• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qadın səsi çıxmasın deyə körpəni döşünə elə sıxdı ki...” – Xocalıda qan donduran anlar - FOTOLAR

“Qadın səsi çıxmasın deyə körpəni döşünə elə sıxdı ki...” – Xocalıda qan donduran anlar - FOTOLAR

Erməni xisləti, məkri, erməni vəhşiliyi ötən əsrdə dəfələrlə özünü büruzə verdi. İyirminci yüzilliyin ayrı-ayrı mərhələlərində yaranmış əlverişli şəraitdən maksimum yararlanan bədnam qonşularımız əsrin sonuncu onilliyində Xocalıda uşaqları, qadınları və qocaları qətlə yetirərək insani hisslərdən məhrum olduqlarını bir daha sübuta yetirdilər. Həmin vaxt baş vermiş qırğınların canlı şahidi, Xocalı sakini Ceyhun Ələkbərov Publika.az-a müsahibəsində faciənin ən ağır məqamlarından söhbət açdı:

“O boyda şəhərdə cəmi 70-80 avtomat vardı”

Mən Xocalıda dünyaya gəlmişəm, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Həmin vaxt 15 yaşım vardı. Ermənilər hər gün mövqelərimizi atəşə tutur, inanılmaz vəhşiliklər, qəddarlıqlar törədirdilər. Xocalı elə bir məkanda yerləşirdi ki, Qarabağın açarı rolunu oynayırdı. Düşmənin əsas məqsədi şəhəri işğal etmək, onu azərbaycanlılardan təmizləmək idi. Çünki Xocalı həm də ermənilərin sıx yaşadıqları qəsəbələri bir-birindən ayırırdı. Əsgəranla Xankəndini, habelə digər yaşayış məskənlərini. Onlar 5 kilometrlik məsafəni qət etmək üçün 30 kilometr yol qət etməli olurdular. Bu səbəbdən yaşayış məskənini ələ keçirmək onlar üçün əsas məqsəd idi.

Sakinlərin cəmi bir zirehli maşını vardı. Silah-sursat isə çatışmırdı. Xocalı yerli sakinlərin və Milli Ordunun azsaylı əsgərlərinin ümidinə buraxılmışdı. Fevralın əvvəllərindən etibarən vəziyyət hər gün daha da çətinləşirdi. Şəhəri əvvəllər də hər gün müxtəlif çaplı silahlardan atəşə tuturdular. Amma fevralın 25-də atəş daha da çoxaldı. Düşmənin toplarının, tanklarının və digər zirehli texnikalarının, ağır silahlarının qarşısında aciz qalmışdıq.

Fevralın 25-dən 26-a keçən gecə ilk olaraq qaz kəsildi. İşıq çoxdan yox idi. Əvvəllər hava əlaqəmiz vertolyotlarla idi. Amma son vaxtlar bu əlaqə də kəsilmişdi. Neçə ay idi ki, sakinlər özlərinin ərzaq ehtiyatları ilə dolanırdı. Axşam saat 10-da ermənilər bütün qüvvələrini bizə qarşı yönəltdilər. Atam, qohumlarım həmin gecə postlarda növbə çəkir, şəhəri müdafiə edirdilər. Ümumiyyətlə, Xocalıda əli silah tutan hər kəs döyüşürdü. O cümlədən atam Vəkil Ələkbərov da. Dayılarım da Xocalının müdafiəçiləri sırasında idilər. Çünki hər kəs öz yurdunu, evini, ailəsini qorumaq məcburiyyətində idi. İki döyüşçüyə bir silah verilmişdi. Həmin silahlardan da biri ov tüfəngi idi. Hər silaha cəmi 2-3 daraq mərmi düşürdü. O boyda yaşayış məskənində 75-76 avtomat vardı. Bu silahlarla 2500-3000 sakini olan Xocalını qorumaq mümkün idimi?

“Xocalıda Milli Ordumuzun cəmi 21 əsgəri vardı”

Xocalının müdafiəçiləri əsasən iki hissəyə bölünmüşdülər - könüllülər və Milli Ordunun əsgərləri. Xocalı sakinlərindən ibarət dəstəyə Milli Qəhrəman Tofiq Hüseynov rəhbərlik edirdi. O, atamın xalası oğlu, eyni zamanda, bibimin həyat yoldaşı idi. Milli Ordumuzun şəhərdə cəmi 21 əsgəri vardı. Milli Qəhrəman Aqil Quliyev yaralanmışdı. Onu meşədə 2-3 əsgərimiz çiyinlərinə alıb aparırdı. Səhv etmirəmsə, Aqil bundan əvvəlki ağır döyüşlərdə yaralanmışdı. Onu müalicə üçün Ağdama gətirmək istəyirdilər. Mən Aqili meşədə xərəkdə gördüm. O da bu müdhiş gecəni sakinlərlə birlikdə qarşılamalı oldu.

Yollar bağlı idi. Biz dağ yollarını tanımırdıq. Çünki onlardan heç vaxt istifadə etməmişdik. Həmin yollara ancaq bir-iki nəfər bələd idi. Təəssüf ki, həmin yollar da erməni kəndlərinin arasından keçirdi.

Mərmilərdən xilas olmaq üçün bütün ailələr həyətyanı evlərin zirzəmilərinə, alt mərtəbələrinə toplaşırdı. Bəzən qohumların hamısı bir yerdə cəmləşirdi. Qadınlar, uşaqlar bir damın altına sığınırdılar. Kişilərin hamısı isə növbə ilə postlara çıxırdı. Axşam saat 10-da ermənilər iriçaplı silahlardan atmağa başladılar. Evimiz yolun kənarında olduğundan Xocalıdakı yeganə zirehli maşınımızın gediş-gəlişi səsini eşidirdik. Gecə saat 1-in yarısı olardı. Xocalının Qala dərəsi adlanan yeri vardı. Zirzəmidən baxanda gördük ki, həmin yer tamamilə alova bürünüb. Bizim evin yaxınlığında fin evləri yerləşirdi. Həmin evlərə Xankəndidən və Ermənistandan çıxarılmış azərbaycanlılar yerləşdirilmişdi. Ermənilər həmin evləri də yandırmışdılar. Elə bildik, ermənilər sadəcə əraziləri bombalayırlar. Ağlımıza da gəlməzdi ki, onlar torpaqlarımızı işğal etməyə cürət edərlər.

“Nənəm dedi ki, gedin, burda qalmayın”

Atam gəlib xəbər verdi ki, ermənilər Xocalıya giriblər. Cəmi bir-iki post alınmamış qalmışdı. Düşmənin əsas məqsədi Xocalını mühasirəyə alıb dinc sakinlərin hamısını qətlə yetirmək idi. Biz evimizin zirzəmisindən çıxdıq. Şəhərin aşağı ərazisində yaşayan nənəmgilə getməyi qərara aldıq. Həmin gün yanımızda olan digər nənəmin ayaqları tutulmuşdu. Yollar bağlı idi deyə onu müalicə üçün heç yerə aparmaq mümkün deyildi. Xocalının bir hissəsində beşmərtəbəli bina vardı. Orada Xankəndidən qovulmuş sakinlər məskunlaşmışdı. Həmin binanın zirzəmisinə qocalar, ahıllar yerləşdirilmişdi. Nənəmi ora gətirdik. Səhərin açılmasını gözləyirdik. Elə bilirdik ermənilər geri çəkiləcək. Artıq gecə saat 3 radələri olardı. Milli Ordunun bir neçə əsgəri beşmərtəbəli yaşayış binasının üstünə çıxıb müdafiəyə hazırlıq işlərinə başlamışdı. Ermənilər hər yeri yandıra-yandıra gəlirdilər deyə əsgərlərimiz istəyirdilər ki, heç olmasa, qocaların sığındığı binanı müdafiə etsinlər.

Mən həmin gecə nənəmin gözlərində gördüyüm o ümidsizliyi heç zaman görməmişdim. O, üzünü övladlarına tutub dedi ki, siz gedin, burda qalmayın. Amma baxışlarından başa düşdüm ki, nənəm övladlarının onu qoyub getmələrini istəmir. Nənəmi beşmərtəbəli binaya yerləşdirdik. Bu günədək ondan xəbər yoxdur. Digər nənəm isə meşədə yaralandı. Onu Ağdamda dəfn etdik.

Dedilər ki, camaatı meşəyə aparmaq lazımdır. Fevralın soyuq günləri olmasına baxmayaraq, səhər saat 4-də çayı üzüb keçdik. Təxminən 150-200 nəfərlik dəstə idi. Dəstəmizin üzvlərinin hamısı uşaqlar, qadınlar, bir də yeriməyi bacaran qocalar idi. Bizi heç kim qorumurdu. Ətrafımızda bircə nəfər belə əli avtomatlı döyüşçü yox idi. Məndə bircə dənə təklülə ov tüfəngi vardı. Onun da lüləsini yıxılmamaq üçün o qədər yerə vurmuşdum ki, ermənini görəndə güllə atmaq istəsəm də, atəş açılmadı. Elə yaxşı ki, atəş açılmadı. Onun içi buzla doluydu. Əgər atəş açılsaydı, mərmi tüfəngin içində qalacaq, güllə özümü zədələyəcəkdi.

“Qətlə yetirilənlər arasında 3-4 yaşlı uşaq da vardı”

Öldürülən öldürülmüş, yaralanan yaralanmışdı. Hərə bir tərəfə dağılışmışdı. Artıq heç kim soyuğu, şaxtanı hiss etmirdi. Gördük ki, hamı meşədə qatar kimi düzülüb. Qarşıda isə bir bələdçi vardı. O da uzaqda idi deyə üzü görünmürdü. Kətik dağına qalxanda pusquya düşdük. Ermənilər bizi atəşə tutdular. Bir neçə şəhid verdik. Düşmənin qətlə yetirdiyi əliyalın sakinlər arasında 3-4 yaşlı uşaq da vardı. Hər kəs geri çəkilməyə məcbur oldu. Biz özümüzün təxmin etdiyimiz tərəfə - Ağdama doğru istiqamət aldıq. Tərəddüd içindəydik. Bu yolun bizi hara aparacağını bilmirdik. Artıq səhər saat 5 olardı. Xeyli irəliləmişdik. Üç saat getdikdən sonra uzaqdan bir erməni postunu gördük. Aramızdan bələdçi gedib həmin postu müşahidə edib qayıtdı. Gələndə dedi ki, oradan olduqca sakit, səssiz keçmək lazımdır. Gərək uşaqlar, xüsusən körpələr səslərini çıxarmasınlar. Dəstədəki 6-7 aylıq bir uşaq çox ağlayırdı. Anası nə qədər istəsə də, onu sakitləşdirə bilmədi. Qadın səs salmamaq üçün körpəni döşünə elə sıxmışdı ki, uşaq anasının sinəsində boğulub öldü. Biz postu keçəndən sonra qadın “körpəm keçindi” deyə ağlamağa başladı.

Gəlib düz yola, düzəngahlığa çıxdıq. Meşənin ayrı-ayrı yerlərindən xeyli mülki sakinin olduğu digər dəstələr də çıxdı. Qurumuş kiçik bərənin, arxın içi ilə addımlamağa başladıq. Onun içi o qədər dayaz idi ki, əyilib gizlənsək belə, güllə bizi tutacaqdı. Elə bu an gördük ki, hər tərəfdən erməni tankları, PDM-lər və digər zirehli maşınlar çıxdı. Onlar atəş aça-aça camaatın üstünə qaçmağa başladılar. Aramızdakı məsafə təxminən 2 kilometr olardı.

“Qaçanda ayağımızın altında qalan ölülərin qarnından, sinəsindən buğ çıxırdı”

Əvvəl elə bildilər ki, bizdə silah var, atəş açacağıq. Amma onlara atəş açan kimsənin olmadığını gördükdə daha da azğınlaşdılar. Camaat arxın içi ilə qaçışmağa başladı. Səhər saat 9-un yarısı olardı. Xeyli insan şəhid oldu. Təsəvvür edin, qaçanda ayağımızın altındakı qarın içində qalan öldürülmüş, yaralanmış insanların qarnından, sinəsindən, başından, üzündən buğ çıxırdı. Qarın altı insan bədənləri, ət idi. Hər kəs qaçıb canını qurtarmağa çalışırdı. O anda kiminsə həyatını xilas etmək yada düşmürdü. Aclıqdan, yorğunluqdan əldən düşmüş insanların yaralıları, ölənlərin meyitlərini daşımağa gücləri də yox idi. Qaçan mülki sakinlərin özlərinin taqəti qalmamışdı. Meşədən çıxan dəstələrin arasından bizə əlində silahı olan adamlar da qoşuldu. Lakin bu qüvvə düşmənin güclü zirehli texnikasına və şəxsi heyətinə ciddi müqavimət göstərə biləcək gücdə deyildi.

Ermənilərin açdığı atəş nəticəsində 110-120 sakin həmin düzəngahlıqda şəhid oldu.

Camaat Xocalıdan çıxmışdı, amma Milli Ordunun əsgərləri və könüllülər düşmənə müqavimət göstərirdilər. Ermənilər elə zənn edirdilər ki, qəsəbəyə uçan vertolyotlar bizə silah daşıyır. Elə buna görə hücumdan əvvəl bir az tərəddüd etmişdilər. Bəzi sakinlər döyüşçülərimizin köməyi ilə mühasirədən çıxa bilmişdilər. Əks təqdirdə, itkilərimizin sayı 2-3 dəfə artıq olardı.

“Öldürülmüş qadınlardan biri anamın əmisi qızı, digəri bibimdir”

Soyqırım nəticəsində ümumilikdə 40-a yaxın qohumum qətlə yetirildi. İki bibimi Xocalıda itirdim. Onlardan biri iki övladı ilə itkin düşdü. Atam da bibimin meyitinin fotosunu gördükdə çox sarsıldı.

Xocalıda öldürülmüş qadının və uşağın rus jurnalisti Viktoriya İvleva tərəfindən çəkilmiş fotosunu, yəqin ki, hamınız görmüsünüz. Həmin şəkli bir neçə il bundan əvvəl gördükdə sarsıldım. Öldürülmüş qadınlardan biri mənim anamın əmisi qızı, digəri bibimdir. Onun belindəki uşaq isə oğlu Çingizdir. Uşağı elə anasının kürəyində güllələmişdilər.

Digər bibimin həyat yoldaşı, Milli Qəhrəman Tofiq Hüseynov isə yaralanmışdı. Döyüşçü yoldaşının sözlərinə görə, Tofiq Hüseynov ona deyib ki, mən addımlaya bilmirəm, sən get. Döyüşçü yoldaşı onu meşədə ağır yaralı uşaqla qoyub, kömək gətirmək üçün getmişdi. Yaralı uşağı isə meşədə tapmışdılar. Ermənilər Tofiq Hüseynovu əsir götürmək istədikdə artıq uşaq dünyasını dəyişibmiş. Düşmən bibimin yoldaşına təslim olmağı təklif edib. Bildiriblər ki, onu öldürməyəcəklər, yaxşı pula, ya da neftə satacaqlar. Ermənilər ona yaxınlaşanda Tofiq Hüseynov qumbaranı partladaraq 3-4 düşmən əsgərini məhv edib və özü də şəhid olub.

Böyük çətinliklə düşmən gülləsindən xilas ola bildik. İndi bu anları təkrarən yaşamaq, xatırlamaq çox ağırdır.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR