• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Xəzərdə nərə ehtiyatı azalıb

Xəzərdə nərə ehtiyatı azalıb

Xəzər dənizinin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizin ümumi ehtiyatlarının 12-15 faizini təşkil edir. Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

1980-ci illərin əvvəlləri ilə müqayisədə bütövlükdə Xəzər dənizində nərəkimilərin illik ov həcmi 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. Bu dəyişikliklər nərə balıqçılıq təsərrüfatının idarə olunmasının müasir mərhələsində bütövlükdə Xəzər dənizinə xas olan ümumi meylləri əks etdirir. Yəni nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri 20-ci əsrin 80-90-cı illərində brakonyerlik nəticəsində nərəcinslilərin həddindən artıq ovlanması, kürü tökülən çaylarda, o cümlədən Kür çayında bəndlərin salınması, həmin illərdə dənizin çirkləndirilməsi və həmin vaxtlarda bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması, nəhayət mnemiopsis leidyi daraqlısının mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulmasıdır.

Xəzər regionunda ən iri Nərə Balıqartırma Zavodu (illik istehsal layihə gücü 15 milyon ədəd balıq körpəsi) və Xıllı Nərə Balıqartırma zavodu da daxil olmaqla Azərbaycanın Nərə Balıqartırma Zavodları 2008-ci ilədək hər il Xəzər dənizinə 20 milyon ədədə qədər nərə balığı körpəsi buraxırdı. Lakin son illər bütün Xəzəryanı ölkələrdə nərəkimilərin zavod artımının miqyası azalıb. Xəzər dənizində nərəkimilərin müasir populyasiyası əsasən süni törəmələrdən ibarət olduğundan bütün Xəzəryanı ölkələrdə süni balıqartırmanın müasir miqyası Xəzər dənizində nərəkimilərin ehtiyatlarının tükənmə ehtimalını azaltmır. Son illərdə onların ehtiyatının azalması ilə əlaqədar təbii mühitdən törədicilərin tədarükü çətinləşib və bunun nəticəsində körpələrin ümumi buraxılışı 3-5 milyon ədəd balıq körpəsini keçmir. Bu tendensiya da bütün Xəzəryanı ölkələrdə müşahidə olunur.

Bununla əlaqədar olaraq Azərbaycanda hələ 2004-cü ildə, müasir Xıllı Nərə Balıqartırma Zavodunda nərə balıqlarının törədici sürüsünün formalaşdırılmasına başlanılıb. Hazırda bu zavodda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır. 2013-cü ildə zavodda, Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş iki ədəd ana balığı öldürmədən, cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib. 2014-cü ildə isə artıq 6 nərə dişisindən kürü alınıb.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatlarına əsasən dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi 18 kq-dır. Ən yüksək orta göstəricilər Cənub-Şərqi Asiya regionunda 60 kq-dan çox (Yaponiya, Çin, Vyetnam və Tailandda 100 kq-dan artıq) qeydə alınıb. Qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda isə adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək 2 kq-a yaxın olub, son illərdə isə bu göstərici artaraq 2014-cü ildə təxminən 7 kq-a çatıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR