Xocalı faciəsi anıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Xocalı faciəsi anıldı - FOTOLAR

Bu gün Təfəkkür Universitetində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı “Mərhəmət Kimsəsizlərə Dəstək” ictimai birliyi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım tədbiri keçirdi.

Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Tədbiri giriş sözü ilə “Mərhəmmət” Kimsəsizlərə Dəstək ictimai birliyinin sədri İradə Nəsirova açaraq Xocalı soyqırımının bəşəri bir cinayət olduğunu, ermənistanın beynəlxalq hüquq normalarını saymadığını, hələ də işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətlərini törətməkdə davam etdiyini bildirdi.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin : qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 qadın, 63 isə azyaşlı uşaq olub, şikəstlərin 76 -sı yetkinlik dövrünə çatmayan oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirib. Şəhid olanların yalnız 335 dəfn olunub.

Tədbirdə “Xocalı soyqırımı və ikili standartlar” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov ermənistanın işğalçı və təcavüzkar bir dövlət olduğunu, BMT-nin qəbul etdiyi 4 Qətnamənin icrasında maraqlı olmadığını, beynəlxalq təşkilatların və bu münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin isə ermənistanı təcavüzkar bir dövlət kimi tanımaq əvəzinə işğalçı bir dövlətə hərtərəfli dəstək göstərdiklərini, Xocalı soyqırımına belə ikili standartlarla yanaşdıqlarını bildirdi.

V.Qədirov Ukrayna hadisələri ilə Dağlıq Qarabağ münaqişəsini müqayisə edərək ikili standartların ən yüksək nümunəsinin şahidi olduqlarını qeyd etdi. Natiq Ermənistanın 20 %-dən artıq Azərbaycan torpaqlarını işğal etdiyini, 1 milyondan artıq Azərbaycan vətəndaşını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, 20-ci əsrin ən dəhşətli soyqırımlarından olan Xocalı soyqırımını törətdiklərini və bunun nəticəsi olaraq BMT-nin ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 Qətnaməyə baxmayaraq bu işğalçı dövlətə heç bir təzyiq göstərilmədiyini qeyd etdi. Ukrayna hadisələrinə gəldikdə isə başda ABŞ olmaqla avropanın aparıcı dövlətlərinin: Almaniya, Fransa, Britaniya və s. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsinin olmamasına baxmayaraq Rusiyaya bütün sahələrdə sanksiyalar tətbiq edildiyini, təzyiqlər göstərildiyini və s. qeyd edərək bu vaxta qədər həmin dövlətlərin ermənistana heç bir təzyiq göstərmədiklərini 2-li standartların açıq nümayişi kimi qəbul etdiklərini bildirdi.

V.Qədirov Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Cənab İlham Əliyevin apardığı düzgün, cəsarətli və prinsipial siyasət nəticəsində bu münaqişənin öz həllini tapacağını və ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından tezliklə qovulacağını qeyd etdi.

Növbəti məruzə ilə Təfəkkür universitetinin müəllimi, tarixçi alim Nəsiman Yaqublu çıxış edərək Xocalı soyqırımının törədilməsini ermənilərin əsrlər boyu Azərbaycana, türklərə qarşı nifrətinin bariz nümunəsi və nümayişi olduğunu bildirdi. N. Yaqublu Xocalı hadisələri zamanı baş verənlərin insanlığa qarşı cinayət olduğunu və ilk dəfə 1992-ci ilin may ayında qələmə aldığı “Xocalı qırğını” kitabında bu hadisələrin əsl mahiyyətinin göstərildiyini bildirdi.

Tədbirdə digər çıxış edən şəxslər: Təfəkür Universitetinin prorektoru İlham Musayev, Demokratik Gənclər ictimai birliyinin sədri Ramil Süleymanov, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr ictimai birliyinin sədri Nazim Əhmədli, Xocalı rayon sakini, döyüşçü Murad Məhərrəmov, Təfəkkür Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Musazadə Əzət Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində qələbənin təmin olunmasında həmrəylik göstərməyin vacib olduğunu vurğuladılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm