Dini Komitə ilə İnsan Hüquqları İnstitutu arasında memorandum imzalandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Dini Komitə ilə İnsan Hüquqları İnstitutu arasında memorandum imzalandı (YENİLƏNİB)

“İslamafobiyanın meydana çıxması Avropada olan böhranın göstəricisidir”.

Publika.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun birgə keçirdiyi “İşğal altında qalmış abidələrimiz: Tarixi yaddaşın izi ilə” konfransında İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva bildirib.

Onun sözlərinə görə, Avropa Konvensiyasının 9-cu bəndində dini əqidə azadlığı haqqında danışılsa da, əslində bir çox hallarda ikili standartlarla qarşılaşırıq. Azərbaycan öz tarixi hüququnu, öz torpaqlarını qoruyur. Tolerantlıq azərbaycanlıların həyat tərzidir.

A.Mustafayeva həmçinin Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan abidələrimizdən də danışıb və bildirib ki, bu baxımdan dəyən zərər müəyyənləşdirilməlidir: “Azərbaycanın işğal altında qalmış abidələri, abidələrə dəyən zərər üzərində işləməliyik və onu işğalçılar qarşısında qoymalıyıq. Məqsədimiz bunu tribunala verməkdir. Burada təkcə müsəlman deyil, həm də xristian və yəhudi abidələri də dağıdılıb”.

***

“İşğal altında olan 1000-ə yaxın abidəmiz var ki, bunlardan da 300-ü dini abidələrdir. Onlardan 60-ı məscid, 140-ı alban kilsəsi, 140-ı isə ziyarətgah, pir və ocaqlardır”.

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əliheydər Zülfüqarov bildirib.

Onun sözlərinə görə, bu gün erməni işğalıyla təkcə torpaqlarımızda deyil, həmçinin mədəniyyətimizin və digər sahələrin təcavüzündə üzləşirik. İşğal altında olan bütün tarixi və mədəni abidələrin qorunması mühüm istiqamətlərdən biridir:

"Ermənistanın işğalı 3 istiqamətdə aparılır. Bunlardan birincisi - dağıdıcılıq, ikincisi - özgələşdirmək, 3-cü isə Alban kilsələri qriqoryanlaşdırılır. İrəvandakı Şah Abbas məscidinə qarşı ermənilər tərəfindən dağıdıcılıq siyasəti həyata keçirilib. Sovet dönəmindən qalan qalıqları isə hazırda ermənilər tamamilə dağıdıblar, yalnız məscidin bir divarı qalıb. Eyni zamanda, İrəvanda olan Göy məscidi İranın bir şirkəti tərəfindən bərpa olunub, ancaq üzərində fars dilində qeyd edilən fikirlər bunun bir İran məscidi olması təəssüratını yaradır. Şuşa məscidləri özünəməxsusluğu ilə Qarabağ bölgəsində seçilib. Orada da ermənilər məscidləri dağıdıblar. Ağdam məscidindən çəkilən şəkillər isə daha ürəkağrıdıcıdır. Xarici jurnalistlərin lentə aldığı şəkillərdən görünür ki, məscidin içində heyvan saxlayırlar”.

Ə.Zülfüqarov deyib ki, ermənilər Alban məbədlərini özününküləşdirərək üzərində olan alban yazılarını məhv ediblər. Onun sözlərinə görə, bir sıra erməni müəllifləri özləri belə bu abidələrin ermənilərə heç bir aidiyyəti olmadığını qeyd edirlər.

***

“Azərbaycanın həm siyasi, həm də iqtisadi uğurları bir çox dövlətləri qıcıqlandırır. Azərbaycanda heç zaman dini və milli zəmində qarşıdurma olmayıb və ola da bilməz. Çünki bu, bizim qanımızdadır”.

Bunu Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semen İxiilov bildirib. O vurğulayıb ki, Azərbaycanda bütün xalqlar sülh, əminamanlıq və milli-mənəvi dəyərlərini itirmədən yaşaya bilər.

İcma rəhbərinin fikrincə, Azərbaycan tolerantlıq baxımından bütün dünyaya bir nümunədir: "Azərbaycanın həqiqətləri belədir. Azərbaycanın adı gələndə bütün dünya xalqları ayağa qalxıb onu alqışlamalıdırlar".

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu DQİDK sədri Mübariz Qurbanlı və İnstitutun direktoru, millət vəkili Aytən Mustafayeva imzalayıblar.

Memoranduma əsasən, bu iki qurum tərəfindən 2015-ci ildə və növbəti mərhələlərdə birgə layihələrin hazırlanması və tədbirlərin keçirilməsi nəzərdə tutulur.

***

“İşğal altında çoxsaylı abidələrimiz qalıb. Bu abidlər içərisində məscidlər, kitabxanalar və digər abidələr var. Ermənilər bu abidələrin məhv edilməsinə çalışır. Amma buna baxmayaraq, dövlət qurumları və fondlar tərəfindən həmin abidələr haqqında məlumatları dünya ictimaiyyətinə çatdırırıq. Müxtəlif dillərdə həm İrəvanda, həm də Qarabağda olan abidələrin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı xeyli işlər görülüb”.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, Ermənistan ərazisində qalmış 1000 abidə haqqında məlumat toplanılır. Bununla bağlı kitablar dərc olunur, məlumatlar əldə edilir. Bu işdə həm Mədəniyyət və Turizm Nazirliyi, həm də bizim komitə bir sıra tədbirlər həyata keçirib və keçirir. Eyni zamanda, Heydər Əliyev Fondu çox böyük işlər görür. İşğal olunmuş ərazilərimizdə qalmış abidələr barədə həm YUNESCO, həm də BMT vasitəsi ilə dünya ictimaiyyətinə məlumat ötürülür.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın bütövlükdə xarici siyasətində "hücum diplomatiyası" ciddi uğurlar əldə edir: "Bizim "hücum diplomatiyamız"ın içində Ermənistanın törətdiyi vəhşiliklərin dünya ictimai rəyinə çatdırılması əsas yerlərdən birini tutur. Bununla bağlı Heydər Əliyev Fondu da böyük işlər görür. İşğal olunmuş ərazilərimizdə çoxlu sayda abidələrimiz, o cümlədən məscidlər dağıdılıb. Onların ümumi sayı minə yaxındır. Onların içində həmçinin mədəniyyət abidələri, kitabxanalar, klublar, dini abidələr var. Ermənilər təkcə İslam dünyasına aid abidələri deyil, eyni zamanda, xristian abidələrini də dağıdırlblar. Biz bu barədə ictimaiyyəti bir daha bilgiləndirmək istəyirik".

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm