• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sınmış qoşa qanad

Sınmış qoşa qanad

Tanıdığın adamın ölüm xəbərini eşitmək nə qədər ağırdırsa, onun haqqında yazı yazmaq bir o qədər çətindir. Bu yazını, əslində, bir həmkar borcu olaraq lap çoxdan yazmalıydım. Amma gözəl insan, gözəl xanım, gözəl ana və istedadlı telejurnalist olan Lətifə xanımın ölüm xəbəri bizi elə sarsıtmışdı ki…

Hələ də onun yoxluğuna inanmırıq. Keçmiş iş yoldaşı kimi son zamanlar Vəfa xanımla onu lap tez-tez xatırlayırdıq. Bilmirəm, bəlkə də, bu, ilahi bir qüvvə idi. Bizə nəyi isə agah etmək istəyirdi, nəyisə anlatmaq istəyirdi, ona görə ruhu bizimlə idi. Və eşidəndə ki, həyat yoldaşı Kamil oğlunun maşınında ağır qəza keçirib dünyasını dəyişib, bu xatırlamaların bir nəticəsi olmalıydı deyə düşündük. Xəyallarda gəzişən Lətifə xanımın ruhu gör neçə gün idi ki, bizimlə idi. Bu idimi bizə anlatmaq istədiyi? Və bu hadisə…

Vəfa xanım mənə: “Rəhilə, onlar haqqında bir şey yaz. Axı sən onların hər ikisini yaxsı tanıyırdın” dedi. Mən də yazdım. Lətifə xanım da, Kamil də uzun müddət Azərbaycan Dövlət Televiziya şirkətində çalışırdılar. Lətifə xanım ruh adamıydı. Verilişləri bədii publisistik yönümdə olardı. Kamil isə iqtisadiyyat yönümlü verilişlər hazırlayardı. Biri romantik, biri realist. Yalnız bu sahədə yolları ayrılırdı. Qalan işlərdə isə bir idilər, birgə idilər. İkisi də ədəb-ərkanlı, ikisi də geniş ürəkli, ikisi də xoşxasiyyətli, qonaqpərvər. İkisi də sözün əsl mənasında İNSAN idilər. Biri-birlərinə olan istəklərini büruzə verməsələr də, qoşa qanad idilər. Abırlı, ismətli bir Azərbaycan ailəsi. Və qanadlarının altında böyüdüb boya-başa çatdırdıqları övladları da hər ikisinin xüsusiyyətlərini özlərində cəmləmişdilər. Toğrul və İnci hər ikisi gözümüzün qabağında böyümüşdü. Hər ikisinin toyunda iştirak etmisdik. Sevinclərini də, kədərlərini də dostlarıyla bölməyi bacaran Lətifə və Kamil cütlüyü övladlarına da düzgün tərbiyə verməyi bacardılar. Hər ikisini də zəhməti sevən, bir kimsənin bostanına daş atmayan şəxs kimi yetişdirdilər. Elə yaşa çatmışdılar ki, artıq illərin acısını canlarından çıxararaq, nəvələrin şıltaq hərəkətlərindən sevinən, kövrələn, ruhlanan vaxtlarıydı. Əcəl imkan vermədi ki.

Lətifə xanımın haqsız olaraq televiziyadan uzaqlaşdırılması onun səhhətinə çox təsir etdi. Hərçənd üzə vurmazdı, amma içini yeyən əsəb ona olmazın əzablar verirdi. Axı ömrünün ən azı 40 ilini bu sənətə vermişdi. Günlərlə körpələrinin üzünə həsrət qalmışdı. Ezamiyyətlər, tədbirlər, oba-oba, el-el gəzib, elm, sənət yolunda can qoyanların həyatını gündəmə gətirərək, onların çox problemlərini həll etmişdi. İndi isə aciz qalmışdı onu lazımsız sayanların qarşısında. Heç kimə bir söz demədən, heç kimə minnət qoymadan televiziyadan getmişdi. Sonra da amansız xəstəlik…

Hacı Lətifə bu halında belə, təkəbbürlü xasiyyəti ilə bir kimsəyə öz ağrılarını yükləmədi. Nə vaxt halını soruşardın “şükür Allaha, hər şey yaxsıdır” deyərdi. Və bir gün heç kimə əziyyət verməmək üçün əcəlinə “xoş gəldin” deyərək mələklərin qollarında haqq dünyasına qovuşdu. Xoşbəxt Lətifə-Kamil “qoşa qanadlarının” biri qırıldı. Yazının bu yerində Hacı Lətifənin yaxşılıqlarından, təmənnasız hörmətlərindən, bir sözlə, şahidi olduğum əhvalatlardan ağız dolusu yazmışdım. Və birdən kompüterin bir düyməsini səhv basdım, yazdıqlarım bir anda pozuldu. Çox əsəbiləşdim. Gözümün önünə Lətifə xanımın gülümsər çöhrəsi gəldi. O hec vaxt etdikləri yaxşılıqları dilə gətirməzdi. Mənə də icazə vermədi, yazılanı pozdurdu.
Və keçid aldım Kamilə. Kamil Lətifə xanımdan sonra televiziyada çox qalmadı. “Hara baxıramsa, onu görürəm” deyirdi və getdi. Bir müddət “Respublika qəzeti”ndə çalışdı. Lətifədən sonra Kamilin həyatı sanki sönmüşdü, qanadları qırılan quş kimi elə hey çırpınırdı. Çətin ki bundan sonra havalarda uça biləydi. Havalı gəzirdi. Son zamanlarsa lap kövrək olubmuş. Nə qədər özünü şux göstərsə də, Lətifədən söz düsəndə hönkür-hönkür ağlayardı. Ən böyük sevinci isə nəvələriydi. Tək onlarla hər şeyi unuda bilərdi. Adını nəvəsinə qoymuşdular ki, bir az təskinlik tapsın. Ayazlı şaxtalı bir qış axsamı. yerə-göyə sığmayan Kamil “Darıxıram, sıxılıram, ürəyim partlayır” dedi. Gah qızıyla, gah nəvəsiylə danışdı. Bir qış axsamı Toğrulla gəzməyə çıxdı. Və o faciə baş verdi. Tək qanadlı Hacı Lətifənin dolaşan ruhu yalnız balasını xilas edə bildi. Yarını isə öz yanına apardı – qoşa qanadlarla göylərdə uçmaq üçün. Toğrulu bizə əmanət etdi. Allah hər ikinizə rəhmət eləsin, jurnalist həmkarlarımız.

Onu tanıyan bütün jurnalist həmkarlarım adından


Rəhilə Soltanqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR