Ailədə qız uşaqlarını artırmaq üçün nəzərdə tutulan güzəştlər realdırmı?
Bizi izləyin

Qırmızı.az

Ailədə qız uşaqlarını artırmaq üçün nəzərdə tutulan güzəştlər realdırmı?

“Azərbaycanda hər ailədə doğulan qız uşaqlarının sayına görə valideynlərin pensiya yaşı 5 ilədək azaldıla bilər”.

Publika.az xəbər verir ki, bu təlkiflə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” hazırlandığını deyən V. Bayramovun sözlərinə görə, proqramda olan fəaliyyətlər müxtəlif qurumlar tərəfindən razılaşdırılıb. Bu istiqamətdəki fəaliyyətlərdən biri də Azərbaycan ailələrində qız uşaqlarının sayının artımına nail olmaqla bağlıdır. Məqsəd ailədə qız uşaqlarının sayını çoxaltmaqdır.

Azərbaycanda hər 100 qız uşağına 116 oğlan uşağının düşdüyünü deyən ekspertin sözlərinə görə, bizdə bir çox hallarda ikinci qız uşaqları ana bətnində tələf olunur:

“Biz təklif edirik ki, ailədə olan qız uşaqlarının sayına görə valideynlərin pensiya yaşı azaldılsın. Əgər iki qız uşağı varsa, bu zaman valideynlər qanunvericilikdə müəyyənləşdirildiyindən 3 il əvvəl pensiyaya çıxsınlar. Üç qız uşağı varsa, 5 il tez pensiyaya çıxmaq hüququ əldə etsinlər. Bu da valideynlərədə stimul yaratsın ki, qız uşaqlarının sayının artırılmaqda maraqlı olsunlar. Bununla bağlı məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) və Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında müzakirə aparılacaq”.

V. Bayramovun sözlərinə görə, digər bir məsələ isə ailədə doğulan hər ikincı qız uşağına görə banka 10 min manta depozitin yerləşdirilməsilə bağlıdır: “Həmin təşəbbüsə əsasən, ikincı qız uşağı doğularkən onun üçün hesab açılacaq və oraya 10 min manat vəsait köçürüləcək. Bu o deməkdir ki, hər doğulan qız uşağı dövlət büdcəsindən 10 min manat depozit alacaq. Həmin pulu uşaq orta məktəbdə oxuduğu müddətdə təxminən 12-13 yaşına kimi hissə-hissə xərcləmək imkanına mailk olacaq. Bu məbləğ hər birinci qızdan sonra doğulan hər qız usage üçün köçürüləcək. Vəsaitin ailənin sosial vəziyyətindən asılı olmayaraq bütün ailələrə verilməsi nəzrədə tutulub”.

Artıq bu təklif əmək və Əhalinin Soalial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilib və proqrama daxil edilib. Ekspertin sözlərinə görə, layihə qəbul olunandan sonra əvvəlki illərdə doğulan və məktəb yaşı çatmayan uşaqlar da nəzərə alınacaq. Çünki əsas məqsəd ailədə qız uşaqlarının sayının artımına nail olmaqdır. V. Bayramovun sözlərinə görə, bu həm selektiv abortların qarşısını alacaq, həm də məşğulluğun təmin edilməsi baxımından müəyyən problemləri aradan qaldıracaq.

Digər bir təklif isə qız uşaqlarının sayına görə gəlir vergisinə güzəştin tətbiqiylə bağlıdır.
V. Bayramovun sözlərinə görə, əgər ailədə 2 və daha artıq qız uşağı varsa, həmin vlideynlərin gəlir vergisi azaldıla bilər. Lakin bu təklif hələ qəbul edilməyib və proqrama daxil olunmayıb.

Sadalanan məsələlərlə bağlı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin də mövqeyini öyrəndik. Millət vəkili Publika.az-a bildirib ki, bu gün pensiya yaşının azalmasına ehtiyac yoxdur:

“3 il bundan öncə demoqrafik vəziyyət elə idi ki, oğlan uşaqlarının xeyrinə meyllənmə var idi. Məsələn o vaxt hər 100 qız uşağına 110/112 oğlan uşağı doğulurdu. Amma 100/105 nisbəti normal sayılır. Bizdə də bu 100/107-108-ə nisbəti səviyyəsindədir. Əgər bu nisbət 100/112-115-ə olarsa və bunu keçərsə, təhlükəli ola bilər”.

Ailədə doğulan ikincı qız uşağına görə 10 min manta vəsaitə gəlincə, millət vəkili bildirdi ki, bu məsələ Milli Məclis və ya hökumət səviyyəsində müzakirə olunmayıb: “O fikri mən ortaya atmışam. Bu onunla bağlı olub ki, əgər biz demoqrafik prosesləri tənzimləmək istəyiriksə, uşaqların cinsinə görə abortunun qarşısının almaqdan ötrü qız uşaqlarının doğulmasını stimullaşdıran addım kimi bu təcrübədən istifadə edə bilərik. Bu, mənim subyektiv fikrim olub. Amma hökumətin bununla bağlı heç bir planı yoxdur”.

M. Quliyev həmçinin bildirdi ki, məsələnin gələcəkdə layihəyə salınması da real deyil: “Azərbaycanda demoqrafik səviyyə təhlükəli həddə gəlib çatsaydı, onu etmək olardı. Amma indi doğulan qız uşaqlarıyla oğlan uşaqlarının nisbəti 5%-i keçmir. Selektiv abortların qarşısını başqa yollarla almaq olar”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm