• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Oğlunun qəbrinin üstündə başımı kəsəcəkdi”: 15 yaşlı əsirin 7 günlük əzabı

“Oğlunun qəbrinin üstündə başımı kəsəcəkdi”: 15 yaşlı əsirin 7 günlük əzabı

Həmin vaxt mən uşaq idim. Yadımdadır, kənddə tez-tez atışma olurdu, amma belə bir faciə yaşanması ağlımıza gəlmirdi. 25 fevral günü sakit keçdi, heç bir atışma olmadı. Amma axşamçağı o sükut pozuldu, dağların arxasından vahiməli səslər gəlirdi. Tankların, digər texnikanın səsi eşidilməyə başladı. Bu səslər döyüş hazırlığından xəbər verirmiş. Həmin vaxt adi sakinlər bunu anlaya bilməzdi. Axşam 23:00-da elə bir atışma başladı ki, mərmi yağış kimi yağırdı. Bir saniyədə kəndə 200-300 raket düşürdü.

Müsahibim Ramin Əzizov Publika.az-a həmin gecəni belə təsvir edir

Xocalı hadisəsi baş verəndə 15 yaşı olub. Bu yaşında girov düşüb, günlərlə ata-anasından, yaxınlarından xəbərsiz ölümü gözləyib. Hər gün dəfələrlə artıq hər şeyin bitdiyini düşünüb, amma hər dəfə xilas olub. Amma ölmədiyinə şükür edə bilmir. O günləri yada salmaq hər gün ölmək deməkdir əslində. Aldığı travmadan tez-tez yaddaşında problemlər olur. Söhbət boyunca bunu müşahidə edirik. Suallara cavab vermək üçün bir az fasilə verir. Bəlkə də, yaddaşındakı problem o günləri tez-tez xatırlamaqdan və yeni travmalardan xilas edir.

“O gecə atamla böyük qardaşım postda idi, mən, anam, bacı və qardaşlarımla birlikdə evimizin zirzəmisində qalırdıq. Ancaq bu cür daldalanaraq qoruna bilirdik. Əvvəlki günlər baş verən atışmaların birində mən ayağımdan, gözümün üstündən və əlimdən yaralanmışdım. İndi də əlimdə üç barmağım yoxdur.

Həmin gecə axşam saat 23:00 olardı, atamın dostu gəlib dedi ki, kənddə evlərin çoxu boşalıb. Biz də qonşularımızla birlikdə çıxdıq. Atamla böyük qardaşım kənddə qaldı, biz çıxdıq, camaatla birlikdə meşəyə tərəf getdik. İnsanlar hamısı Kətik dağına toplanmışdı. Qarqarçayı keçəndə ayaqqabımı çay apardı. Girovluqdan azad olana qədər ayaqyalın gəzdim. Ayaqlarım necə donmuşdusa, 3 il müalicə etdirdim”.

“Əsir götürüləndə əsgərlərimiz bizi gördü, amma…”

Ramin bacısı ilə çayı keçib Naxçıvanik istiqamətinə çatsa da, anasıgildən ayrı düşüb. Bacısını bibisigilə təhvil verib, geri qayıdıb.

“Anamgilin yanına çatana qədər bir neçə dəfə atışma oldu. Sonra yenə də ayrı düşdük. Mən onlardan ayrılandan sonra anam başından yaralanıb ölmüşdü. Bu xəbəri mən girovluqda olanda öyrəndim.

150 nəfərlə birlikdə arx kimi yerdən sürünə-sürünə xilas olmaq istəyəndə yenə də hücum oldu. Güllə yağış kimi yağırdı. Oradan ancaq 13 nəfər sağ qaldı, hamısını öldürdülər. Elə bir şiddətli döyüşdə 13 nəfərin sağ qalması möcüzə idi. Çingiz Mustafayevin çəkdiyi həmin yerdə mühasirəyə alınmışdıq. Ermənilər bizi görməsin deyə meyitlərin altında qaldıq. O anda altına sığındığımın bir ölü olduğu ağlıma gəlmirdi. Elə bir vəziyyət idi ki, onları ölü yox, özümüzü qorumaq üçün bir sığınacaq sanırdıq. 15 yaşlı birinin gecənin bir vaxtında meyit altında gizlənməsi bir tərəfə, ona toxunması çox dəhşətlidir. O an heç nə düşünə bilmirdim. Üstəlik, mənim qorunmaq üçün sığındığım meyitlər qonşularım, tanışlarım idi. Sonradan düşünəndə nə qədər dəhşətli anlar yaşadığımı anlayıram. Amma başqa yolumuz yox idi. Sağ qalanlardan biri yoldaşını çağırmaq üçün başını qaldıranda ermənilər onu da başından vurdular, orada da öldü. Qalan 12 nəfəri əsir götürdülər, aramızda qadın, kişi, uşaq da var idi. Biz əsir götürüləndə öz döyüşçülərimiz görürdülər, amma xilas edə bilmədilər. Çünki ermənilər bizi özlərinə sipər kimi qoyub arxamızdan atəş açırdılar. Elə bir vəziyyət yaranmışdı ki, öz əsgərlərimiz atəş aça bilmirdi. Çünki atılan güllələr bizə dəyə bilərdi”.

Girov götürülənə qədər çox dəhşətli ölümlərin şahidi olub müsahibim.”Bir kişi başından yaralanmışdı. Qucağındakı oğluna sahib çıxmağımızı istədi və öldü. Elxan adlı oğlan uşağı kişinin qucağından götürdü. Ayağa qalxanda ermənilər atəş açıb onun qucağındakı uşağı öldürdülər. Elə anlar olurdu ki, yanında durub nəsə deyəndə qəfildən açılan güllə başının bir tərəfini aparırıdı. Gözümün qarşısında neçə adamın başını kəsdilər, yandırdılar”,- deyə müsahibim bu vəziyyəti görməyin çox dəhşətli olduğunu deyir.

Gün ərzində ancaq su verirdilər

Müsahibim deyir, girov götürüləndən sonra qadınların hamısının qızıllarını aldılar. Dəfələrlə öldürmək istəsələr də, aralarında danışıb fikirlərindən daşındılar.

“Bizi Əsgərən rayon həbsxanasına apardılar. Həbsxananın qarşısına çatanda bizi sıra ilə yerə uzatdılar, əhali daşla hücum etdi. Sonra oradan bizi həbsxanaya saldılar, orada ancaq əsirləri saxlayırdılar. Mən də iki gün kişilər olan kabinədə qaldım. İki gün sonra məni qadınlar olan kabinəyə apardılar. Orada qaldığım müddətdə girovlara su aparırdım. Hər gün bizə səhər-axşam bir vedrə kəmşirin çay, bir vedrə adi sudan başqa heç nə vermirdilər. Suyu hərbçilər olan yerdən gətirirdim. Bir dəfə su gətirmək üçün gedəndə erməni hərbçilər içkili idi və mənə azərbaycanca söyüş söyməyə başladılar. Daha sonra öldürmək istədilər. Amma yanımdakı növbətçi qoymadı, məni bir otağa saldı. O otaqda iki qadın var idi, bişirdikləri yeməyin ətindən mənə iki tikə verdilər. Əvvəl yemək istəmədim.

“Öz heyvanınızın ətindən ye”,- deyəndən sonra bir az da kövrəlib yedim. Sonra da bir parça çörək verdilər, amma onu yemədim. Çünki əsirlər arasında məndən balaca uşaqlar var idi. Fikirləşdim ki, əti mən yedim, çörəyi onlara apararam. Onu pencəyimin cibinə qoydum, bir hissəsi çöldə qaldı. Qayıdanda erməni hərbçilər qabağımı kəsdilər. Çörəyi cibimdən çıxarıb dedilər ki, 5-ə qədər sayırıq yeməsən səni öldürəcəyik. Bunu deyib, silahı başıma tuşladılar. Uşaq idim, qorxurdum, ona görə də çörəyi tez yeməyə çalışdım. Amma 5 saniyəyə yeyə bilməzdim və uda bilmədim. Çörək ağzımdan yerə töküldü, onlar məni ölümcül hala salanadək döydülər. Günlərlə özümə gələ bilmədim”.

Hər gecə bir neçə girovu öldürürdülər

Müsahibim girovluqda qalmağın hər an dəhşətli olduğunu deyir. Amma bununla yanaşı, heç unutmadığı anlar da var.

“Hər gecə döyüşdən qayıdan ermənilər bir neçə girov seçib öldürürdülər. Bizim saxlandığımız otaqda işıq olmurdu. Erməni hərbçilər içəri girəndə qapının yanında kim var idisə, əl atıb götürürdülər. Biz həmin gecə kimin aparıldığını ancaq səhəri gün bilirdik. Mənimlə birlikdə girovlara su gətirən Dürdanə adlı qız var idi. Məndən 4-5 yaş böyük olardı. Günümüz birlikdə keçirdi. Ailə üzvlərinin heç birindən xəbəri yox idi, məni özünə çox yaxın hesab edirdi. Bir gün məndən xahiş etdi ki, onu aparmağa gəlsələr, qoymayım. Silahlı ermənilərin qarşısında 15 yaşlı biri necə dayana bilərdi? Dürdanəni aparmağa gəlsələr, ermənilərə nə deyib qoymayacaqdım deyə düşünürdüm. Bir gün həmin an çatdı. Erməni hərbçilər komandirin otağını təmizlətmək üçün onu aparmaq istədilər. Bu zaman Dürdanə gözlərində qorxu ilə mənə baxdı. O an nə deyəcəyimi bilmədim. Dürdanə girov götürülməmişdən əvvəl ayağından yaralanmışdı. Onlara qızın yaralı olduğunu və iş görə bilməyəcəyini dedim. Bunu demişdim ki, onlar məni döyməyə başladılar və Dürdanəni apardılar. Azad olana qədər bir də onu görmədim. Bir neçə il sonra təsadüfən Bakıda avtobusda qarşılaşdıq. O, məni görən kimi tanıdı. Amma həmin gün barədə heç nə danışmadıq”.

“Oğlumun qəbrində başını kəsəcəm”

7 gün girovluqda qalan müsahibim dəfələrlə ölümlə üzləşdiyini deyir. Ancaq onlara nəzarət edən şəxslər buna icazə vermir. Onlar da azərbaycanlıları sevdikləri üçün deyil, sadəcə məcburiyyətdən bunu edirdilər. Çünki onları ermənilərlə dəyişəcəkdilər.

“Girovluğa düşənə kimi nə qədər adam gözümün qarşısında öldürüldü, yandırıldı. Onların əksəriyyətini tanıyırdım. Bu, çox dəhşətli idi. Girov düşəndə ermənilər həmin meyitləri bizə göstərib, tanıyıb-tanımadığımı soruşurdular. Çoxunun üzü elə yanmışdı ki, tanımaq mümkün deyildi. Tanımadığımı deyəndə daha da qəzəblənib məni döyürdülər. Yanımda ana və iki qızını döydükləri günü heç unuda bilmirəm. O ana-balalar bir-birinə elə sarılmışdılar ki, hərbiçilər onları ayıra bilmirdi. Əlavə 3 nəfər də çağırdılar, onları döyərək apardılar. Sonra onlardan xəbərim olmadı. Həmin gecə bizi dəyişəcəklərini dedilər. Bir erməni hərbçi məndən neçə yaşım olduğunu soruşdu. 1978-ci il təvəllüdlü olduğumu biləndə dedi ki, onun mənim yaşımda oğlu azərbaycanlıların atdığı raket zərbəsindən ölüb. Məni pulla aldığını və bir gün oğlunun qəbrinin üstündə başımı kəsəcəyini deyirdi. Hər gün gələndə məni döyüb gedirdi. Girovluqdan azad olunduğum gün də onun gəlib məni aparacağından çox qorxurdum”.

Yeddi gün sonra, ona da azad olacağı xəbərini verirlər. Amma o gün də asan keçmir.

“Altı nəfər qalmışdıq. Gecə saat 4:00-da bizi aparmağa gəldilər. Maşına mindiyimiz yerdə erməni hərbçiləri toplanmışdı. Maşına minmək istəyəndə məni geri çağırdılar. Məndən Xocalıdakı silah ehtiyatı barədə soruşdular. Onlara uşaq olduğumu və bu barədə heç nə bilmədiyimi deyəndə döydülər. Ağdamla sərhəddə bizi dəyişdilər. Azad olanda bir ağdamlı oğlanın evində qaldım, sonra atamı tapdım.

Anamı qardaşımla bacımın gözü qarşısında öldürmüşdülər. Bacımgil anamı qoyub gəlmək istəməsə də, ərtafdakılar onları güclə ayırmışdı. Bir gün qamışlıqda suyun içində qalmışdılar. Kinolarda da hadisələri nə qədər olduğu kimi təsvir etməyə çalışsalar da, yaşadıqlarımızın hamısını canlandıra bilməzlər. Ən dəhşətli filmdən belə daha dəhşətli idi”.

Anasını, dayısını, bibisini, dayısı oğlunu, bibisi qızını, əmisini, xalasının yoldaşını - ümumilikdə 16 yaxın qohumunu itirib.

Girovluqda yaşadığı əzab və işgəncələr səbəbindən nevroz xəstəliyi tapıb. Bütün həyatı məhv olan müsahibim nə normal təhsilini davam etdirə bilib, nə də uzun müddət özünə gələ bilib.

“Artıq yaddaşım pozulmuşdu. Uzun müddət başımda ağrılar oldu. Müalicə aldım. Bir sözlə, azad olsam da, bütün həyatım məhv oldu. Ailə qurdum, indi onlar üçün çalışıram. Amma başıma o qədər zərbələr vurulub ki, yaddaşımda problemlər var. İndi qızım mənim girovluqda olduğum yaşdadır. Yaşadıqlarımı danışanda çox kövrəlir. O vaxtlar özümü uşaq kimi görmürdüm, indi düşünürəm ki, uşaq yaşımda o hadisələri görmək və sonra yaşamaq çox dəhşətli idi”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR