• USD 1,7201 -0,01% EUR 1,8654 +0,67%
    • GBP 2,1549 +1,36% RUB 0,0302 +1,32%

Nərimanov İcra Hakimiyyəti iddialara cavab verdi(FOTO)

Nərimanov İcra Hakimiyyəti iddialara cavab verdi(FOTO)

Nərimanov Rayon İcra Hakimiyyəti “Xocalı” kiçik müəssisəsinin binasının icra qurumu tərəfindən sökülməsi ilə bağlı bəzi media vasitələrində gedən yazıya münasibət bildirib.


Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Publika.Az-a bildirilib ki, abadlıq-quruculuq işləri ilə əlaqədar sökülmüş qeyri-yaşayış sahələrindən biri də Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən sahəsi 1720 kv.m olan “Xocalı” kiçik müəssisəsinə məxsus inzibati bina olub. Həmin inzibati bina 6 mərtəbəli olmaqla, 1-ci və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olub və tikilidə lift sistemi mövcud olmayıb.


“Xocalı” kiçik müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib. Sözügedən müəssisənin direktoru Əli Nəbiyev qeyd olunan məbləğlə razılaşmayaraq, əsassız olaraq təklif olunan məbləğdən təxminən 3 dəfə artıq olmaqla 10 milyon manat kompensasiya tələb edib.


Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi cəhətdən inkişaf etmiş ərazilərindən biri olan Ağa Nemətulla küçəsində “Xocalı” kiçik müəssisəsinin inzibati binasının əvəzində onun əvvəlki sahəsindən 40% artıq olmaqla yeni binanın tikilib Ə.Nəbiyevə təhvil verilməsi təklif olunub. O, bu təkliflə razılaşaraq özünün iştirakı ilə memarlar dəvət olunub və istəyinə uyğun olaraq, 7 mərtəbəli (həmçinin mansard) sahəsi 3340 kv.m olan müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati bina layihələndirilmiş və plan Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq 2011-ci ilin avqustunda podratçı şirkət müəyyənləşdirilərək dövlət vəsaiti hesabına icrasına başlanılıb.


Məlumatda o da qeyd olunub ki, bina söküldüyü müddətdən 2013-cü ilin oktyabrınadək Ə.Nəbiyevə hər ay 4 min manat olmaqla Rayon icra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı ödənilib. İki il ərzində binada yüksək standartlara uyğun olaraq tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa çatdırılıb.


Hazırda binanın daxilində təmir işləri həyata keçirilir. Binada lift və mərkəzi istilik sistemi və digər kommunikasiya xidmətlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Binanın inşası aparılan 2 il müddətində Ə.Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək aparılan işlərə görə öz təşəkkürünü bildirib. İşlər sona yaxınlaşdığı üçün Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Nəbiyevə müraciət olunaraq “Xocalı” kiçik müəssisəsinin təsisçilərini Rayon İcra Hakimiyyətinə dəvət olunması, müəssisənin nizamnamə kapitalına uyğun olaraq pay bölgüsünün aparılması bildirilib.


Lakin Ə.Nağıyev bunun hansı məqsədlə edildiyini sual edərək, təsisçilərin İcra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif bəhanələr gətirərək onların gəlmələrinə mane olub. Ə.Nəbiyevə izah edilib ki, təsisçilərin Rayon İcra Hakimiyyətinə dəvət olunmasında əsas məqsəd onların əmlakının nizamnamə kapitalında qeyd edilmiş pay bölgüsünə uyğun olaraq onlara təhvil verilməsi və sonradan təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə orqanlarına müraciət etməməsi üçündür.


Açıqlamada qeyd olunub ki, Rayon İcra Hakimiyyəti fürsətdən istifadə edərək, “Xocalı” kiçik müəssisəsinin təsisçiləri haqqında məlumatların icra strukturuna təqdim edilməsini xahiş edir: “Bizdə olan məlumata görə “Xocalı” kiçik müəssisəsi 12 nəfər təsisçinin adına rəsmiləşdirilib. Rayon İcra Hakimiyyəti ölkə prezidentinin tapşırıq və göstərişlərinin rəhbər tutaraq bütün kateqoriyadan olan imtiyazlı ailələrə xüsusi qayğı göstərir, o cümlədən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə yüksək həssaslıq göstərilir.


İcra hakimiyyəti bildirir ki, “Azadlıq” qəzetinin faktları araşdırmadan Xocalı soyqırımının ildönümü ərəfəsində həqiqətə uyğun olmayan məlumatların qəzetdə nəşr olunmasını təəssüf hissi ilə qarşılayır və xahiş edirik ki, tərəflərindən verilən dolğun və dəqiq məlumaları nəzərə alaraq, cəmiyyətə həqiqəti çatdırsınlar.


Xatırladaq ki, tənqidi yazı “Azadlıq” qəzetində “İcra başçısına intihar xəbərdarlığı” başlığı ilə gedib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR