“Vyetnamdan evə məktub yazdım, 11 aydan sonra cavab aldım” - BRİFİNQ
Bizi izləyin

Qırmızı.az

“Vyetnamdan evə məktub yazdım, 11 aydan sonra cavab aldım” - BRİFİNQ

"Brifinq"in qonağı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovdur.

Hüquq müdafiəçisi ilə söhbətdə uzun zamandır mediada həbsxanada ana olan Lamiyə Quliyevanın məsələsi ətrafında yaranan ajiotajla başladıq. Dünən məhkəmə zalından azadlığa buraxılan Lamiyə Quliyevanın cəzaçəkmə müəssisəsində ana olmasının hüquqi tərəfləri ətrafında söhbət etdik. Sahib bəylə şəxsi karyerası, cəbhə hakimiyyəti dövründə tutduğu vəzifələrdən danışdıq, 2015-ci il parlament seçkilərinə qatılıb-qatılmayacağını soruşduq. O, dini baxışlarından, sevdiyi musiqilərdən də bəhs etdi.

Naibə Qurbanova: Sahib bəy, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin üzvüsünüz. Neçə müddətdir mətbuat həbsxanada ana olan Lamiyə Quliyevanın cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsindən danışır. Siz tez-tez cəzaçəkmə müəssisələrinə baş çəkirsiniz. Məsələ barədə mövqeyinizi bilmək istərdik.
- Bu mövzuda danışanda mənim üçün bir nömrəli məsələ odur ki, şəxsi həyata müdaxilə olmasın. Çünki hər kəsin özəl həyatı və müəyyən sərhəd var ki, ona müdaxilə yolverilməzdir. Bilirsiniz ki, Şəmkir rayonunda vaxtilə faciə baş verdi, bir gənc xüsusi qəddarlıqla qətlə yetirildi. Lamiyə və onun nişanlısı adlandırılan şəxs həbs edildi. Düzü, bilmirəm, Vüqar Əliyev nişanlı idi, yoxsa yox. Mən onunla 7-8 il əvvəl Qobustanda təkbətək söhbət eləmişəm. Bildiyim də budur ki, oğlan qətli həyata keçirməyib, sadəcə olaraq, cinayətin iştirakçısıdır. O zaman ona ən yüksək cəza verildi. Mən 4 saylı qadınların olduğu cəzaçəkmə müəssisəsində də olmuşam. Orada həbsdə övlad dünyaya gətirən xanımlar üçün ayrıca korpus var. Uşaq 3 yaşına çatanadək həmin korpusda qalırlar. Əgər bu müddətdə qadının cəzası başa çatmırsa, uşağı internat məktəbinə yerləşdirirlər. Həbsdə məhkum qadınların uşaq dünyaya gətirməsi birinci hadisə deyil.

“Mən şəxsən Lamiyə Quliyevanın versiyasına inanıram”

Qurban Yaquboğlu: Söhbət nikahlı münasibətlərin nəticəsindən gedir, yoxsa analoji hadisələr olub?
- Orada nikahdan kənar kiminsə uşaq dünyaya gətirməsi barədə məndə məlumat yoxdur. Amma nikahda olan qadınlar var, onlara uzun müddətli görüş üçün xüsusi otaq ayrılır, orada görüşürlər. Lamiyə Quliyevanın isə belə bir hüququ yox idi. Uzunmüddətli görüş yalnız nikah sənədi əsasındadır. Lamiyənin dünyaya uşaq gətirməsi rejim qaydalarının pozulmasının nəticəsidir. Orada personal tərəfindən kiminsə zorlanması ağlabatmaz məsələdir. Bu, mümkün deyil. Könüllü aktın nəticəsində uşaq dünyaya gəlib. Ən doğru versiya xanımın televiziyadakı çıxışındakı fikridir. Kimsə nəyinsə naminə rejim qaydalarını pozub və belə hala şərait yaradıb. Əvvəllər də kişilərin cəza çəkdiyi cəzaçəkmə müəssisələrində belə hallar olub. Buna görə xeyli insanlar cəzalanıb, işdən çıxarılıblar.

A.Lətifov: Sahib bəy, Penitensiar Xidmətə ictimai nəzarəti necə həyata keçirirsiniz?
- Əsasnaməyə görə, İctimai Komitənin ən azı iki üzvü cəzaçəkmə müəssisəsinə baş çəkə bilər. Sizinlə eksperiment apara bilərik, bir nəfərə də zəng edə bilərəm ki, gəlsin, sizin müşayiətinizlə gedib cəzaçəkmə müəssisəsinə vəsiqəmizi təqdim etməklə baş çəkə bilərik.

Q.Yaquboğlu: İstənilən vaxt bu, mümkündür?
- Bəli. Müəyyən istisna hallar da var. Məsələn, əməliyyat tədbirləri keçirilən vaxt, hansısa fövqəladə hal baş verəndə bunun yatırılması üçün qüvvələr yeridiləndə məhdudiyyət qoyula bilər. Digər hallarda məhdudiyyət olmur. Gedəndə hansı məhbusla istəsək, konfedensial görüşə bilərik, bütün jurnallara baxa bilərik. Sonda xüsusi hesabat formasına nə müşahidə etmişiksə yazırıq, pis rəftar halı ilə bağlı məsələlər varsa, onu qeyd edirik. Sıxlıq çoxdursa, qidalanmada hansısa problem varsa, istilik sistemi zəif işləyirsə, onlar qeyd edilə bilər. Bir də tövsiyələr hissəsi var. O, qapalı konvertə qoyulur, kimlər müşahidə aparıbsa, imzalayır və o, cəzaçəkmə müəssisəsinin administrasiyasına verilir. Əsasnaməyə görə həmin gün Ədliyyə Nazirliyinə çatdırılmalıdır. Ədliyyə Nazirliyi baxandan sonra Tibb Baş İdarəsinə aiddirsə, oraya, Penitensiar Xidmətə aiddirsə, Xidmətə göndərilir. Onlar yazılı cavab verir. O yazılı cavab əsasında Ədliyyə Nazirliyi yazılı sənəd hazırlayır. Qeyd edilir ki, məsələyə baxıldı, buradakı səhv düzəldildi. Elə təklif var ki, onu həyata keçirmək mümkün deyil. Biz tibb müəssisəsinə gedəndə gördük ki, cəzaçəkmə müəssisələrinə ictimai nəqliyyatla gedirlər. Tibb müəssisəsinin işçiləri təcili yardım kimi çağırılan cəzaçəkmə müəssisəni getməlidirlər. Kimin nəqliyyatı var gedir, olmayan ictimai nəqliyyatla gedir. Biz təklif etmişdik ki, bir neçə ixtisaslaşmış avtomobil alınsın. O vaxt dedilər ki, yaxşı təklifdir, amma bu il avtomobil ala bilməyəcəyik, yerinə yetirilməsi uzun müddət tələb edir. Məhkumların fikirlərinə əsasən, nəsə yaza bilərik. Amma qeyd olunur ki, bu, məhkumun fikridir. Çünki biz sübut edə bilmirik. İşgəncə, pis rəftar halları ağır cinayətdir. Yaza bilməzsən ki, filankəs işgəncə tətbiq edib, gərək o, sübut olunsun. Məhkum adını demək istəyirsə, onun adına istinad edirsən. Əgər adının çəkilməsini istəmirsə, yazırsan ki, bir qrup məhkumun dediyinə görə, filan hadisə baş verib. Araşdırırlar, doğru çıxırsa, cəza tətbiq edirlər. Yaxşı mexanizm idi.

Q.Lətifov: Sizə nəticə barədə məlumat verilir?
- Bəli, məlumat verilir. Əvvəllər mən koordinator olanda ayda bir dəfə iclasa toplaşırdıq. Son dövrlərdə iclaslar səngiyib. Bu, bizim özümüzdən asılıdır. Özüm son vaxtlar cəzaçəkmə müəssisələrinə getmirəm.

Q.Yaquboğlu: Niyə getmirsiniz?
- Bu, sırf ictimai işdir. Qobustana getmək üçün nəqliyyat vasitəsi lazımdır. Heç vaxt bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən kömək olmayıb. Əsasnamədə də yazılıb ki, kömək ola bilməz. Əvvəllər nəqliyyat xərcləri üçün donorlardan, məsələn Soros fondundan vəsait əldə edə bilirdik. İndi o donorlar da yoxdur. Məsələn, Salyana 4-5 nəfər gediriksə, yolda oturub çörək yeməlisən. Koordinator mənəmsə, gərək özüm həll edim. Mən koordinator olan dövrlərdə məhdud miqdarda qrant vəsaitləri alırdım, həmin xərcləri ödəyirdi. İndi o vəsait yoxdur. QHT Şurası vəsait ayıra bilər.

Bəxtiyar Məmmədli: Layihə təqdim edən olmayıb?
- QHT Şurasından bununla bağlı layihə təqdim edənlər olub. Bizim təşkilatımız da hüquqi yardım göstərmək üçün qrant alıb.

“Kürdəxanıdakı kamera iki ulduzlu otelə bənzəyir”

Nərgiz Ehlamqızı: Xədicə İsmayıl, Leyla Yunusun saxlanma şəraiti ilə tanış olmusunuz?
- Onlar istintaq altındadırlar. Penitensiar Xidmətə nəzarəti həyata keçirən İctimai Komitə istintaq təcridxanalarına gedə bilməz. Getsə də, gərək istintaqı aparan orqanın bununla bağlı qərar və icazəsi olsun. İctimai Komitənin üzvlərindən iki nəfər həkimlərin müşayiəti ilə Leyla Yunusun yanında olublar. O da bir növ onları qovub, heç bir ünsiyyətə girməyib. Xədicə İsmayılın isə saxlanma yeri ilə bağlı şikayəti yoxdur. Kürdəxanıdakı kamera müasir standartlara cavab verir. Kameralardan gəzinti yerinə birbaşa çıxış var. Səhər tezdən axşam saat 17.00-dək çıxıb gəzə bilər. İçəridə televizor var. Avropada iki ulduzlu otellər var, ora uyğun gəlir. İstilik sistemi yaxşıdır, qidalanma normaldır, hər kəs sovqat da alır. Məşhur məhkumların əksəriyyətinin şikayəti yoxdur, yalnız bir istisna var. Cinayətdə təqsirləndirilən şəxsin hüququdur, yalan da danışa bilər. Özü barəsində hadisələri şişirdə də bilər. Onu heç kəs qınamamalıdır.

“Məhbuslarla bağlı siyahı biznesi var”

Səxavət Həmid: İnsan hüquqları üzrə birgə İşçi Qrup fəaliyyətini bərpa etdi. Siz həmin Qrupun katibisiniz. İşçi Qrup hansı işlə məşğuldur? Sadə vətəndaşlar da müraciət edirmi, yoxsa ancaq problemli məhbusların məsələsi ilə məşğul olur?
- İşçi Qrup Avropa Şurasının tövsiyəsi əsasında 2005-ci ildə yaradılıb. Orada bir tərəfdən hakimiyyətin müxtəlif qollarını, o cümlədən Prezident Administrasiyası Ədliyyə orqanları, prokurorluq, Daxili İşlər Nazirliyinin yüksək səlahiyyətləri olan şəxslər təmsil edilir, digər tərəfdən insan hüquqlarını müdafiə edən şəxslər tərkibdədir. 2005-2008-ci illər fəaliyyəti dövründə çox intensiv işlədi. Təxminən 177 nəfər barədə müxtəlif qərarlar qəbul olundu. Avropa Şurası yaxşı fəaliyyətə baxmayaraq hansısa qrupun təsiri ilə xüsusi məruzəçi təyin etdi. Bu, mümkün idi, çünki Avropa Şurası Parlament Assambleyası müxtəlif deputat və lobbi qruplarından ibarətdir. Biz onda xəbərdarlıq etdik ki, artıq milli mexanizm iflasa uğrayır. Bir şeyi də qeyd edim, məhbuslarla bağlı siyahı biznesi var. İşçi qrupun bərpasına skeptik yanaşırdım. Bilirdim ki, bu, yeni siyahıların ortaya çıxmasına gətirib çıxaracaq. Ona görə də nə təşkilatımız, nə də mən məhbus siyasilərlə məşğul deyiləm. Həm birinci tərkibdə vardım, həm də İctimai Komitədə varıq deyə o tərkibdə qalmışam. Çünki bu məsələnin çoxlu eybəcərlikləri var. Gürcüstanın əvvəlki hökuməti başda prezident Saakaşvili olmaqla tam tərkibdə təqibdədir. Bizdə isə keçmiş siyasilərlə bağlı hansısa iş başlayanda onlar dərhal siyasi məhbus siyahısına düşürlər. Gürcüstanda 97-98 nəfər keçmiş hakimiyyət nümayəndələri var ki, onlar həbsdədir, amma onlarla bağlı heç bir beynəlxalq təşkilatda ciddi məsələlər qoyulmur. Beynəlxalq təşkilatlar Cənubi Qafqaz regionunda olan Ermənistan, Gürcüstanla bağlı heç nə yazmırlar, yalnız Azərbaycanla bağlı dinləmələr keçirirlər, bu, Azərbaycan hökumətinin haqlı olaraq xoşuna gəlmir. Bir də süni surətdə siyahılar şişirdilir. Burada xüsusi məqsəd isə Azərbaycanın anti-demokratik imicini yaratmaqdır. Məsələn, metronun partladılmasında iştirak edən və çoxsaylı insan qətlinə gətirib çıxaran şəxslər cəzalarının xeyli hissəsini çəkiblər, azad etsələr, etiraz da etmərəm. Amma Avropa Şurası onları siyasi məhbus sayır. Deyirlər ki, onlar siyasi məqsəd üçün bu terroru törədib. Yaxşı onda siyasi məqsədlər üçün terror törədən Breyvik niyə siyasi məhbus sayılmır? İşçi Qrupa qayıdıram, son iclasımızı noyabrın 12-də keçirmişik, təklif vermişik ki, növbəti iclas çağırılsın. Amma həmsədrlər tərəfindən təşəbbüs yoxdur, gözləyirik. Verdiyimiz ilkin təkliflər nəzərə alınıb. Başqa təkliflərimiz də var. Təqsirləndirən bəzi şəxslər barədə qətimkan tədbirinin dəyişdirilməsi məsələsini qaldırmışıq. Onlar barəsində məhkəmənin qüvvəyə minmiş hökmü yoxdur, əfv oluna bilməzlər. İşçi Qrupun, dialoqun olması yaxşıdır. Amma gözlənilən effekt nə dərəcədə güclü olacaq, bu, artıq başqa məsələdir.

“QHT-lər tam 20 il nəzarətsiz fəaliyyət göstərib”

B.Məmmədli: QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvüsünüz. Qaydaların dəyişməsi QHT-lərin fəaliyyətinə hansı təsirləri göstərdi?
- Məsələ ondadır ki, bizdə QHT-lər tam 20 il nəzarətsiz fəaliyyət göstərib. Avropa ölkələrində vergi nəzarəti adi qayda idi. Bizdə nadir hallarda hansısa QHT vergi yoxlamasına cəlb oluna bilərdi. İndinin özündə də bəzi təşkilatlar 20 ildir reyestr məlumatlarını yeniləməyiblər. Halbuki nizamnamələrinə görə bu, ən azı 2 ildən bir olmalıdır. Qrantları qeyri-məhdud şəkildə alırdılar, müqavilələr olmadan şəxsi hesablara, fərdi hesablara pul yatırılırdı. Heç kəsə gözünün üstündə qaşın var deyən yox idi. 2003-cü ildən qrantların qeydiyyat məsələsi tənzimlənməyə başlandı. 2009-cu ilədək tam anarxiya idi. Qanun tətbiq olunmurdu, QHT-lər də heç bir məlumat vermirdi. 2009-cu ildən sonra bu, bir az sərtləşdi. Amma yenə də banklara yazılı göstəriş verilmirdi. Azərbaycan transmilli cinayətlər və çirkli pulların yuyulmasına dair BMT konvensiyasının iştirakçısıdır. Hamısında pulların izlənilməsi ilə bağlı maliyyə monitorinq komissiyaları yaradırlar. Ədliyyə Nazirliyi və maliyyə monitorinq komissiyası müəyyən həddə pul dövriyyəsi olanda nəzarətə alırlar və baxırlar hara gəldi, hara getdi. Ədliyyə Nazirliyi və maliyyə monitorinq komissiyasının bazası arasında ciddi fərqlər var. Oradan pullar keçib, Ədliyyə Nazirliyində isə fiksə olunmayıb. Hökumət də buna göz yummaqda davam edirdi. Birdən-birə cinayət işi başlandı. Cinayət işinin tərkib hissəsi kimi bəzi QHT-lərin hesabları dondurulub, istintaq gedir. Eyni zamanda, qanunlarda daha sərtləşmə oldu. Son sərtləşmə xarici donorun fəaliyyətini həddən artıq məhdudlaşdırır. Amma sizə bir rəqəm deyim, ötən il Azərbaycan hökumətinin qeyri-kommersiya qurumlarına ayırdığı vəsait 43 milyon manat olub. Bu, xarici donorlardan az qala 2 dəfə çox idi.

“Azərbaycan üçün indiki dövr ən stabil dövrdür”

N.Ehlamqızı: Bu yaxınlarda bir reytinq açıqlandı, Azərbaycan xoşbəxtlər ölkəsi sırasında 4-cü yerdədir. Bir çox ölkələrdə olmusunuz. Hansı ölkənin əhalisini problemsiz saymaq olar?
- Məncə, dünyada ən xoşbəxt dövr 70-ci illərdə olub. Elə Avropanın da ən əmin-aman dövrü həmin dövrdə olub. O vaxt o qədər sosial güzəştlər vardı ki... İndi dünyada xoşbəxt ölkə yoxdur. Qloballaşma xoşbəxtliyə son qoydu, informasiyanın yaxınlığı bizi bədbəxt elədi. Atam dəmiryolçu idi, bizim Ələtdə də evimiz vardı. Rayonla Ələtə 173 km məsafə var idi. Bacılarım Ələtdə oxuyurdu, telefon da yox idi, bir-birimizlə yalnız məktubla əlaqə saxlayırdıq. Yay tətilinə gələndə ildə bir dəfə görüşə bilirdik. İndi isə məsələn, mən Avstraliyada olanda belə İngiltərədə oxuyan oğlumla “Skype” vasitəsilə ünsiyyətə girirəm. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən insanların uzun müddət görmədiyi insanı görüb sevinmək, məktub yazmaq xoşbəxtliyini əlindən alıb. Mən Vyetnamda hərbi xidmətdə olanda evə məktub yazdım, cavabını 11 aydan sonra aldım. Azərbaycana gəlincə, bəzən xalqlar özlərini bilmədən xoşbəxt hesab edirlər. Professor Niyazi Mehdi kənddə çoban xoşbəxtliyindən yazmışdı. Deyir, biz ictimai çəkisi olan insanlarıq, informasiya biliklərimiz çoxdur, bəzən öz şəxsi dərdimizi yox, həm də bəşəriyyətin dərdini çəkirik. Məsələn, İŞİD-in sabah bizə qlobal təsiri nə olacaq, neftin qiyməti düşdü, Ukraynada müharibədir və s. Dağın başında qoyun otaran şəxs bu yükdən azaddır, o xoşbəxtdir. Aylarla ət üzü görməyən bir kasıb ailənin ət yeyən vaxt yaşadığı sevinci milyarder yaşaya bilmir. Hansısa milyarderdən soruşurlar ki, arzunuz var? Deyir, hə, var, “Bentley” almaqdır. Deyirlər al da, qayıdır ki, alsam axı arzum qalmayacaq. Azərbaycan üçün indiki dövr ən stabil dövrdür. Tövsiyə edirəm ki, bunun dadını çıxaraq. Dünya getdikcə xarab olur, bəlkə sabah bu şans əlimizə düşmədi.

A.Lətifov: Bəs özünüz necə xoşbəxtsiniz? O milyarder kimi arzunuz qalıb?
- Xaraktercə pessimist adamam. Pessimizm mənə həyatda həm çətinlik yaradıb, həm də kömək edir. Eyforiyaya düşdüyüm yadıma gəlmir. Bir insanın xoşbəxt olması üçün nə lazımdırsa, məncə, məndə var. Bir övladım var, xaricdə təhsil alır, fəaldır, kiçik ailəm, minimal dolanışığımız var. Emosional vəziyyət kimi həmişə narahatam. Elə xalqlar görmüşəm ki, hər şeydən bayram düzəldirlər, xoşbəxtliklərinin dərəcəsini artırırlar. Amma biz bir xalq olaraq nə istirahəti yaxşı bacarırıq, nə də xoşbəxt olmaq üçün əlavə səbəblər tapırıq. Xoşbəxtliyi yaşayanda da hiss etmirik. Mən hansısa fərəhləndirici hal olanda onu adi keçirirəm, amma onun dadını bir müddət sonra görürəm.

A.Lətifov: Parlament seçkiləri ilidir. Namizədliyinizi irəli sürməyəcəksiniz?
- Həyatım mübarizədə keçib. Amma mübarizənin içində hansısa pozisiya tutmaq niyyəti olmayıb. 1992-ci ildə başım seçkilərə qarışmışdı. Dairə seçki komissiyasının sədri idim, heç nə yadıma düşmürdü. Arada kataklizm, 14 may hadisələri oldu. Prosesin içərisinə tam yüklənmişdim. Bir gün məni dəvət etdilər ki, bəs sənə vəzifə təklif edirik. Təəccübləndim, müqavimət göstərdim, amma alınmadı, icra hakimiyyəti başçısının birinci müavini təyin elədilər. 20 gün keçdi, başçını çıxarası oldular, mənə dedilər ki, başçı olmalısan. 1 il işlədim, dedilər ki, Prezident Administrasiyasına şöbə müdiri getməlisən, yenə etiraz etdim, alınmadı. Parlament seçkilərində namizədliyimi vermək fikrim yoxdur. Çünki özümə münasibətdə tənbələm. Kampaniya aparmaq lazımdır, bu, çox ağır işdir.

N.Qurbanov: Bayaq dediniz ki, mənə xoşbəxtliyin dadı sonradan çatır. Vəzifədə olmuş şəxssiniz. Vəzifənin dadı illər sonra Sizə necə çatır?
- İcra başçısının humanitar məsələlər üzrə birinci müavini kimi birinci tapşırığım iki nəfər şəhidin dəfninin təşkili idi. Mən fəaliyyətə bu cür başladım. Çox ağır dövr idi. Dövlət quruculuğunda iştirak edirdik, çox ümidli idik ki, demokratik dövlət quracağıq. Yarıya çatanda anladıq ki, proses geri gedir. Vəzifənin nə maddi, nə də mənəvi xoşbəxtliyi olub.

Taleh Şahsuvarlı: Elçibəy hakimiyyətində müxtəlif cəbhələr vardı: “Yurd”, “Müsavat”, “Bozqurd”. Siz hansı cəbhədə idiniz?
- Axırıncı vəzifəm olan Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsi çox strateji idi. Qarşıdan seçki planlaşdırılırdı. Hakimiyyət daxilində olan iki qrup üçün strateji post idi. Mənsə ortodoksal cəbhəçi idim. Ona qədər Eldar Namazovla Rəşid Hacılı yanıma gəlib dəfələrlə Müsavata keçmək barədə xahiş etmişdilər. Mənsə, imtina etmişdim. O vaxt o posta vakansiya yarananda çox gərgin döyüş başladı. Heç bir tərəf digərini üstələyib öz kadrını oraya təyin edə bilmədi. Elə bir şəxsin namizədliyi irəli verilməli idi ki, heç bir tərəf buna müqavimət göstərə bilməsin. O da mən idim. Mənim namizədliyim gələndə o vaxt dövlət katibi postundakı Əli Kərimli məni qəbul elədi. Dedi ki, sənin əleyhinəyəm, sadəcə, arqumentim yoxdur. Mən istəmirəm, o postda bizim adam olmalı idi, təəssüf ki, bunu əsaslandırmaq üçün arqumentim yoxdur. Belə oldu ki, hakimiyyət daxilində pozisiya müharibəsi gedirdi. Birdən-birə yeni qüvvə ortaya çıxmışdı, indiki İŞİD kimi, o da Pənah Hüseyn idi. Hakimiyyəti qapmaq niyyətində idi. Bu da başqa bir mövzudur. Ən konfliktli vaxtda vəzifədə oldum, çox işləməsəm də, əziyyətli iş idi.

Dilqəm Əhməd: ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Ermənistana bəyan etdi ki, Kəlbəcər girovlarını qaytarın. Sizcə, girovlar tez zamanda qaytarılacaqlar?
- Ümid edirəm ki, qaytaracaqlar. Çünki girovlar və hərbi əsirlərlə bağlı konfliktdə olan tərəflər hətta şiddətli müharibə dövründə də əsirləri dəyişdirir. Qarabağ müharibəsi dövründə milli qəhrəmanımız Allahverdi Bağırov buna çox səy göstərmişdi. Dilqəm Əsgərov və Şahbaz Quliyev həqiqətən girovdur. Onlar başqa dövlətin ərazisinə getməyiblər. Beynəlxalq hüquqla statusu işğal olunmuş ərazi olan Kəlbəcərə gediblər. Orada mülki əhalinin yaşamaq hüququ var. Onlara qarşı oyuncaq “məhkəmə” qurulub. Bu, həm Azərbaycanın, həm də Ermənistanın tərəfdar olduğu bütün beynəlxalq normalara ziddir. Onlar dərhal qaytarılmalı idilər. İnanıram ki, sağ-salamat qayıdacaqlar. Çünki ən azı Azərbaycan dövlətinin ciddi səyləri var. Mən bizim dövlətimizə həm də ona görə hörmət edirəm ki, hər vətəndaşına görə də mövqeyini ortaya qoyur. Xanım Nulandın məsələ qaldırması hələ o demək deyil ki, ona əməl olunacaq. Amma hər halda bu məsələnin yüksək vəzifəli şəxsin diqqətində olması girovlarımızın vəziyyətinin yaxşılaşmsına, saxlanma şəraitinə müsbət təsir edəcək və ümid edirəm ki, prosesin sürətlənməsinə gətirib çıxaracaq.

N.Qurbanova: Facebook-da tez-tez ateizm qoxulu statusularınızı görürəm. Virtualda çox adam ateist kimi görünməyə çalışır. Ətrafınızdakı insanlar fikirlərinizi necə qarşılayır?
- Yox, mən ateist deyiləm, Allaha inanıram. Məşhur şəxslərdən biri deyir ki, bəlkə də dinə inanardım, amma Allahla arada çoxlu vasitəçilər var. Vasitəçilər ki, var, onlardan yalnız birini - peyğəmbəri qəbul edə bilərəm. Özüm dindar deyiləm. Hesab edirəm ki, fövqəltəbii qüvvələr var. Amma XXI əsrdə dinin bu qədər rolunun olmasını bəşəriyyət üçün faciə hesab edirəm. Din mənəviyyat məsələsi olmalıdır. Kimsə gedir kilsəyə ibadət edir, Allahla təkbətək qalır. Ona dualar edir. Özüm məscidə yox, kilsəyə getməyi xoşlayıram. Avropada olanda kilsəyə gedib orqan musiqisinə qulaq asıram.

N.Ehlamqızı: Sizi kilsəyə musiqi çəkir?
- Hə, orqan musiqisini dinləməyi çox xoşlayıram. Ümumiyyətlə, mənim aləmimdə kilsə daha demokratik yerdir, nəinki məscid. Amma bu, xristianlığa meyilliyimdən irəli gəlmir. Bütün dinlərə baxışım eynidir. Mənə elə gəlir ki, məscidə gedəndə ölüm haqqında, kilsəyə gedəndə yaşamaq haqqında fikirləşirsən. Bəlkə də psixoloji məqamdır.

N.Ehlamqızı: Bəs hansı tip mahnılara qulaq asırsınız?
- Təəssüf ki, mədəniyyət sahəsindən bir az kənardayam. Şou-biznes nümayəndələrinin ən məşhurlarını belə tanımıram. Bir dəfə təyyarədə bir müğənni ilə yanaşı oturmuşduq, söhbət əsnasında özünü tanıtdı. Evdə gəlib söyləyəndə dedilər ki, o məşhur müğənnidir. İndi də həmin müğənninin adı yadımdan çıxıb. İstənilən musiqi mənim hisslərim, həyatımın hansısa epizodu ilə bağlı ola bilər. Bir mahnıya 30 dəfə də qulaq asa bilərəm. 70-80-ci illərin hit mahnılarını xoşlayıram. Özümüzün “Qaya” qrupunu, “ABBA”, “Beatles” kimi qrupların ifalarına həmişə qulaq asıram. Mənə ən çox emosional təsir edən 4 musiqi adı çəkə bilərəm: SSRİ-nin himni, kommunist internasionalı, milli himnimiz və slavyanka.

Nərgiz EHLAMQIZI

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm