Zorlanan, başı kəsilən, yandırılan... qadınlarımız – niyə susuruq?
Bizi izləyin

Qırmızı.az

Zorlanan, başı kəsilən, yandırılan... qadınlarımız – niyə susuruq?

Türkiyədə bir neçə gün öncə Özgəcan Aslan adlı ali məktəb tələbəsinin zorlanaraq öldürülməsilə bağlı xəbər böyük əks-səda doğurdu. Türkiyəni ayağa qaldıran hadisəyə bir sıra digər ölkələrdən də dəstək gəldi. İş o yerə çatdı ki, mərhumun cəsədini dəfn etməyə apararkən qadınlar tabutu kişilərə vermədilər, özləri öz çiyinlərində apardılar. Hadisənin qəddarlığı ölkədə ləğv olunmuş ölüm hökmünün yenidən bərpasını gündəmə gətirdi.

Əslində, azyaşlılara, uşaqlara, qadınlara qarşı xüsusi amansızlıqla törədilən analoji cinayətlərə Azərbaycanda da rast gəlinir. Azərbaycanda da Özgəcan taleyi yaşayan qadınlarımız kifayət qədərdir - bir neçə ay öncə əri tərəfindən qulaqları kəsilən, müxtəlif işgəncələr verilən qadın, nişanlısı tərəfindən başı qırxılan, döyülən, təhqir olunan qız, atası və analığı tərəfindən döyülərək öldürülən körpə, nişanlısı tərəfindən maşında yandırılan gənc qız, bir neçə gün öncə Bakıda xüsusi amansızlıqla qətlə yetirilən qadın... Bunlar xatırladıqlarımdır.

Yazını hazırlayarkən qadına qarşı daha bir iyrənc cinayət barədə xəbər aldıq. Bakıda 17 yaşlı qız qardaşının qayınatası tərəfindən dəfələrlə zorlanıb. Kişi qızı zorlayan zaman onu vəhşicəsinə döyüb. Bundan sonra qıza hədə-qorxu gələrək bildirib ki, əgər bu barədə kiməsə desə, onun başını kəsib kimsəsiz yerə atacaq.

Əslində, mütəxəssislər məişət zorakılığı ilə bağlı cinayətlərin sayının azaldığını desələr də, qadınlara qarşı törədilən cinayətlərin artdığını söyləyirlər. Psixoloqlar belə hadisələrin baş vermə səbəbini istər Türkiyədə, istərsə də digər şərq ölkələrində xanımların ictimai, sosial həyatda dinamik olmaları ilə əlaqələndirirlər. Belə ki, bu sadalananlar bəzən kişilərdə qıcıq yaradır. Nəticədə, istər ailədaxili, istərsə də əks cinslə münasibətlərdə müəyyən aqresiyalar özünü göstərir, zorakılıq baş verir.

Psixoloq Elnur Rüstəmovun Publika.az-a bildirdiyinə görə, nə qədər ki insanlar buna adaptasiya olunmayıblar, bu proses davam edəcək.

“Bir xanımın zorlanaraq qətlə yetirilməsi nəyə lazımdır? Deməli, bu insanın motivi tamam başqadır. Bu, bir protestdir, üsyandır. Protesti kimə edir, nəyə edir? Bax bunun üzərində dayanmaq lazımdır. O, nə travma alıb, hansı psixoloji sarsıntı keçirib? Oxşar hadisə Azərbaycanda da olmuşdu. Kişilər tərəfindən qadınların bəzi davranışlarına aqresiyaların olması hələ bir müddət davam edəcək. Çıxış yolu maarifləndirmək, ailə institutu ilə bağlı konkret tədbirlərin həyata keçirilməsidir. İnzibati qanunvericilik çərçivəsində tədbirlər görülməlidir və bütün bunlarla yanaşı, ictimai qınaq da olmalıdır”, - deyə E. Rüstəmov bildirib.

Psixoloq hesab edir ki, bizim toplum tərəfindən qadının gecə vaxtı harasa getməsinə və ümumiyyətlə, kişilərin qadınların bəzi davranışlarına uyğunlaşmasına zaman lazımdır: “Cəmiyyətdə psixoloji, hətta psixiatrik problemləri olan insanlar çoxdur. Bunlar gündüz vaxtı hansısa formada maskalanmağa çalışsalar da, gecə təhlükəyə çevrilirlər. Onların bir qismi gündüz ortalığa çıxmır. Bunların aradan qaldırılması üçün zaman tələb olunur. Avropa bu mərhələni çoxdan keçib. Biz də bu məsələdə sərhəd çəkə bilmərik. Çünki hamının əlinin altında internet var. Yeganə yol buna uyğunlaşmaq və fəsad verməmək üçün qabaqlayıcı tədbirlər görməkdir”.

Çıxış yolu isə isə maariflənmədir. Psixoloq hesab edir ki, kişi qəbul etməlidir ki, qadın kölə deyil, o da insandır və kişilərlə bərabər hüquqa malikdir, rahat yaşamaq istəyir. Bu istiqamətdə maariflənmə getsə, çox şeyə nail olmaq mümkündür. Problemlərin kökündə isə psixoloji travmalar və qadınların dinamik həyatını qəbul etməmək, o cümlədən də qısqanclıq yatır.

“Məişət zorakılığı növündə bir dərinləşmə, ağırlaşma gedir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlovanın Publika.az-a verdiyi məlumata görə, ailələrdə zorakılıq hallarının çoxalması, dərinləşməsi prosesi gedir:

“Təəssüflər olsun ki, biz nə qədər ailədaxili konfliktləri, münaqişələri azaltmağa çalışsaq da, konfliktlərin özündə bir dərinləşmə prosesi gedir. Xüsusi amansızlıqla törədilmiş cinayətlər, baş kəsmələr və sair zorakılıqlar artıb”.

Burada söhbət patriarxal düşüncədən, bir insanın digər insan üzərində özünü dominant hiss etməsindən, birinin digərini öz iradəsinə tabe etməsindən gedir. Qarşı tərəfin insan olduğuna diqqət yetirmək lazımdır, onu əşya hesab etmək çox zaman zorakı hallara gətirib çıxarır. İki insan yeni bir mühit formalaşdırır. Burada dözümlü olmaq, bir-birinə kompromisə getmək lazımdır. Mütəxəssis hesab edir ki, kişilər bəzən öz zorakılıqlarına haqq qazandırır, bunu namus, şərəf və ləyaqətlə əlaqələndirirlər. Bunun da kökündə həmin kişiyə tərbiyə verən qadın dayanır: “Biz dünyaya gətirdiyimiz övladlarımızı insana normal münasibət çərçivəsində böyütsək, bu hallarla qarşılaşmarıq. Ana tərbiyə verərkən oğlunu qızından ayırmamalıdır. Hansı ailələrdə ki, normal mühit var, o ailələrdə zorakılığa rast gəlinmir. Uşaqlar bilməlidirlər ki, atanın funksiyası işləyib evə pul gətirmək deyil. O, tərbiyə etməlidir, övladlarının yanında olmalıdır. Ana da həmçinin övladlarıyla dost olmalıdır. Bəzən evin içində 4-5 nəfər olur, amma bir-biriylə ünsiyyət qura bilmirlər. Bir çox ailələrdə olan ünsiyyət problemi həmin uşaqlar böyüyüb ailə başçısı olduqdan sonra digər ailə üzvlərinə qarşı zorakılığa gətirib çıxarır”.

Mütəxəssisin sözlərinə görə, problemi aradan qaldırmaq üçün ən əsas iş KİV-in üzərinə düşür: “Bu, onu göstərir ki, KİV-lərlə çox böyük iş aparmalıyıq. Baş vermiş hadisənin insanlara necə təsir etməsi onun necə işıqlandırılmasından, hadisənin necə çatdırılmasından çox asılıdır. Əgər biz maarifləndirmək istəyiriksə, bu yaxşıdır, reytinq, sensasiya, şou xatirinə ediriksə, burada həmin mətbu orqanın marağı qorunur, nəinki vətəndaşın”.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Sədaqət Bənənyarlının Publika.az-a bildirdiyinə görə, belə halların olmaması üçün ailədə normal uşaq tərbiyə olunmalıdır. Yəni əvvəldən uşaq şiddət görürsə, zorakılıq görürsə, təbii ki, onda belə hisslər oyanır və onları tətbiq etmək istəyir: “Bu məsələdə birinci ailədirsə, ikinci günahkar məktəbdir. Təhsil ocaqlarında hər bir uşağa belə hisslərin qeyri-insani hiss olduğu çatdırılmalıdır. Xüsusən də televiziyalarda, mətbuatda hər gün başkəsmə, insanlara qarşı qəddar cinayətlər göstərilir. Bunlar yeniyetmələrin psixikasına mənfi təsir edir. Cəmiyyət bu məsələləri diqqətdə saxlamalıdır”.

S. Bənənyarlı həmçinin bildirdi ki, belə hadisələr təkcə Türkiyədə deyil, bütün ölkələrdə baş verir. Adətən, psixi cəhətdən natamam insanlar belə hərəkətlər edirlər:

“İnsan haqları müdafiəçisi olsam da, belə xüsusi qəddarlıqla baş verən qətlləri görəndən sonra düşünürəm ki, biz, bəlkə də, vaxtından tez ölüm hökmünü götürmüşük”.

Ölüm hökmü bərpa olunmalıdır!

Milli Məclisin üzvü Fazil Mustafa da belə hallar üçün ölüm hökmünün qüvvədə qalmasının tərəfdarıdır. Millət vəkilinin Publika.az-a bildirdiyinə görə, o, bununla bağlı əvvəllər etdiyi təklifində qalır: “Bizdə ölüm hökmü ləğv olunub. Bununla bağlı Avropa Şurası qarşısında öhdəliyimiz də var. İndi ölüm hökmünün qayıdış imkanları da xeyli məhduddur. Buradan geri çəkilməyimiz, bütün hallara qarşı ölüm hökmünün tətbiqi indiki şərtlərlə real görünmür. Mən təklif etmişdim ki, azyaşlı uşaqlara, körpələrə qarşı törədilmiş qətl hadisələrinə, cinsi zorakılığa görə ölüm hökmü bərpa olunsun və indi də həmin təklifimdə qalıram”.

Millət vəkili hesab edir ki, 18 yaşını tamamlamış insanlar üçün qaçıb qurtulma, özünümüdafiə imkanları var. Amma körpələr, azyaşlılar, bələkdə olan uşaqların, həddən artıq yaşlı insanların, əlil insanların belə imkanları yoxdur. Daha müdafiəsiz insanlara yönələn cinayətlərə və xüsusi amansızlıqla adam öldürülməyə görə ölüm hökmü məqsədəuyğun sayıla bilər. Amma bu, indiki şərtlərlə real deyil.

Millət vəkilinin sözlərinə görə, əslində, ölüm hökmünün verilməsi cinayətin sayını azaltmayacaq və profilaktika baxımından nəyisə ciddi şəkildə dəyişməyəcək. Bu, zərərçəkmişin ailəsinin daha rahat olması və cəzanın ədalətli olmasına inanmaq baxımından rol oynayır. F. Mustafa hesab edir ki, burada sosial faktorlar rol oynayır:

“Bizim cəmiyyətdə istər qız, istərsə də oğlanların sosiallaşması baxımından imkanların məhdud olmasına görə bu qədər aqressiv münasibəti müşahidə edirik. Bu, çox təhlükəlidir. Belə gənclərin sosiallaşması yolları tapılmalıdır, cinsi tərbiyə düzgün aparılmalıdır. Onların müəyyən dərəcədə orta məktəb və digər strukturlarda davranışlarına əxlaqi nöqteyi-nəzərdən təbliğatın aparılması, maarifçilik daha yaxşı olar, nəinki cəzanın sərtləşməsi”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm