Qardan sonra Bakının yollarını sel-su basdı (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Qardan sonra Bakının yollarını sel-su basdı (FOTOLAR)

Son iki gündə şaxtalı hava şəraiti bir daha ölkənin kommunal xidmət sektorunun bu cür hallara hazır olmadığını göstərdi. Şənbə günü günorta saatlarından hava şəraiti kəskin dəyişən kimi paytaxt da daxil olmaqla, bölgələrdə çoxsaylı problemlər yaratdı.

Ən çox çətinlik isə yollarda oldu. Yolların buz bağlaması səbəbindən nəqliyyatın hərəkətində ciddi problemlər yaşandı. Hətta xüsusi təyinatlı təcili yardım maşınları belə çağırışa çatmaqda çətinlik çəkdilər.

Belə ki, bu gün səhər saatlarında şaxta nəticəsində paytaxtın mərkəzi küçələrində, xüsusilə yeraltı tunellərdə, körpülərdə, hündür ərazilərdə, enişli-yoxuşlu, eləcə də sərt döngələrdə avtomobillər hərəkət etməkdə çətinlik çəkib. Əhmədli qəsəbəsi, Zığ şosesi, Hövsan qəsəbəsində yollar buz bağladığından avtobusların da hərəkətində gecikmələr müşahidə edilib.

“Azəryolservis”ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Publika.az-a açıqlamasında buzlaşma müşahidə edilən bütün yollarda iş aparıldığını dedi:

“Şənbə günü axşam saatlarından yolların təmizlənməsinə başlanıb. İşlər səhər saatlarına qədər davam etdirildi. Nəticədə bazar günü səhər saatlarında yollarda avtomobillərin normal hərəkəti bərpa edildi. Yol istismar idarələrinin hərəkət marşrutu üzrə avtomobil yollarına baxış keçirilir. Qar örtüyü, buzlaşma müşahidə edilən yollarda tədbirlər görülür. Bu gün səhər saatlarından başlayaraq buzlaşma müşahidə edilən yollara duz, qum qarışığı səpilir. Hazırda nəqliyyatın normal hərəkəti bərpa edilib”.

Bəzi yollarda dünən və bu gün səhər saatlarında buzlaşma müşahidə edilməsinə gəldikdə, P. Mürsəliyev “Azəryolservis”ASC-nin bütün yollara nəzarət etmədiyini dedi:

“Biz yalnız balansımızda olan yollara nəzarət edirik. Ola bilər ki, həmin ərazilər digər qurumların mülkiyyətində olsun. “Azəryolservis”in nəzarətində olan bütün yollarda hərəkət normaldır. Biz əsas avtomobil yollarına, prospekt və küçələrə nəzarət edirik”.

Yolların buz bağlaması bir dərd, buzun açılması başqa dərd. Belə ki, buzu açılan yollarımızda böyük gölməçələr yaranıb. Bu isə nəqliyyatın və piyadaların hərəkətində böyük çətinliklər yaradıb. Belə hallar paytaxt yollarında kanalizasiya sisteminin normal işləmədiyini göstərdi.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı Publika.az-a açıqlamasında kanalizasiya xətlərinin yağış sularının axıdılması üçün nəzərdə tutulmadığını dedi. Onun sözlərinə görə, yağış sularının axıdılması üçün yağış barmaqlıqları olmalıdır. Lakin bu gün paytaxtın yalnız 11% küçə və prospektləri bu xətlərlə təmin edilib.

“Bu gün bəzi küçələrdə gölməçələrin yaranmasının əsas səbəbi yağış barmaqlıqlarının olmamasıdır. Ötən gün kanalizasiya nasos stansiyalarımız və digər obyektlərimiz gücləndirilmiş iş rejimində çalışıb. Əvvəldən qar yağışı ilə bağlı xəbərdarlıq edilmişdi və biz vəziyyətin bu cür olacağını təxmin edirdik. Buna görə də, bütün gün ərzində gücləndirilmiş iş rejimində çalışdıq. Yağış barmaqlıqları olan ərazilərdə heç bir problem olmadı. Bu gün də əməkdaşlarımız şəhərdə monitorinq edir, yağış barmaqlıqlarının işinə nəzarət edirlər, nasos stansiyalarımız işləyir. Bu saata qədər hələ ki ciddi problemlərlə bağlı şikayət daxil olmayıb. Yağış barmaqlıqları olmayan ərazilərdə problem yaranır. Sabunçu vağzalı ətrafında da həmin barmaqlıqlar yoxdur”.

A.Cəbrayıllı onu da vurğuladı ki, hazırda paytaxt ərazisinin 89%-də bu barmaqlıqların tikilməsinə ehtiyac var.

“Bununla bağlı bizim layihəmiz də var. Bakı şəhərində 900 km-dən artıq ərazidə yağış sularının təmizlənməsi üçün xətlər çəkilməsi həmin layihədə əks olunub. Bu layihənin həyata keçirilməsi üçün vəsait ayrılmalıdır. Vəsait ayrıldıqdan sonra işlər mərhələli şəkildə həyata keçiriləcək. 2012-ci ildə paytaxtın 61 küçə və prospektində yağış suları xətləri quruldu. Z.Bünyadov, Neftçilər prospekti, H. B. Zərdabi, Şərifzadə küçələrində yol infrastrukturu yenidən qurularkən yağış suları xətləri də yeniləndi. Dövlət Sosial Müdafiə Fondunun qarşısı, “İnşaatçılar” metrostansiyasının qarşısı, 3-cü mikrorayon dairəsi, Babək prospekti yağış sularının axıdılmasına ən çox ehtiyac duyulan yollar idi. Həmin ərazilərdə işlər başa çatıb. Yol infrastrukturu yenidən qurularkən bu istiqamətdə işlərimizi davam etdiririk”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm