Düşmən hərbçisini əsir götürmüş 55 yaşlı kəşfiyyatçı: “Oğlumun qisasını aldım” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Düşmən hərbçisini əsir götürmüş 55 yaşlı kəşfiyyatçı: “Oğlumun qisasını aldım” - FOTOLAR

Tərtər rayonunun bir sıra yaşayış məskənləri artıq 20 ildən çoxdur, düşmənin atəşi altında yaşayır. Ermənilərin daim hədəf seçdiyi Qapanlı da belə kəndlərdən biridir. Demək olar, hər gün dinc sakinləri hədəf seçən düşmən hətta qadınlara, uşaqlara, orta məktəb şagirdlərinə belə atəş açır.

Qarabağ savaşında 55 yaşında kəşfiyyatçı kimi iştirak etmiş 77 yaşlı Qapanlı sakini İsmayıl Hüseynov Publika.az-a bildirdi ki, artıq uzun illərdir səhəri atəş səsləri ilə açırlar. 1994-cü ildə döyüşçülərimizə bələdçilik etmiş İsmayıl kişinin 14 yaşlı övladı Əfqan İsmayılov düşmən gülləsinə tuş gəlib. Dərslərini əla qiymətlərlə oxuyan məktəblinin fotosu oxuduğu Qapanlı kənd orta məktəbinin (məktəb şəhid F. Həmidov adınadır – A.T.) şəhidləri lövhəsində bu gün də qalmaqdadır: “1994-cü ilin əvvəllərindən ermənilər kəndimizi aramsız atəşə tuturdular. Məqsədləri Qapanlını boşaltmaq idi. Lakin buna baxmayaraq, kəndimizi bircə dəqiqə belə tərk etmədim. Bəzən atəş səsləri, mərmilər o qədər güclü olurdu ki, kənd sakinləri iki dəfə Qapanlını tərk etməyə məcbur oldular. Birinci dəfə 1992-ci ilin sonlarında, ikinci dəfə isə 1994-cü il aprelin 23-də sakinlər kəndi tərk etdilər. Ondan sonra daha heç kim kəndi tərk etmədi. Hər kəs öz evinə yığışdı”.

Öz məqsədlərinə nail ola bilməyən düşmən 1994-cü ilin martında yenidən kəndi fasiləsiz atəşə tutmağa başlayıb: “Həmin gün kənddə hamı özünü güllələrdən qoruyurdu. Mülki sakinlərin çoxu əliyalın olduğundan pərən-pərən düşmüşdü. Qapanlı artıq boşalmışdı. Çünki düşmən heç kimə aman vermir, hər kəsə atəş açırdı.

Ayın 29-da ailə üzvlərimizlə evdə idik. Ermənilərin atdığı güllələr həyətimizə düşürdü. Mərmilər üstümüzə yağış kimi yağırdı. Atılan mərmilərdən biri həyətdəki daşı necə parçaladısa, onun bir hissəsi böyük oğlum Əfqanın boynunun arxasından dəydi. O, elə yerindəcə dünyasını dəyişdi. Əfqanın cəmi 14 yaşı vardı”.

İsmayıl Hüseynov səkkizinci sinifdə oxuyan övladının qisasını almaq üçün bir sıra əməliyyatlarda iştirak edib: “Kənd sakini kimi hərbçilərimiz üçün kəşfiyyatçılıq etməyə başladım. Bu əraziləri yaxşı tanıyıram deyə, əsgərlərimizə yol göstərirdim. Yaşım 50-dən çox olsa da, çalışırdım hər bir döyüşçümüzə gücüm çatan köməyi edim. Seysuan, Yarımca və digər kəndlərdəki hərbi əməliyyatlarda iştirak etdim. Hərbçilərimizin bəziləri yolları tanımadıqlarından hər gün onlara bələdçilik edirdim. Bir dəfə bələdçi kimi iştirak etdiyim əməliyyatda erməni əsgərini əsir götürdük. Ondan bir sıra məlumatlar əldə etdik. 1994-cü ildə hərbi əməliyyatlar dayandırıldı, atəşkəs sazişi imzalandı. Ondan sonra mənim də bələdçilik etməyimə ehtiyac qalmadı”.

İsmayıl Hüseynov kəndi düşməndən qorumuş hərbçilərin şücaətlərini bir an belə unutmadığını vurğuladı. Bildirdi ki, hərbçilərimizə ərzaqla da yardım göstərib: “1993-cü ildə kəndimizdə əslən Masallı rayonundan olan zabit xidmət edirdi. Cənub zonasından olduğundan buraları yaxşı tanımırdı. Çalışırdım zabitimizə kömək edim. O, 6 kəndin düşmən tapdağından azad edilməsində fəallıq göstərdi. Bir gün zabitimizin yanına gedib dedim ki, mən sizi çörəklə, unla təmin etməyə hazıram. Evdən əsgərlərə çörək daşımağa başladım. Çünki özümün 7 ton taxılım vardı. Bu qədər taxıl ehtiyatım olduğu halda hərbçilərimiz necə korluq çəkə bilərdilər?”

Ümumilikdə Hüseynovlar ailəsinin, demək olar ki, hər bir üzvü döyüşçüyə çevrilib. 14 yaşlı övladını itirib döyüşlərə atılmış 55 yaşlı ata o biri övladını da cəbhəyə yollayıb: “Oğlum Əlövsət Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 5 il iştirak edib. O, Şuşa, Laçın, Qubadlı və Zəngilanda aparılan əməliyyatların iştirakçısı, müharibə veteranıdır”.

İsmayıl Hüseynov həm özünün, doğmalarının, həm də sakinlərin və döyüşçülərimizin səyləri nəticəsində Qapanlının düşmən işğalı altına düşmədiyini dilə gətirdi. İndi yarımüharibə, yarısülh şəraitində yaşayan kəndin bircə çətinliyi var: “İndi kənddə, demək olar, heç bir problemimiz yoxdur. Qaz, işıq, su daimidir. Bizi narahat edən yeganə problem düşmənin tez-tez atəş açmasıdır. Lakin ermənilərin hədə-qorxularına baxmayaraq, son illər kəndimizi heç kim tərk etməyib. Bundan sonra da tərk etməyəcək.

Mən bütün erməni xalqına nifrət edirəm. Çünki onlar yaşından, cinsindən asılı olmayaraq, hər kəsi atəşə tuturlar. Cavana, qocaya, uşağa, qadına baxmırlar. 14 yaşlı yeniyetməni hədəf seçmiş erməni əsgəri bu dünyada artıq yer tutur. Görünür, ermənilər atalıq, analıq hisslərindən məhrumdurlar. Yoxsa yeniyetmələri hədəf seçməzdilər. Axı əlində silah olmayan, azyaşlı uşaqlara, yeniyetmələrə necə qıymaq olar?”

Onun sözlərinə görə, düşmən qapanlıları qorxutmaq üçün ən çirkin üsullara əl atır: “Ermənilər hər gecə kəndimizi atəşə tuturlar. Elə ötən gecə də xeyli sayda güllə atdılar. Bu günlərdə də evimi atəşə tutdular. Güllələr divarlara, evin dam örtüyünə, şkafa, ağaca dəyir. Mən bircə dəqiqə belə kəndimi tərk etməmişəm. Yadımdadır, bir dəfə vəziyyət elə gərginləşdi ki, ailə üzvlərimi növbəti itkilərdən qorumaq üçün doğmalarımı Bərdədəki qohumlarımın evinə apardım. Amma özüm yenidən kəndə qayıtdım. Yurdumu bircə an tərk etmədim. Əgər ölsəm, kəndimizdə öləcəyəm. Buradan heç yerə gedəsi deyiləm. Çünki torpaq candan, ümumiyyətlə, hər şeydən şirindir”.

77 yaşlı müsahibimiz əlavə etdi ki, sakinlərin Qapanlı, Qaradağlı kəndlərini bircə an belə tərk etməmələrinin səbəbi Azərbaycan Ordusuna güvənmələridir: “Əsgərlərimizə, zabitlərimizə minnətdaram. Gecə səhərə qədər qarın, yağışın altında səngərdə igid kimi dayanırlar. Əgər sabah ikinci Qarabağ savaşı başlasa, övladımın məzarına and içirəm ki, yaşımın 80-i haqlamasına baxmayaraq, yenidən bələdçi kimi döyüşlərdə iştirak etməyə hazıram. Qoca olmağıma baxmayın, bacararam”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm