“Bıçaqla qulağımı kəsdi, Köçaryan soruşdu ki, bura niyə gəlmisən?” – əsirlikdən qayıtmış Pənah Məhərrəmov - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Bıçaqla qulağımı kəsdi, Köçaryan soruşdu ki, bura niyə gəlmisən?” – əsirlikdən qayıtmış Pənah Məhərrəmov - FOTOLAR

Saxta erməni təbliğatı bədnam qonşularımızın məkrli niyyətlərini, insanlığa qarşı cinayətlərini ört-basdır etməyə çalışsa da, bir həqiqət danılmazdır. Düşmənlərimiz Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə siyasətini həyata keçirməkdədirlər. Ötən əsrin əvvəllərindən açıq şəkil almış bu təcavüzkar siyasət 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində də davam etdirildi. Milli Ordumuzun birinci batalyonunun ilk əsgərlərindən olan Pənah Məhərrəmovun erməni əsirliyində məruz qaldığı işgəncələr ermənilərin əsl xislətini, insanlığa qarşı vəhşiliklərini üzə çıxarır. Pənah Məhərrəmov Publika.az-a müsahibəsində erməni əsirliyində şahidi olduğu vəhşiliklərdən danışıb:

“Təxminən 7-8 saat atışdıq”

1991-ci ilin sonlarında könüllü şəkildə cəbhəyə yollandım. Həmin vaxtlar Azərbaycan Texniki İnstitutunun 3-cü kursunda təhsil alırdım. Lakin ermənilərin Qarabağdakı vəhşilikləri barədə xəbərləri eşitdikdə təhsilimi yarımçıq qoydum. Noyabrda Şıx batalyonuna üzv olmaq üçün könüllü ərizə yazdım. Dekabrda döyüşlərdə iştirak etməyə başladım. Şuşanın müdafiəsinə başladıq. Ermənilər Şuşa-Laçın yolunu tutmaq istəyirdilər. Bu səbəbdən orda postlar qurduq. Şuşada “zapravka” adlandırılan yerdə, habelə digər postlarda bir neçə gün xidmət keçdik. Həmin postlardan birində ən uca yüksəkliklər ermənilərin əlində idi. Kərkicahandakı bir sıra təpəlikləri işğal etmişdilər. Cəmi iyirmi iki nəfər idik. Ermənilərin sayı isə bizdən bir neçə yüz dəfə çox idi. Üstəlik, 366-cı alay da onlara dəstək verirdi.

1991-ci ildekabrın 28-də mühasirəyə alındıq. Hərəmizdə bir avtomat və cəmi 60 patron vardı. Bununla nə qədər müqavimət göstərmək olardı ki? Təxminən 7-8 saat atışdıq. Onlar da xeyli sayda itki verdi. Təəssüf ki, arxadan bizə kömək gəlmədi.

Cəmi 10 nəfər idik, 9 hərbçi, 1 mülki vətəndaş. Mülki şəxs Fərhad Atakişiyev və mən 21 yaşında idik. Hamıdan balaca olduğum üçün əsgər yoldaşlarım məni Malış adlandırırdılar. Mühasirəyə alınmağımızı sonradan bildik. Post növbətçiliyi 2 saat olsa da, döyüş zamanı olduğundan postda 4 saat dayanırdıq. Gördük ki, gəlib postda bizi dəyişən yoxdur. Sən demə, qızğın döyüş gedirmiş. Hətta bizim əvəzlədiyimiz adamlar da döyüşürdülər. Mövqelərimiz aşağıda olduğundan fasiləsiz atəşə tutulurduq. Başımızı qaldıra bilmirdik. Bizi mühasirəyə aldıqdan sonra mühasirə həlqəsini daraltmağa başladılar. Mən sona qədər öz postumda qaldım. Çünki o, sonuncu idi. Mühasirəyə alıb qışqırırdılar ki, “Ara Osman təslim ol. Çıxın ordan”. Döyüşçü yoldaşlarımın çoxu yaralandığından əsir düşdük.

Fərhada əsirlikdə işgəncə verib öldürdülər

Məni tutan kimi başımdan zərbə endirdilər. Alnımdan qan axmağa başladı. Çoxlu qan itirmişdim. Qollarımızı qandalla bir-birinə bağladılar. Günorta saat 2 olardı. Döyə-döyə Xankəndinin içi ilə aparmağa başladılar. Mülki əhali yolda bizə nifrətlə baxırdı. Çox xoşagəlməz durum idi. Aralarında elələri vardı, yoldaşlarımı öldürmək istəyirdilər. Lakin hərbçilər mülki vətəndaşlara imkan vermədilər. Əsgərlərin məqsədi bəlli idi – bizi əvvəlcə özləri döyəcək, işgəncə verəcəkdilər. Sonra Allah bilirdi. Həmin vaxt xeyli erməni cinayətkarlar bizim əlimizdə idi. Məsələn, Salatın Əsgərovanı qətlə yetirən, habelə digər qatillər. Həmin şəxsləri Bakıda saxlayırdılar. Amma ermənilərə ilk əsir düşənlər biz idik. Bəlkə elə özlərinin cinayətkar girovlarına görə bizi öldürmədilər, dəyişmək istədilər.

Əvvəlcə bizi guya həkim “müayinə”sinə gətirdilər. Bununla humanitar yardım haqqında görüntü yaratmaq istəyirdilər. Guya müharibə qaydalarına “riayət edirdilər”. Halbuki vurub başımı partlatmışdılar, qan axırdı, amma sarımırdılar. Həkim soruşdu ki, səndə nə problem var? Cavab verdim, başımı partlatmısınız. Dedi keç, heç nə olmaz. Əgər yardım etməyəcəkdilərsə, niyə soruşurdular?

Sonra hərbçi yoldaşlarımı böldülər. Ermənilər bizə azərbaycanlı yox, “Osman” deyirdilər. Əsgəranda əsirlikdə olanda bir erməni mənə dedi ki, siz azərbaycanlı deyilsiniz, səlcuq türküsünüz. Özünüzə yalançı, saxta adlar qoymusunuz.

Qeyd etdiyim kimi Politexnik İnstitutunda təhsilimi yarımçıq qoymuşdum, Fərhad Atakişiyev isə İnşaat İstitutunda oxuyurdu, təhsilini yarımçıq qoyub cəbhəyə gəlmişdi. Bələdçi olduğuna görə əsirlikdə ona həddən çox işgəncə verib öldürdülər. Yadımdadır, hər gün onun iniltilərini eşidirdim. Bu, gücdən düşmüş, canını tapşırmağa hazır olan adamın əzabları idi. Bir gün gəlib döydülər, amma ondan səs çıxmadı. Divarın bu tərəfində başa düşdüm ki, Fərhad keçinib. Ermənilər onu tanıyırdılar, atasını kim olduğunu bilirdilər. Həmin şəhidimiz bir zamanlar Xankəndidə oxumuşdu. Həbsxanada kameralarımız qonşu idi, divarın bir üzündə mən idim, o birində Fərhad. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adını verdilər.

“Gündə cəmi 1 dəfə acından ölməmək üçün nəsə verirdilər”

Hər gün gəlib döyür, sonra işgəncə verirdilər. Yuxarı mərtəbələrdəki kameralarda saxlanılan döyüşçü yoldaşlarımın iniltiləri, qışqırıqları kameramda da eşidilirdi.

Bir neçə gün, ümumiyyətlə, heç nə verməyib, ac saxladılar. Ondan sonra az-az yemək verməyə başladılar. Gündə cəmi bir dəfə acından ölməmək üçün nəsə verirdilər. Günün axşam saatlarında işgəncələr başlayırdı. Sanki rejim yaratmışdılar. Hər axşam döyülməli idik. Hərdən xarici jurnalistlər gəlirdi deyə, gündüz döyməyə çox da risk etmirdilər. Gecələr muzdlular döyür, işgəncə verirdilər. Bunlar 3-4 nəfərlik qruplar idilər. Avtomatın qundağıyla, təpiklə, əllə vururdular. Məni 2-3 gün qandallı saxladılar deyə, zərbə endirəndə bədənimin zəif yerini qoruya bilmirdim. Yeməyi də əli qandallı yeyirdim. Kamerada çarpayı yox idi. Adi döşəmə idi. Ayağımız yalın idi, çəkmələrimizi əlimizdən almışdılar. Buna görə də ayaqlarımı don vurdu. Ayaqlarım indi də ağrıyır. Bu səbəbdən indi ayaq üstə çox dayana bilmirəm Uzanıb betonun üstündə yatırdıq. Qış vaxtı, dağlıq yer, betonun üstü.

Ermənilər bizi döyəndə rusca deyirdilər ki, elə edəcəyik, bütün ömrünüzü dərmanla yaşayasınız. Kürəyimə çıxıb, ağır çəkmələrlə böyrəyimin üstünü tapdalayırdılar ki, böyrəklərim əzilsin. Avtomatla başıma vururdular. Türmə rəisi Serjik deyirdi ki, ara özümüz çörək tapmırıq. Amma sizə də veririk. Özləri də qıtlıq çəkirdilər. Yediklərinin qırıntıları qalanda bizə verirdilər.

Aclıq gördüm orda, bir tərəfdən də stress, həyəcan. Əsgəranda olanda deyirdilər ki, hazırlaş, sabah səni asacağıq. Gəl, indi sabaha qədər yat görüm necə yatırsan.

Səhər gəlib deyirdilər ki, sənin asılmağın sabaha qaldı. Divara söykəyib tapança ilə başımın sağından və solundan atəş açır, qorxudurdular. Güllələr hər an sifətimə dəyə bilərdi. Öldürmək niyyətləri yox idi, amma işgəncə verməkdən həzz alırdılar. Mən isə həyəcan keçirirdim.

Əynimdə cəmi bir köynək vardı, başımın qanına bulaşmış köynək. Təsəvvür edin ki, nələr çəkirdim. Bu əzabların üzərinə gecələr verilən işgəncələri də gəlsəniz, hansı qeyri-insani münasibətlə üzləşdiyimizi təsəvvür edərsiniz. Dekabrın 28-dən yanvar ayının 29-a kimi hər gün işgəncələr verdilər. Bir ay bir gün Xankəndi təcridxanasında döyüldüm.

Bir gün gəlib dedilər ki, səni dəyişdirməyə aparırıq. Əsgərana gətirdilər. Bura dəyişilmə məntəqəsi idi. Amma təəssüf ki, dəyişə bilmədilər. O vaxt Bakıda erməni cinayətkarları saxlanılırdı. Bizim məsələmiz isə Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibova çatdırılmışdı. Mütəllibov göstəriş verdi ki, Bakıdakı həbsxanalardakı bəzi erməniləri aparıb Xankəndidəki əsirlərlə - bizimlə dəyişsinlər. Bizimkilər erməniləri dəyişmək üçün Ağdama gətirmişdilər. Elə həmin ərəfədə Ağdamdakı özünümüdafiə batalyonumuz Əsgərana hücuma keçdi. Bizimkilər Əsgərana hücuma keçsələr də, arxa cəbhədən kömək gəlmədiyindən əməliyyat uğursuz alındı. Şəhidlərimizin bəzilərinin meyitləri döyüş meydanında qaldığından ermənilər onları ələ keçirdilər. Əsgəranda olanda ermənilərdən biri dedi ki, ara qalx, maşının kuzovundakılara bax. Kuzova qalxanda ən azı 7-8 şəhidimizin meyitini gördüm. Hətta bəzilərini meyitləri yandırılmışdı. Həmin meyitlərlə erməniləri dəyişdirdilər. Futbol termini ilə desək, mən ofsaytda qaldım, dəyişmədilər. Yanvarın 29-dan fevralın 10-a kimi Əsgəranda qalmalı oldum. Əsirləri orada çox saxlamırdılar. Çünki ora ancaq dəyişilmə məntəqəsi idi. Burada əsir ən azı 2 gün ərzində dəyişdirilməlidir. Amma mənim məsələm uzandı.

“...avtomatın qundağı ilə başımdan vurdular”

Məni Əsgəranda müvəqqəti saxlama təcridxanasında saxlayırdılar. Orada da döyürdülər. Düzdür, içəri daxil olmurdular, amma qapının deşiyindən vururdular.

Fevralın 10-da yenidən Xankəndinə gətirdilər. Bizimkilər ermənilərdən birini əsir götürmüşdülər. Orada belə bir qayda vardı. Hansı erməni ailəsinin qohumu özümüzünkülərdə əsir idisə, erməni ailələri bizi aparıb, onun evində saxlayırdılar. Mən də həmin siyahıya düşənlərdən idim. Sən demə məni Əsgərandan Xankəndinə ona görə aparıblar ki, sonradan dəyişsinlər. Arxamca əli avtomatlı 3-4 nəfər gəlmişdi. Həmin gün orda macarıstanlı jurnalistlər vardı. Ermənilər onlar üçün süfrə açdılar, yeyib-içdilər. Macarlar mənə 1-2 sual verdilər. Onların başı ziyafətə, yeyib-içməyə qarışmışdı.

Ermənilərdən biri məni qorxutmaq üçün deyirdi ki, səni topun qabağına bağlayıb atacam.

Sonra Xankəndidə kazarmaya gətirdilər. İçəridə xeyli düşmən əsgəri yatırdı. İkisi oyaq idi. Qoca bir kişi də bunlardan ötrü tonqal qalayırdı. Sumqayıt ermənisi idi. Gəlib kazarmada oturduq. Onlardan bir-ikisi bizə yaxınlaşdı. Artıq işgəncələrə öyrənmişdim. Odur ki, düşməndən aman istəmədim. Yaxınlaşanlardan biri əlindəki yekə bıçaqla qulağımı kəsdi. Heç nə demədim, fikirləşdim ki, nə olar, olar. Ağrıya birtəhər dözdüm. Qulağımın üst hissəsini kəsib ətini götürdü. Yenə çoxlu qan itirdim.

Məni evinə aparan erməni başa düşdü ki, bunların niyyəti öldürməkdir. Ona görə də məni xüsusi maşında tez aradan çıxardılar. Həmin erməni məni öz evinə gətirib gizlətdi. Dedi, kazarmada bircə saat qalsaydın, öldürüləcəkdin.

Evə gətirdilər. Bura da təhlükəli idi. Əgər qonşular evdə azərbaycanlının olduğunu bilsəydilər, məni dərhal öldürərdilər. Otaqlarda günlərlə sakit, dilxor otururdum. Gecələr onların qonaqları gəlirdi. Bir dəfə qonaqlardan biri soruşdu ki, bu kimdir? Evin yiyəsi cavab verdi ki, türkdür. Qonaq az qaldı dəli olsun. Mənə dedi ki, niyə bura gəlmisən? Onu güclə sürüyə-sürüyə evdən çıxardılar. Ailə üzvləri başa düşdülər ki, burda qalmağım təhlükəlidir. Qonşular, qohumlar məni öldürə bilərlər.

“Köçaryan məni sorğu-sual etməyə başladı”

Əgər qonşular məni öldürsəydilər, ailənin Azərbaycanda əsir olan oğlu da dəyişilməyəcəkdi. Qərara aldılar ki, məni başqa qohumlarının evində gizlətsinlər. Onların Sumqayıtdan gəlmiş qohumları vardı. Məni bir gecə aparıb onun evində gizlətdilər. Lakin həmin evdə də çox qalmadım. Üçüncü evə apardılar. Sonra atışma başladı deyə bu evdən də çıxardılar.

Bir gün Köçaryan gəlib bizimlə görüşdü. Məni sorğu-sual etməyə başladı. Soruşdu ki, döyüşmək nəyinə lazımdır? Əynimdə cəmi bir köynək vardı deyə soyuqdan əsirdim. Buna görə də Köçaryana cavab verə bilmədim. Daha sonra soruşdu ki, niyə cavab vermirsən? Bura bizim torpaqlarımızdır. Gördü üşüyürəm deyə, danışa bilmirəm. Tapşırıq verdi ki, mənə buşlat versinlər. Köçaryan dedi ki, əgər Ermənistana getsəydin, oradan sağ qayıtmayacaqdın. Şükür et ki, burdasan. Minnət edib getdi.

Ayın 10-da Əsgəran təcridxanasından çıxarılanda ağlım başıma gəldi. Aclıqdan və işgəncələrdən danışmağa taqətim qalmamışdı. Allaha dua edirdim ki, tezliklə məni Əsgərandan çıxarsınlar. Tanrı dualarımı eşitdi və məni Əsgərandan çıxardılar. Erməni ailəsində yediyim yeməklərdən sonra özümə gəldim.

Məni Flora adlı qadını evinə gətirdilər. Əri Rafiq ağsaqqal kişi idi. Onların evi çoxmərtəbəli yaşayış binasında yerləşirdi. Orda cəmi 1 gün saxlanıldım. Sonra başqa evlərə apardılar. Çox böyük ailə idi – 4 qardaş, 3-4 bacı. Hər gün birinin evinə aparılırdım.

Artıq fevralın 17-18-i idi. Məni bir evə gətirdilər. Ailə üzvləri çox kasıb idi. İnanın ki, biz onları adicə mühasirədə saxlaya bilsəydik, çoxdan qalib gələrdik. Ərzaq qıtlığından çıxıb gedəcəkdilər. Təəssüf ki, bu olmadı.

Məni saxlayan ailə üzvləri hər gün revanolla qulağımın yarasını yuyurdular. Hərdən gülürdülər. Soruşdum nəyə gülürsünüz? Qulağima? Dedim sizin “qəhrəmanınız” Andronikdir, bizimki də mən olum.

Məni Hasan adlandırırdılar. 9-10 yaşlı erməni yeniyetmə baltayla odun yarırdı. Mənə dedi ki, əlimə türk keçsə, onu da belə doğrayaram.

Bir dəfə erməni ailəsinin yeznələrindən biri əli ilə Xocalını göstərib dedi ki, ora “matağ”dır. Ermənicə bilmirdim. Başa saldı ki, “matağ” “qurban” deməkdir. Sonra əlavə etdi ki, oranın vaxtı var, zamanı çatanda “matağ”ı kəsəcəyik.

Fevralın 26-da gördüm ki, ağır döyüşlər gedir. Əvvəlcə kiçik çaplı silahlardan atışma başladı. Ermənilər sevincək çölə çıxır, Xocalıya tərəf boylanırdılar. Sonra isə öz aralarında sevincək nəsə danışırdılar. Sən demə, Xocalıda bizimkiləri qırırlarmış. Axşam oturub televizora baxırdılar. Əsasən Azərbaycan televiziyasını izləyirdilər. Erməni məni yanına çağırdı. Dedi ki, ara bura gəl, bax gör sizinkilər necə yalan danışırlar. Onlar Xocalıda yüzlərlə dinc sakinimizi qətlə yetirmişdilər deyə, hər şeydən xəbərdar idilər. Bizimkilər televizorda dedilər ki, Xocalıda cəmi 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Halbuki ölənlərin sayı 613 nəfər idi.

Məni ayın 27-də dəyişəcəkdilər. Amma bizimkilər sifariş göndərdilər ki, komandiri də gətirin. Onsuz gəlməyin. Bu səbəbdən də həmin gün dəyişilməyim alınmadı. Məni bir nəfərlə dəyişmək istəyirdilər, lakin həmin erməni öldüyündən problem yarandı. Başqasıyla dəyişmək qərarına gəldilər.

Qətliamdan 2 gün sonra – fevralın 28-də məni Əsgəranla Ağdamın arasında dəyişməyə gətirdilər. Ora gələndə Xocalının içindən keçəndə ermənilərdən biri dedi ki, gözlərini yum. Meyit həddən artıq çox idi.

At, eşşək arabaları ilə Xocalını talan edirdilər.

Yəqin ki, televizorda camaatın ayaqyalın gəldiyi yeri görmüsünüz. Məni həmin yerdə Jora adlı qoca kişiylə dəyişdilər. Həmin kişi infarkt keçirmişdi. Onun 60, mənim isə 21 yaşım vardı. Mənim ailəm onu Ağdama gətirmişdi. Orada bibimin evində saxlamışdılar.

Dəyişildiyim gün türk jurnalist məndən müsahibə alacaqdı. Amma ermənilər bombardmanlara başladılar deyə, müsahibə yarımçıq qaldı.

Anar TAĞIYEV

Oxumağa davam et
Reklam
Reklam

Gündəm