AMEA-dan daha bir Novruz "fitvası"
Bizi izləyin

Qırmızı.az

AMEA-dan daha bir Novruz "fitvası"

Novruz bayramında Bahar qızı obrazının təqdim edilməsi düzgün deyil. Bahar qızı sovet dövründə yaradılmış obrazdır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Alimin sözlərinə görə, Bahar qızı Yeni il şənliyindəki Qar qızın prototipi olaraq yaradılıb.

A.Əhmədli qeyd edib ki, Baharın zərif qadına bənzədilməsinin əleyhinə olmasalar da, onu arxaik mədəniyyətdə olduğu şəkildə - Yaz xanım, yəni Günəşin qızı kimi görmək istəyirlər. Çünki arxaik mədəniyyətdə Yaz xanımla, eləcə də dünyanın yenidən doğulmasının qadın obrazında verilməsi ilə bağlı mifoloji düşüncələr var: “Bu məsələdə bizim etirazımız Bahar qızı obrazının süni, dekorativ, bayağı formada olmasınadır. Yeni il şənliyində Qar qız olan kimi Novruz bayramında da sanki Bahar qızı mütləq olmalıdır. Bahar qızının hər halda öz kökümüzlə bağlı olması daha yaxşı olardı”.

Onun sözlərinə görə, mifologiyada Yaz xanımın olması Azərbaycan yazıçısı Mirzə İbrahimovun yazdığı xatirələrdə də öz təsdiqini tapır: “Mirzə İbrahimov yazıb ki, rəhmətlik anam mənə “Yeraltı dünyanın padşahı Yaz xanımı anası Günəşdən oğurlayır. Yaz xanıma yalnız yazda icazə verərdi ki, torpağın səthində buğlanma gedən zaman bir dəfə anası Günəşlə görüşsün” deyərdi”.

A.Əhmədli bildirib ki, sovet dövründə Novruz bayramının yalnız estetik tərəfi, insanlara xoş əhvali-ruhiyyə gətirən bayram tərəfi tədqiq edilib. Ancaq bu bayramın çox ciddi mifoloji düşüncələri, Novruz bayramının yerləşdiyimiz coğrafi ərazi, astronomiya, tarix, digər elm sahələri ilə əlaqəli şəkildə öyrənilməsi geniş şəkildə həyata keçirilməyib.

Novruz bayramının türk mədəniyyətinə məxsus olduğunu deyən alimin sözlərinə görə, bu, zərdüştlükdən də çox-çox əvvəlki mədəniyyətdir: “Novruz bayramı türk mədəniyyətinə məxsusdur. Tarixə baxsaq görərik ki, bu mədəniyyət zərdüştlükdən də qat-qat əvvəlki mədəniyyətdir, onun Zərdüştlük dövründə İrana keçməsi faktı var. Zərdüşt bizim eramızdan əvvəl 7-ci əsrdə Daranın dövründə təliminə görə öz vətənindən - Uzaq Baykal sahillərindən qovulmuşdu. Zərdüşt milli mənsubiyyətinə görə türkdür, onu farslar himayə ediblər, təlimini qəbul ediblər. Odun ilahi qüvvəyə qaldırılması məsələsi də zərdüştlük dövründəndir. İranda bu bayramın yayılması məhz zərdüştlük təlimi ilə bağlıdır”.

A.Əhmədli deyib ki, şimal yarımkürəsində yaşayan xalqlar təbiətin oyanışını, cənub yarımkürəsində yaşayan xalqlar isə təbiətin ölməsini qeyd ediblər. Lakin təbiətin oyanışı bayramı şimal yarımkürəsində yaşayan xalqlarda müxtəlif adlarla və fərqli günlərdə keçirilib.

Alimin sözlərinə görə, odun üstündən tullanna zaman deyilən söz də sonradan nitqdə dəyişikliyə uğrayıb. Çox insan odun üstündən tullanan zaman “ağırlığım, uğurluğum səndə qalsın” deyir, amma bu ifadə “ağırlığım səndə, uğurun məndə, sarılığın səndə, qırmızılığın məndə” kimi deyilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm