• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qar 15 qəzaya səbəb oldu

Qar 15 qəzaya səbəb oldu

Son bir gündə Bakıda qarlı və çovğunlu hava şəraiti ilə bağlı maddi ziyanla nəticələnən 15-dən artıq yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, Bakı yol polisi hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir. Onun sözlərinə görə, istirahət günü olduğundan Bakıda sürücülər şəxsi avtomobillərindən az istifadə edirlər. Bu da yol nəqliyyat hadisələrinin baş vermə hallarını azaldır.

V.Əsədov bir daha sürücülərə müraciət edərək avtomobilləri diqqətlə idarə etməyi tövsiyə edir: “Bakı yollarında sürüşmə ehtimalı artıb. Hazırda paytaxtın enişli-yoxuşlu yolları və sərt döngələri nəzarətə götürülüb və vəziyyətlə əlaqədar sürücülərə müraciət edərək bildiririk ki, şəxsi avtomobildən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Hər birimiz belə havada peşəkar sürücülərin hərəkətinə şərait yaratmalıyıq. Sürücülərə yalnız texniki cəhətdən tamamilə saz vəziyyətdə olan avtomobillərdən istifadə etmələrini tövsiyə edirik".

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 23-nə qədər ölkə ərazisində qeyri-sabit, qarlı, çovğunlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildiriblər. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR