“Qırmızı kitab”ın həmmüəllifi vəfat etdi
Bizi izləyin

Qırmızı.az

“Qırmızı kitab”ın həmmüəllifi vəfat etdi

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Publika.az-ın məlumatına görə, Azərbaycanın görkəmli botanik-alimi, AMEA Nəbatat Bağının sabiq direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı fevralın 23-də 77 yaşında vəfat edib.

Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilib.

Alim 200-dən çox elmi əsərin müəllifidir. Abşeron şəraitində geofit bitkilərinin 500-ə qədər növünün kolleksiyasını toplamışdır. Onların 150-dən çox növü təsərrüfatlara tətbiq olunmaq üçün təklif olunub.

Əsas elmi nailiyyətləri geofitlərin taksonomik tərkibi, həyatı formaları, Qafqazda yayılmasının öyrənilməsi və onların Abşeron şəraitində becərilmə aqrotexnikasını işləyib hazırlanması olmuşdur. Tədqiqatlar nəticəsində Qafqaz geofitlərinin konspekti tərtib olunub, 28 fəsilə 92 cinsdən olan 526 növün, o cümlədən 125 nadir və nəsli kəsilməkdə olan növün taksonomik həyatı formalarına görə 4 qrupa ayrılıb.

Alimin “Qafqazın geofitləri”, “Konspekt qeofitov Kafkaza” və s. kimi əsərlərində Qafqaz geofitlərinin müasir taksonomik tərkibi hərtərəfli şəkildə öyrənilib. “Qırmızı kitab”, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubleyi ilə əlaqədar “Tərəqqi” medalı və elmdə qazandığı nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanları ilə təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm