Xocalı faciəsi şahidlərin diliylə: “Ayağımdan boğazıma qədər qan içində idim”
Bizi izləyin

Qırmızı.az

Xocalı faciəsi şahidlərin diliylə: “Ayağımdan boğazıma qədər qan içində idim”

O, Əsgəran rayonunun Xanabad kəndində doğulub. 20 yaşına qədər ermənilərlə qonşu olub, daha sonra ailəsi Xocalıya köçüb, 1992-ci il fevralın 26-a qədər orada yaşayıb. Özünü Xocalı sakini kimi təqdim edir. Milli Qəhrəman Əlif Hacıyevlə birlikdə Xocalı aeroportunu qoruyanlardan biri olub.

Həmin dövrü xatırlayan müsahibim Nazim Hüseynov Publika.az-a danışır:

“Həmin vaxt rayonda bir çox qida məhsulları da tükənmişdi. Xüsusən də əsas qidalar olan un, çay yox idi. Qara çay yerinə otlar dəmləyib içirdik. Vəziyyət getdikcə ağırlaşırdı.

Fevralın 25-də Xocalıda qeyri-adi bir səssizlik var idi. Baxmayaraq ki, uzun müddətdir atışmasız bir gün belə keçirmirdik. Lakin günortadan sonra sükut pozuldu, sərhəddə texnikaların səsi eşidilirdi. Həmin gün mən də postda idim, şəhərin mühasirəyə alındığını anlayırdıq. Milli Qəhrəman Əlif Hacıyev Mərkəzi Komitəyə, Ağdama, Şuşaya bu barədə informasiyalar ötürdü. Lakin səsimizə səs verən olmadı. Verilən sadəcə boş vədlər oldu. Artıq axşam saat doqquzun yarısında bütün sükutu artilleriyanın səsi pozdu. Ətrafı Ermənistan kəndləri ilə əhatə olunmuş Xocalının yeganə çıxış yolu olan aeroport da 1992-ci ilin yanvarında bağlanmışdı”.

İnsanlar da Xocalıya hücum olacağını bilirdi, lakin heç kim evini, yuvasını tərk etmirdi. İnsanlar həm də gələcək köməkdən əmin idilər, hətta qurban deyənlər də olmuşdu.

“Xocalı hadisəsindən əvvəl onun ətrafındakı kəndlər boşaldılmışdı. Biz bilirdik ki, növbə bizimdir. Bu dəfə hədəfdə Xocalıdır. Lakin heç kim yurdunu əvvəldən tərk etmək istəmədi, bu, heç ağlımıza belə gəlmirdi. Amma insanları çıxartmaq olardı. Biz də bunun üçün müvafiq qurumlara müraciət etdik, onlar köməyin gələcəyinə, işğal olmayacağına inanırdılar. Ağdam istiqamətindən kömək vaxtında gəlsəydi, Əsgəran tərəfdən əhalini çıxartmaq olardı ki, bu böyük faciə yaşanmazdı”.

N.Hüseynovun ailəsi Xocalıdan sağ-salamat çıxa bilən 7 ailədən biridir. Amma o, həmin faciədən sağ çıxsa da, həmin gecə gördüklərindən sonra yaşamağın artıq bir əzab olduğunu deyir:

“1989-cu ildə Xocalıların ov tüfəngləri də əllərindən alınmışdı, qarşı tərəf isə ən müasir texnika ilə silahlanmış, xaricdə təlim görmüş hərbiçilər idi. Ona görə də, 366-cı alay qısa zamanda Xocalını od-alov içində qoydu. Insanlar o qədər çarəsiz idilər ki, mərmilərə tuş gəlməmək üçün bir daş-qayanın arxasına pənah gətirirdilər. Texnika isə heç nəyə fikir vermədən irəliləyirdi.

Deyilər ki, qiyamət günündə hər kəs öz hayına qalacaq, Xocalıda həmin gecə qiyamət günü yaşandı. Hər kəs bir yolla canını qurtarmağa çalışırdı. İnsanlar canını qurtarmaq üçün Qarqar çayını keçib Kətik dağı istiqamətinə üz tutdular. İki-üç qrup şəklində Əsgərən-Naxçıvanik istiqamətində irəliləməyə başladılar. Bir qrup da Qara qaya istiqamətində qaçdı. Həmin ərazidə isə hələ 1905-06-cı illərdə ermənilər tərəfindən nənə-babalarımızın başına olmazın müsibətləri açılmışdı. Tarix yenidən təkrarlandı, yenə də həmin ərazidə əliyalın əhalini acımasız şəkildə öldürdülər. Həmin günü xatırlamaq mənim üçün çox çətindir. Mən də o insanların içərisində idim, o həyəcanı, qorxunu, faciəni mən də onlarla birlikdə yaşadım. Əhalinin əsas hissəsi məhz həmin ərazidə qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 150 nəfərin taleyi bu gün də bəlli deyil, 7 ailə isə sağ gəldi, onlardan biri də bizim ailə idi ki, bizdən sadəcə yaralanan oldu. Faciədən iki gün sonra meyitlərin çıxarılması üçün dörd nəfərlik qrup göndərildi, mən də onların içində idim. 85 şəhidin çıxarılmasında iştirak etmişəm. Milli qəhrəmanlar Əlif Hacıyev, Aqil Quliyevin meyitlərini biz çıxartdıq. Amma çıxara bilmədiyimiz meyitlər qaldı, onların sonrakı taleyi barədə məlumatım yoxdur, hələ də o meyitlər gözümün qarşısından getmir”.

Müsahibim meyitləri çıxaran zaman yaşadığı çətinliyi, o anları ömür boyu unuda bilməyəcəyini deyir:

“Əraziyə daxil olanda insanların başına gətirilənləri görəndə dəhşətə gəlməmək mümkün deyildi. Insan insana qarşı necə bu qədər qəddar ola bilər, anlaya bilmirdim. Körpələrin qollarının, ayaqlarının kəsilməsini, hamilə qadınların qarnının kəsilərək uşaqlarının çıxarılmasını, dərisi soyulmuş qoca kişiləri gördüm, öldürmək azmış kimi, meyitlər təhqir olunmuşdu. Onların bəzisi mənim qonşularım idi. Bir qonşumun burnu kəsilmiş, gözləri çıxarılmışdı, onun atasının dərisi soyulmuşdu, kənd çobanının qollarını bağlayıb, diri-diri yandırmışdılar. İnsanlar elə bir hala salınmışdı ki, onu sözlə ifadə etmək olmur. Bunları başqasından eşitməmişəm, hamısını gözlərimlə görmüşəm”.

N.Hüseynov hadisə baş verməmişdən əvvəl uzun müddət ermənilərlə birlikdə yaşayıb. Deyir ki, hər zaman onlar humanistlikdən ağız dolusu danışırdılar. Amma faciə günü danışılanların tam əksini, onların iç üzünü görüb:

“Gördüklərim, yaşadıqlarım, ayağımdan boğazıma qədər qana batmağım yadımdan çıxmır. İlk dəfə tanışlarımı, yaxınlarımı, qonşularımı o halda görəndə təxminən yarım saat ağladım, nə etsəm də göz yaşlarım dayanmırdı. Amma oradan çıxandan sonra bir daha heç vaxt o cür ağlamamışam. Indi yalnız gördüyüm o körpələrin, qadınların, qocaların qisasını almaq hissi var içimdə. Xalqımıza səbr verməməsini diləyirəm, qisasa qisasla yanaşmalıyıq. Xocalı xalqımızın alnının qara ləkəsidir. O insanların qanı yerdə qaldığı halda, həmin ləkə alnımızdan silinməyəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm