AMEA-nın Elmi Kitabxanasında Arif Paşayevin 80 illik yubileyi münasibətilə sərgi açılıb
Bizi izləyin

Qırmızı.az

AMEA-nın Elmi Kitabxanasında Arif Paşayevin 80 illik yubileyi münasibətilə sərgi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, Dövlət mükafatı laureatı, akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji, ictimai fəaliyyətindən bəhs edən sərgi açılmışdır.

Publika.az AzərTAc-a istinadən məlumat verir ki, sərgidə görkəmli alim, akademik Arif Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında oçerklər, onun elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və Mərkəzi Elmi Kitabxananın hazırladığı "Biblioqrafiya", xeyli sayda elmi əsərləri, o cümlədən alimin həmmüəllifi olduğu "Radiaktiv və kosmik şüalar", "Bərk cisimlər fizikası", "Aeronaviqasiyada kartoqrafik proyeksiyalar", Aviasiya elektron sistemlərinin element və qurğularına aid "Elektronikanın əsasları", "Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi" və s. kitablar nümayiş etdirilir.

Xatırladaq ki, Arif Paşayev 1966-cı ildə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi, 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

Görkəmli alim fizika elminin aktual problemlərinə dair geniş tədqiqatlar aparmış, orijinal, proqram təminatlı eksperimental qurğu yaratmışdır.

Akademik Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi almışdır.

Hazırda Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə də böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə Azərbaycan aviasiyası üçün milli kadrlar - təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər hazırlanır.

Akademik Arif Paşayev elmi nailiyyətlərinə görə yüksək mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə görkəmli alim Arif Paşayev səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm