• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Şəhidin valideyni xanım əsgəri o qədər döymüşdü ki...”

“Şəhidin valideyni xanım əsgəri o qədər döymüşdü ki...”

Bu dəfə “Cəbhə xətti”mizdə Mehdi Məcid oğlu Qasımovdur.

O, 1963-cü ildə Qubadlı rayonunun Acılı kəndində anadan olub. 1985-ci ildə böyüyüb boya-başa çatdığı doğma kəndindən Sovet ordusuna hərbi xidmətə yollanıb. Sonra birinci Qarabağ döyüşünə kimi Sumqayıtda zavodların birində çalışıb. Qarabağ döyüşlərinə 1992-ci ilin fevral ayından qatılıb. Evlidir, üç övladı var.

Olduqca maraqlı bir insan. Döyüş qəhrəmanı. Yarımçıq qalmış savaşın qalib əsgəri... Müsahibə öncəsi etdiyimiz tanışlıq söhbəti bu sözləri heç bir tərəddüdsüz və pafossuz şəkildə deməyə əsas verdi... Müsahibə verməyə razı deyildi. Qürurlu əsgər: “Hələlik məğlubuq. Torpaqlarımızın 20%-i işğal altındadır. Qarabağ geri alınmadan nə söhbət edə bilərik?!” Gözdə kədər, əsəbi baxışlar... Damağında siqaret, ürəyində arzuları alovlandırıb suallarımızı cavablandırır qoca zabit...

- Mehdi bəy, döyüşlərə öz istəyinizlə getdiniz?

- Bəli, öz istəyimlə getdim. Əvvəl hərbi komissarlığa müraciət edib, döyüşlərdə iştirak etmək istəyimi dilə gətirdim. Amma o vaxtlar 3 övladı olanı müharibəyə aparmırdılar deyə, məni də qəbul etmədilər. Baxdım ki, belə olmayacaq... 1992-ci ilin fevral ayında öz istəyimlə Şuşa könüllülər batalyonuna qoşulub döyüşlərə qatıldım.

Öncə vətən, sonra ailə

- Axı siz ailəli idiniz, üç övladınız vardı. Ailənizdən, övladlarınızdan ayrı qalmaq sizə çətin deyildimi? Düşünürdünüzmü, şəhid olsanız, onların halı necə olacaq?

- Əlbəttə, düşünürdüm. Amma mənim yeddi sülaləmin məzarı Qarabağdadır. Ora mənim yaşam səbəbimdir. Mən öncə vətən, torpaq dedim, sonra ailə. Ailəm mənsiz də yaşaya bilərdi, amma vətənsiz heç cürə. Peşman deyiləm. Sabah döyüş əmri verilsə, yenə bu yaşımda öz başımın dəstəsi ilə ordayam, inanın, bu belədir.

- İstərdik bizə ilk döyüşünüz haqqında və ümumiyyətlə o illərdən yadda qalan xatirələrinizi danışasınız...

- Əvvəla, bizi unutmadığınız üçün sizə təşəkkür edirəm. Vallah, bizi nə yada salan var, nə də axtaran. Amm Axar.az saytının bu layihəsi mənim çox xoşuma gəldi. Hətta kövrəldim desəm, yanılmaram. Qısacası, bizi yaşadan mənəvi dəstəkdir. Maddiyyat önəmli deyil əslində.

İlk döyüşüm Kosalarda olub. Dəhşətli döyüşlər idi... qan su yerinə axdı. Mənim üçün bunları danışmaq çox çətindir. Orada biz əsl qəhrəmanlarımızı, igidlərimizi şəhid verdik! Mən kəşfiyyat qrupunda olduğum üçün sizə hər şeyi, hücum əməliyyatlarını bütün çılpaqlığıyla danışa bilməyəcəm. Döyüşə, hücuma hazır idik, tanklarımız, PDM-lərimiz vardı. Necə lazımdır, döyüşdük. Yüksəkliyi aldıq. Uğurlu əməlliyyat oldu.

İndi onu axtarıram, tapa bilmirəm

Bir xatirəmi də danışım. Sırxavənd deyilən yerdə də döyüşlərimiz olub. Orada rəhmətlik Nəzər vardı, İbrahim vardı, hazırda bir qolu işləmir, amma yaşayır, bakılı Elman vardı... onlar əsl qəhrəman idilər. Mən komandir müavini idim. Amma bizdə belə bir xüsusiyyət var idi, mən özüm uşaqlara deyirdim ki, məsələn, “nə olsun mən komandirəm, əgər mənim səhv dediyim nə isə varsa, siz ona əməl etmək məcburiyyətində deyilsiniz, biz hər şeyi birlikdə məsləhətləşməliyik”. Orada 20 nəfər var idisə, hamısı həm komandir, həm də sadə əsgər idi. Bir Sergey vardı. İrkutskdan gəlib bizimlə birlikdə döyüşürdü. Çox böyük qəhrəmanlıqlar edirdi... indi onu axtarıram, tapa bilmirəm.

Günlərin bir günü əməliyyata getmişdik. Bir tikili var idi, çıxmışdıq damına. Təsəvvür edin, aşağada da ermənilər yeyib, içib oynayırdılar. Bizdə də bir qardaşı şəhid olmuş Komissar Katani ləqəbli əsgər var idi. Onu əməliyyata çox aparmırdıq. Bu dəfə dedi ki, mən də gedirəm, nə etdiksə, fikrindən daşındıra bilmədik. Bunu da özümüzlə apardıq, amma maşında gözlədib dedik ki, burda qal, biz bir az fırlanaq, gələk. Nə isə... gedib kəndi gəzdik. Qayıdanda durbinlə baxıb gördük ki, bir snayper bizi nişan alıb. Elə bil bir saniyə dayansaq, bizi vuracaq. İşimizi gördükdən sonra dərə ilə qayıdıb onun yanına gəldik. Görürdük ki, bu elə bilib biz erməniyik, istəyib bizi vursun. Xülasə, qayıtdıq. Onu aldadıb getdiyimizi başa düşüb bizi söyməyə başladı. Bax bu, unuda bilmədiyim xatirələrdən biri idi.

Bu da bir xatirədir: Sevda adlı bir döyüşçü xanım var idi. Şəhid olan əsgərimizi evinə təhvil verməyə gedəndə onu o qədər döymüşdülər ki, bir həftə xəstə yatdı. Amma bizim batalyon yeganə idi ki, öz şəhidimizi özümüz aparıb evinə təhvil verirdik. Bizdə birlik var idi. Şəhidimizin ailəsinə həmişə əl tuturduq. İndi də bu belədir, inanın.

Əlim əsdi, ata bilmədim

Bir xatirədə belə oldu. Sumqayıtdan Nail adlı bir əsgərimiz var idi. Bizə patron, mərmi daşıyanda minaya düşüb şəhid oldu. Onun atası 17-ci mikrorayonda müəllim işləyirdi. Meyitini mən apardım. Məzarı başında atası elə ah-nalə çəkirdi ki... Onun yaşı sayında - 22 patronu hazır qoymuşdum atım, amma... neçə il avtomatla yatıb qalxdığıma baxmayaraq, əlim əsdi, ata bilmədim. Bunu heç vaxt unuda bilmərəm. (Kövrəlir, gözləri dolur. - N.C.) İndi bizi qınayırlar, deyirlər ki, nə etmisiniz ki, orda?.. Düşünmürlər ki, biz olmasaydıq, erməni indi Bakıda oturmuşdu. Biz hər saniyə döyüşürdük. Amma nə olsun ki, içimizdəki satqınlar, qorxaqlar bizi erməniyə həm qırdırdı, həm də məğlub vəziyyətə saldı. Amma Allaha şükürlər olsun ki, ordumuz artıq çox güclüdür və bu gün döyüş əmri verilsə, biz Azərbaycan bayrağını İrəvana sancarıq.

Balalarım yetim qaldı

Əzizağa adlı döyüşçümüz vardı. Bir gün onlar ağacın altında mövqe tutmuşdular. Erməni tankı ağacı necə vurmuşdusa, qarağacın böyük bir budağı onun qarnına girmişdi, yanındakı əsgərin də ayaqlarını sındırmışdı. Həmin an mən betonun içində idim, düşünürdüm vura bilməzlər. Məmmədin səsinə dönüb baxanda gördüm ki, ağaclar onları tikə-tikə edib. İstədim ayağımı atıb çölə çıxım... bir ayağım yerə çatmadı. Mən də dəlik-deşik olubmuşam. Ardını xatırlamıram. Tək xatırladığım rusca dediyim bu cümlədir: “Balalarım yetim qaldı”.

Kömək gəlmədi

Bir dəfə də belə oldu. Dostumuzu tank vurmuşdu. Biz onu uzun vaxtdan sonra tapdıq. Tanınacaq halda deyildi, sadəcə, evinin açarıyla tanıdıq. (Göz yaşı içində bir siqaret də yandırır...) Hər şey gözümün önündədir. Alman-sovet müharibələrində çəkilmiş filmlərdəki kimi hamımız eyni anda hücuma keçdik, son nöqtəyə qədər ata-ata getdik, heç kim geri çəkilmədi. Həmin əməliyyat uğurlu olmuşdu, xeyli erməni qırmışdıq. İnanın, onlar fermada gizlənmişdilər, çıxanı vururduq. Bayaq haqqında danışdığım Sergey erməni səngərinin düz içini nişan alıb vururdu, elə qəhrəman idi. O döyüşdə 6 nəfər şəhid verdik. O qədər vuruşduq, arxadan kömək gəlmədi, bütün əziyyətimiz boşa çıxdı. Tankçıya “niyə atmırsan” deyəndə də deyirdi ki, bizə əmr gəlməyib.

Hamımız şəhid olacaqdıq...

- Bu qədər qan görən əsgərlərin bir-biri ilə zarafatı da olurdumu?

- Bir gün Xoramurddayıq. Uşaqlar bizə yemək gətirmişdilər. Gecəymiş, erməni başlayıb atmağa, bizimkilər də işıqları söndürdüklərinə görə, bilməyib bir-birilərini arxadan vururlar. Dostlardan birinin ayağı ilişir, çıxa bilmir. O biri dostumuz buna zarafat etmək üçün deyib ki, bu dəqiqə ayağını ordan çıxarmasan ikimizi də partladacam... gözünə döndüyüm əsgər ordan necə çıxıbsa, heç özü də bilməyib. Bax, belə qanın-qadının içində zarafatlar da az olmayıb...

Cavanşir adında dostumuz vardı. Erməni postuna əməliyyata getmişdik. Gördük ki, ermənilər hər yeri məftillə minalayıblar, keçmək mümkün deyil. Ancaq bu Cavanşir həyatını dostlarına görə təhlükəyə ataraq əlləriylə o məftilləri tutdu “kəsin” dedi və bütün uşaqların həyatını xilas elədi. Əgər ayağımız o məftillərə dəysəydi hamımız şəhid olacaqdıq.

Bir bakılı dostumuz da vardı. Güllə boynundan dəymişdi. Şəhid oldu. Bir də ağdamlı Yelmar. Ağacın başından beşaçılanla atırdı, Allah rəhmət eləsin. Bizə qarşı o qədər vəhşilik görürdük ki, adamda az qala insanlıq qalmırdı. Həmin döyüşdə erməniləri qırdıq. Sağ qalan bir erməni su istəmişdi, uşaqlar da onun ağzına daş soxub demişdilər ki, al, bu da sənə Azərbaycan torpağı, daşı. Son döyüşdə mən yaralandım, hospitala gətirdilər. Tərxis oldum. Mülki həyatda ailəmi fəhləliklə dolandırdım. İndi Prezident təqaüdü alıram, pensiya alıram.

Hər şeyimiz vətənə qurban olsun... Sizə də bir daha təşəkkür edirəm. Bu gün sizi görüb yenidən ümidləndim ki, bu xalq bizi unutmayıb.

Nihad Cəbrayıl

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR