• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

MTN və Dövlət Gömrük Komitəsindən birgə əməliyyat - 15 nəfər həbs olundu - VİDEO

MTN və Dövlət Gömrük Komitəsindən birgə əməliyyat - 15 nəfər həbs olundu - VİDEO

Ukrayna və İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə gətirməyə cəhd edən dəstə ifşa olunub.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna və İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 40 kiloqrama yaxın narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 15 nəfər şübhəli şəxs qismində tutulmuşdur.

Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Əsgərov Rahət Cəlil oğlu, Məmmədov Vasif Yaqub oğlu, Əzimov Bayram Habil oğlu, habelə Cəfərov Binnət Vidadi oğlu, Əliyev Yusif Kamal oğlu, Mehdiyev Oqtay Muxtar oğlu, Cəfərov Qara Vidadi oğlu, Həsənov Elnur Camal oğlu, Muradov Loğman Şükür oğlu və Ukrayna vətəndaşı Bayramov Əli Yusif oğlu Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli şəxs qismində saxlanılmış, onlardan ümumilikdə 24 kiloqram 500 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində AR CM-nin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır.

Bundan başqa, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı daha bir neçə əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı - Abuşov Vüsal Mircəfər oğlu saxlanılmış, baxış nəticəsində ondan 3 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülmüşdür.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı - Abbasov Məmməd Şura oğlu saxlanılmış, keçirilən baxış nəticəsində ondan 600 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu saxlanılmış, onlardan 720 qramdan artıq tiryək və 10 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.1-ci və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, təkrar törətmə), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılmışdır. Abuşov Vüsal Mircəfər oğlu, Abbasov Məmməd Şura oğlu, İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR