım da da belə problem yoxdur. Mən internetin də, sosial şəbəkələrin də əleyhinə deyiləm. Amma hər şeydən öz yerində istifadə etmək lazımdır və elə etmək lazımdır ki, narazılıq yaranmasın... Yenə deyirəm, hər şey tərbiyədən asılıdır.

- Toy adətlərini bəyənirsinizmi? Sizcə, hansı adətlər olmamalıdır?

S.Ə: - Əvvəllər bizim vaxtımızda, yəni 70-ci illərdə əyalətlərdə 3 gün, 3 gecə toy olurdu. Getdikcə bu müddət qısaldı, indi cəmi bir gün toy edirlər. Əslində, bəlkə də, 1 gün olması yaxşıdı, 3 gün toyu yola vermək bir qədər çətin idi.

A.Ə: - Bir məsələ də var, indi gəlini gətirmək üçün avtomobilin icarəsinə çox böyük pul verirlər. Elə toylardakı israfçılıq da yaxşı hal deyil. Çünki buna xərclənən pulu ailənin sonrakı dolanışığına xərcləmək daha yaxşı olardı. Ümumiyyətlə, hər şey müəyyən çərçivə daxilində yaxşıdır. Düzdür, adətləri davam etdirmək lazımdır, amma bunu israfçılığa gətirib çıxarmaq olmaz.

S.Ə: - Əvvəllər toylar 3 gün olurdu, iki gün toy olurdu, 3-cü gün gəlin aparırdılar. Əvvəlcə bəy otururdu, onun boynuna xalat salırdılar. Gəlin köçən gündən bir gün qabaq axşam “xınayaxdı” olurdu. Qız-gəlin yığışırdılar, xına qoyub oynayırdılar. Bir də belə bir şey var idi, qız üçün aldıqları bütün xonçaların hamısını bir-bir qonaqlara göstərirdilər. Hamı da xorla “Allah mübarək eləsin!” deyirdi. Hər şey nümayiş olunurdu. O vaxt toylar indikindən daha maraqlı, həm də təbii idi.

- Sizcə, uşaqların tərbiyəsində nəyi önə çəkmək lazımdır?

S.Ə: - Uşaqlara tərbiyə verərkən ona çox sərbəstlik vermək olmaz, eləcə də onları sıxmaq olmaz. Uşağa böyük-kiçiyin yerini bilməyi öyrətmək lazımdır. Həm də uşaqla ünsiyyətdə olmaq, nə istədiyini anlamaq lazımdır. Ona ana olmaqla bərabər, həm də dost olmaq lazımdır. Mən həmişə uşaqlarıma demişəm ki, sizin nə sirriniz, sözünüz varsa, mənə deyin. Onlar yaxşı iş də görsələr, pis iş də görsələr, həmişə mənə deyiblər. Ana övladlarına yaxın olmalıdır. Bizdə də belə olub, bütün sözlərini atalarından qabaq mənə deyiblər. Birinci mənimlə məsləhət ediblər.

- Ailədə söz-söhbət olursa, onu necə yoluna qoymaq lazımdır?

S.Ə: - Evdə söz-söhbəti yoluna qoymaq üçün əgər susmaq lazımdırsa, gərək susasan, danışmaq lazımdırsa, danışmalısan. Hər ailənin öz xüsusiyyətləri var. Əsas bir-birini başa düşmək, qarşılıqlı hörmət etməkdir.

- Sizdə küsəndə barışmaq üçün birinci addımı kim atır?

S.Ə: - (gülür) Küsəndə mənim səhvim varsa, mən, onun səhvi varsa, o barışır.

- Ən çox nə qədər küsülü qalmısınız?

S.Ə: - Hərdən olur. Belə bir söz var ki, ər-arvad savaşı – yaz yağışı. Yəni bu, uzun çəkmir. Sözsüz ki, ailədə söz-söhbət olur, yola vermişik, gedib.

- Son vaxtlar məişət zorakılığına tez-tez rast gəlirik. Qanun kişilər tərəfindən zorakılığa məruz qalmış qadınlara icazə verir ki, polisə müraciət etsinlər. Sizcə, ailənin problemlərini ailədən kənara çıxarmaq düzgündürmü? Qadın nə etməlidir, dözməlidirmi?

S.Ə: - Mən evin sirrinin bayıra çıxmasının əleyhinəyəm, polisə getməyinsə, ümumiyyətlə, əleyhinəyəm. Ailədə problemi elə həddə gətirib çatdırmaq lazım deyil. Evin sirrini evin içində həll etmək lazımdır. Kənar adam onu həll edə bilməz. Buna yaxşı baxmıram. Bəzən evinin problemini götürüb televiziyaya – şou verilişlərinə çıxırlar. Bunun əleyhinəyəm. Ailə öz problemini öz daxilində müzakirə etməli, ortaq məxrəcə gəlməlidir. Ailə problemləri şou verilişlərində həll olunmaz.

- Gənclərə tövsiyəniz nədir?

S.Ə: - Gənclər səbirli olmalıdırlar, güzəştə getməyi bacarmalıdırlar. Ailədə ən vacibi budur. Nə qədər təmkinli olsan, ailənə hörmət etsən, səmimi olsan, ailə də bir o qədər möhkəm olar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm