Xocalı faciəsinin şahidi: “Kəsilmiş başları əsirlərə yedizdirirdilər ” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Xocalı faciəsinin şahidi: “Kəsilmiş başları əsirlərə yedizdirirdilər ” - FOTOLAR

“Faşistlər belə uşaqlara, ağ xalatlı insanlara atəş açmırdı. Amma ermənilər o qədər quduzlaşmışdılar ki, birinci körpə uşaqlardan başladılar. Bələkdə olan uşaqları tikə-tikə doğradılar, yaşlı insanlara işgəncə verdilər. Meyitlərin qulaqlarını, burunlarını kəsir, gözlərini çıxarır, başlarının dərisini soyurdular. Bu, tarixdə görünməyən, yerə-göyə sığmayan dərddir. Bu dərd bizim sinəmizdən getməz.

Bunu nə yuxuda görmüşəm, nə də kitabdan oxumuşam. O dəhşəti özüm yaşamışam, gözlərimlə görmüşəm”.

Söhbətimiz boyunca bu ifadələri bir neçə dəfə təkrarlayır. Bəlkə də, heç bunun fərqində də deyil. Danışır, danışır, bir neçə dəqiqə susur, ağlayır, yenə davam edir. Çox sual verə bilmirəm. Çünki suallarım onu sanki yuxudan oyadır. Bu zaman əvvəl danışdıqlarını unudur.

Həyat yoldaşını, bacısını, bacısının üç oğlunu və bir qızını, ümumilikdə 50-yə yaxın qohumunu bir gecədə itirən qadın - Xocalı sakini Mehriban Əliyeva Publika.az-a danışır.

Ölü bildiyimiz uşaq sağ idi

“Elə bir günü olmur ki, evdə Xocalıdan danışmayaq, ağlamayaq. Fevral ayı gələndə isə elə bil qaranlıq zülmətə düşürük, sümüklərimiz də göynəyir. Xocalı haqqında çəkilən filmlər, kitablar həmin dəhşətin kiçik bir hissəsini göstərir. Onu ancaq yaşayanlar bilər.

O meşədə olanları, o anlarda yaşananları ancaq xocalılar görə bildi, kameralar, jurnalistlər ancaq meşədən Ağdama çıxan yerdə olan faciəni çəkə bildil. Nə qədər körpəni donmuş halda qoyub gəldik. Ağdamda məsciddə bir uşaq dəfn üçün yuyulanda özünə gəldi. Meşədə necə donmuşdusa, onu ölü bilmişdilər. Bəlkə də, qalanlar arasında da belələri var idi”.

Müsahibim fevralın 26-dan əvvəlki günləri belə xatırlayır:

“Xocalı faciədən əvvəl də mühasirədə idi. Hər gecə atışma olurdu. Kişilər səngərdə, qadınlar da arxada döyüşürdü. Onlar evlərində olan son çörəyi də əsgərlər üçün göndərirdi. O illərdə sakinlər ac-susuz, aylarla zirzəmilərdə yaşadı. Hər gecə atəş səsləri ilə yatır, atəşlə oyanırdıq. Özümüzü müdafiə etmək üçün yatanda qapının arxasına dəmir, daş parçaları qoyurduq.

Səhər həyəti süpürəndə bir vedrə patron yığırdım. Bu qədər atışma olsa da, bir gün Xocalını tərk edəcəyimiz ağlımıza gəlmirdi. Ermənilər bizim qapımızda ayran, şor almaq üçün növbəyə dururdular. Çörəyimiz yeyib, onlar bizə nə edə bilərdi? Yoldaşım səngərdə olurdu. Yəqin o, belə bir hücumu hiss etmişdi. Amma heç vaxt bizi qorxutmazdı. Əksinə, hər dəfə ermənilərin cılız millət olduğunu, bizə heç nə edə bilməyəcəklərini deyirdi. Bəzən onun fikirli halda üzündə yaranan ifadədən qorxurdum. Elə bil o ifadə dəhşətli faciəni əks etdirirdi”.

Neçə ailə gözümün qarşısında kül oldu

Həmin gecə də yoldaşı əsgərlərin yanında, özü isə övladları ilə birlikdə evin zirzəmisində olub.

“Həmin gün bir səssizlik var idi. Gecə saat 11-də şəhəri dörd tərəfdən yandıraraq hücuma keçdilər. 366-cı alayın əsgərləri əvvəl əraziləri yandırır, arxadan isə bir qrup erməni oynaya-oynaya, mahnılar oxuyaraq, nəşələnmiş halda gəlirdilər. Onlar insanlıqdan çıxmış halda idilər. Kişilərlə yox, əliyalın insanlarla döyüşür, uşaqları, qocaları işgəncələrlə öldürürdülər. Həmin vaxt postda duran əsgərlərin silahı da az idi. Onlar erməninin, rusun silahının qarşısında tab gətirə bilməzdilər. Elə ailələr oldu ki, bir nəfər evdən sağ çıxmadı. Gözümüzün qarşısında kül oldular.

Həmin vaxt Bakıda Tibb Universitetində oxuyan iki qızım da Xocalıya gəlmişdi. Hətta qızlarımdan biri ailəli idi, 2 aylıq körpəsi vardı. Oğlum isə yeddi yaşında idi. Hər gün atəş, silah səslərindən oğlum kiçik yaşlarında sarsıntı keçirmişdi. Ona görə də, birinci qrup əlildir. Həmin gecə də sakinlər evlərin zirzəmisində qalmışdı. Yoldaşım səngərdə idi, mən uşaqları başıma toplayıb zirzəmidə oturmuşdum. Birdən qonşumuz gəldi, vəziyyətin çətin olduğunu, hamının Xocalını tərk etdiyini dedi. Uşaqlarımla birlikdə meşəyə doğru qaçırdıq, bir-birimizdən xəbərsiz”.

Meyitləri əsirlərə yedizdirirdilər

Müsahibim deyir, həmin gecə sanki təbiət də xocalılar üçün ağlayırdı. Göydən qar yox, qan yağırdı. İnsanlar evdən ayaqqabısız çıxmışdılar. Saatlarla meşədə qalanların ayağı donmuşdu. Ona görə də neçə-neçə qızlarımızın ayağı kəsildi. Ölümlərin əsas səbəbi, insanların paltarsız olmaları idi.

“İnsanlar bu vəhşilərin əlindən xilas olmaq üçün yol axtarırdılar. Əlacı kəsilmiş insanlar üzünü Qarqar çayına tutdu, buzlu çayı yararaq, Kətik meşəsinə tərəf getdilər. Naxçıvanik istiqamətində isə ermənilər tələ qurmuşdular. Qaraqaya xocalılar üçün qanlı qaya oldu. Xocalıların başına ən dəhşətli faciə məhz orada gətirildi.

Gözümüzün qarşısında neçə-neçə hamilə qadının qarnının, uşaqların qollarının, ayaqlarının necə kəsildiyini gördük. İnsanları parçalayaraq deyirdilər ki, “Ağdama gedirsiniz, orada qəssab çoxdur, aparın istifadə edin, orada satın”. Meyitlərin başını, qolunu kəsib, gözlərini çıxarırdılar. Kəsilmiş başları qazana yığıb bişirir, Əsgəranda əsir saxladıqları insanlara yedizdirirdilər. Bundan həzz alırdılar”.

5 qızı və bir oğlu ilə düşmən əlindən xilas olmağa çalışan müsahibim həyat yoldaşından heç bir xəbər ala bilməyib.

“Vəziyyət elə idi ki, hər kəs öz canının hayında idi. Ana baladan, ata ailəsindən xəbərsiz idi. Həmin gecə yoldaşım Həsənov Şöhrət uşaqları, yaşlı insanları çaydan keçirərkən ermənilərlə qarşılaşır. Onlar yoldaşımdan silahını atıb, təslim olmağını tələb edib. Amma o, razı olmayıb. Deyib ki, təslim olmayacağıq, son nəfəsimizə qədər döyüşüb, qız-gəlinlərimizi sağ-salamat buradan çıxaracağıq. Sonra isə Ermənilər həmişəki kimi, hiyləyə əl atıb, Ağdamdan kömək gətirdiklərini deyiblər. Əlbəttə, onlara inanmayıblar. O, çox ziyalı insan idi, bir neçə xarici dil bilirdi. Ermənilər başına pul qoymuşdu. Yoldaşım ancaq silah götürüb döyüşmürdü. O, yaşlı insanlardan imza toplayırdı, ermənilərin tarixən azərbaycanlıların başına açdığı oyunlarla bağlı yazılar yazırdı. Hələ hadisələr bu həddə çatmamışdan qabaq ona deyirdilər ki, səni öldürsək, elə bilərik Dağlıq Qarabağın arxivini yandırmışıq.

“Ata, haradasan?” deyib elə qışqırırdı ki

Ş.Həsənov insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vurulub. Bəlkə də, ona kömək edilsəydi, sağ qalardı. Rayon sakinlərindən biri ona yaxınlaşıb aparmaq istəyib. Amma o razı olmayıb.

“Məndən keçib, gözlərimə qaranlıq çöküb. Məni qoyun, qadın və qızların düşmən əlinə keçməsinə imkan verməyin. Əsgərlərimizə də deyin, mənim meyitimi düşmən əlində qoymasın”, - deyib son nəfəsini verib.

Yoldaşının bu sözü ona çatdırılan andan Mehriban xanım və böyük qızı günlərlə meşədə onu axtarır.

“Qızım “ata, haradasan?” deyib elə qışqırırdı ki, o səs hələ də qulağımdan getməyib. Bizə elə gəlirdi ki, o, bizə cavab verəcək. Amma iki ayağını itirmiş bir insan köməksiz necə sağ qala bilərdi? Sanki biz bu gerçəkliyi dərk etmirdik. Bizimlə birlikdə yüzlərlə Xocalılı da meşədə yaxınlarını axtarırdı. İnsanların harayı göyə qalxmışdı.

Günlərlə Ağdamda qalıb yoldaşımı axtardıq. Artıq əlimizi üzdük. Martın 21-də onu meyitlərin arasından tapdıq. Yaralı halda qarın içində günlərlə qaldığına görə, onu üzündən tanımaq mümkün deyildi. İllərdir birlikdə yaşadığım adamı ancaq paltarından tanıya bildim. Bu, çox dəhşətlidir”.

Meyit elə halda olub ki, ona torpaqla qüsul veriblər. Ş.Həsənov Şəhidlər Xiyabanında dəfn olunur. Həyat yoldaşı bununla da onun ikinci arzusunu həyata keçirmiş olur.

“Bacım oğlu, qızım, mən və xalam oğlu ilə maşına qoyub onu Bakıya gətirdik. Çünki Şəhidlər Xiyabanında dəfn olunmaq onun arzusu idi. Televizorda 20 Yanvar şəhidlərinin dəfn mərasimini göstərəndə o, “necə də gözəl yerdir, üzü dənizə baxır” demişdi. Onun meyitini götürəndə o sözlər ağlıma gəldi. Onun cənazəsini qəbiristanlığa çiynimdə apardım və dəfn etdik, özünün istədiyi kimi”.

Bunları deyən müsahibim göz yaşlarına boğulur.

“Bəzən şəklinə baxıb qınayıram onu. Axı məni niyə tək qoydu? 5 qız, bir azyaşlı oğlunu gözüyaşlı qoyub köçdü bu dünyadan. Ondan bizə qalan soyuq məzar və aldığı “İgidliyə görə” medalı oldu”.

Ananın gözü qarşısında balasını öldürdülər

Mehriban xanım o gecə təkcə yoldaşını iyirməyib.

“Oğlum birinci qrup əlil oldu, bir bacımın yeddi övladını, yoldaşını öldürdülər. Bacım isə buna dözmədi, ürəyi partladı. Bir bacımın 13 yaşlı qızı 22 ildir əsirdir, atası bu dərdə dözməyib öldü, bacım yataq xəstəsidir. Başqa bir bacım əlildir, digər bacımın isə 7 yaşlı qızını, yoldaşını öldürdülər. Bacımın yoldaşını öldürərkən, qızı atasına tərəf qaçdı, elə oradaca atəş açıb uşağı vurdular. Bir bacımın oğlunun başına eyni “Dədə Qorduq” dastanındakı hadisə gətirilib. Onu donuz fermasına salıb, anasının, bacılarının gözü qarşısında tikə-tikə doğrayıblar. Oğlu deyib, “ana gözünü yum, mən adlı oğlun yoxdur, səs çıxartmayın sizə toxunarlar”. Ananın gözü qarşısında balasını öldürmək necə bir dəhşətdir, təsəvvür etmək olmur. Bunların heç biri insanlığa layiq hərəkət deyil. Bunlara dözmək olmur”.

Dərdinə yeganə təsəllini torpaqlarımızın işğaldan azad olunmasında görür.

“Yalnız o zaman şəhidlərimizin qanı yerdə qalmaz”.

Gülxar Şərif

Fotolar Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm